Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:49

«Bənənyardakı hadisələri Cəbhənin üstünə atmaq istəyirlər»


Naxçıvanda müxalifət fəallarının toplantısı, 28 may 2009
Naxçıvanda müxalifət fəallarının toplantısı, 28 may 2009
- Belədə insanlıq olar? Hamısı maskalı, kötəkli. Belə qeyrət, namus varsa niyə Qarabağı azad etmirlər? Qadınları qarın üstündə sürüdülər. Qadına belə münasibət olar? Budur Azərbaycan qadınına münasibət?…

Bunu Culfa rayon Bənənyar kəndindən adının çəkilməsini istəməyən bir qadın deyir.

BƏNƏNYAR HƏLƏ DƏ MÜHASİRƏDƏDİR


Sakinlərin sözlərinə görə, kənd hələ də mühasirədədir. Bənənyar kəndinin giriş və çıxışına postlar qoyulub. Ancaq kəndin özündən polis qüvvələri çıxarılıb. Üstəlik, həbs edilənlərdən bəziləri yanvarın 6-da azad edilib. Həmin şəxslərin deməsinə görə, saxlanma müddətində onlara qarşı zorakılığa yol verilib. Əsasən də onlardan hazırda özü və oğlanları həbsdə olan AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin əleyhinə ifadələr almağa cəhdlər göstərilib. Belə məlumatları AXCP Naxçıvan şöbəsinin sədri Asəf Quliyev də təsdiq edir:

«BAŞ VERƏNLƏRİN MƏSULİYYƏTİNİ XALQ CƏBHƏSİNİN ÜSTÜNƏ ATMAQ İSTƏYİRLƏR»


- İndi bu hadisələri Cəbhənin üstünə atmaq istəyirlər. Rza Nuriyev haqqında da cinayət işi qaldırılıb, tutulanlardan ona qarşı ifadə alırlar. Guya bütün bunları əvvəlcədən Xalq Cəbhəsi təşkil edib…

Bənənyar kəndində polislə ilk toqquşma Aşura mərasimində baş verib. Kənd sakinlərinin deməsinə görə, mərasim iştirakçılarından bəzilərini polisə apararaq döyüb təhqir ediblər. Hətta bəzilərini lüt soyundurub qarın üstündə xüsusi amansızlıqla döyüblər. Tutulanlardan birinin oğlu Yunis Əliyev də məhz bütün bu özbaşınalıqlara etiraz olaraq özünü yandırmaq məcburiyyətində qalıb. Kənd sakinlərinin deməsinə görə, Yunis Əliyev hazırda Təbrizdə «Sina» xəstəxanasında müalicə olunur. Bu məlumatı İranın «Səhər» kanalı da təsdiq edib.

Yunis Əliyevin bacısı isə AzadlıqRadiosuna deyib ki, hazırda qardaşının vəziyyəti yaxşılığa doğru dəyişməkdədir:

- Yunisin özü ilə danışmamışıq. Onun vəziyyəti ağır idi. Bu gündən vəziyyəti yaxşılaşmağa başlayıb. Başqa adamlarla danışmışıq.

AXCP-nin Naxçıvan təşkilatının sədri Asəf Quliyev isə deyir ki, Bənənyar kəndində Yunis Əliyevin öldüyü və dəfninə imkan verilmədiyi haqda şayiələrin yayılması göstərir ki, doğrudan da hadisələri gərginləşdirməkdə maraqlı qüvvələr var. Ancaq həmin qüvvələrin kimliyi ilə bağlı indi dəqiq fikir söyləməyə çətinlik çəkir.

TUTULANLAR «BÖYÜK GÜC»DƏ SAXLANILIR?

«Azadlıq» bloku bəyanat verərək Bənənyar kəndində baş verənlərə kəskin etirazını bildirib
Asəf Quliyevin deməsinə görə, tutulanlardan 25 nəfərə yaxını hələ də Naxçıvan yaxınlığındakı «Böyük güc» təcridxanasında saxlanılır. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həm həbs, həm də polisdəki zorakılıqlarla bağlı iddiaları təkzib edir. Baş verənlərlə bağlı Ombudsman Aparatı da Naxçıvan Daxili İşlər Nazirliyinə rəsmən müraciət edib. Ancaq aparatdan verilən məlumata görə, hələ ki, onlara hər hansı bir cavab verilməyib.

Baş verənlərlə bağlı rəsmi qurumlar hələ ki, sussalar da artıq müxalif qüvvələrdən etirazlar eşidilməkdədir. Yanvarın 6-da bir neçə müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku bəyanat verərək Bənənyar kəndində baş verənlərə kəskin etirazını bildirib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Bənənyar kəndinin sakinlərinin üzləşdiklərini cinayət adlandırıb:

«TƏQSİRKARLAR CƏZALARINI ALMALIDIRLAR»


- Bu, vəhşilikdir, bu, cinayətdir. Və bu cinayətin sifarişçiləri, icraçıları cəzalarını almalıdırlar. Görünür, hakimiyyət cəmiyyətdə hər hansı bir müqavimət istəmir və onu beşikdəcə boğmaq niyyətindədir.

Ancaq İsa Qəmbər düşünür ki, hakimiyyətin repressiv tədbirləri gec-tez bumeranq effekti doğuracaq. Nəticədə bu vəziyyətdən ən çox ziyan çəkən də onların özləri olacaq.
XS
SM
MD
LG