Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Vəzifəlilər məhkəmədə ifadə verirlərmi?


«Qanunvericiliyə əsasən, kimliyindən asılı olmayaraq - prezidentdən tutmuş adi vətəndaşa kimi hər kəs məhkəmədə şahid qismində ifadə verməlidir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələlər keçmir»
«Qanunvericiliyə əsasən, kimliyindən asılı olmayaraq - prezidentdən tutmuş adi vətəndaşa kimi hər kəs məhkəmədə şahid qismində ifadə verməlidir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələlər keçmir»
Azərbaycan məhkəmələrində yüksək rütbəli şəxslərin ifadə alınması üçün proseslərə dəvət edilməsi nə qədər yayılıb?

Fikirlərini öyrəndiyim vəkillərin heç biri fəaliyyətləri dövründə belə bir halı xatırlamırlar. Misal üçün «GEN» MMC tikinti şirkətilə bağlı məhkəmədə zərərçəkənlərin hüquqlarını müdafiə edən Vidadi İsgəndərov deyir ki, o dəfələrlə prosesdə vəsatət qaldırıb ki, cinayət işində adı hallanan üç icra başçı və digər rəsmi şəxslər məhkəməyə dəvət edilsin, amma hər dəfə bu vəsatət rədd edilir.

Belə ki, cinayət məsuliyyətinə cəlb edilən şirkət rəhbəri Elbrus Əliyev ev tikmək üçün vətəndaşlardan aldığı pulların xeyli hissəsini üç icra başçısına və müxtəlif vəzifəli şəxslərə verdiyini iddia edir və onların bir-bir adını da çəkir.

Hüquq müdafiəçisi deyir ki, vəsatət rəsmən rədd edilsə də, ona qeyri-rəsmi bildiriblər ki, məhkəmə icra başçılarını prosesə dəvət etmək gücündə deyil. Bunun üçün Prezident Administrasiyasından razılıq olmalıdır. Amma ölkə qanunvericiliyində bu məsələdə hər hansı ayrı-seçkilik nəzərdə tutmur:

«Qanunvericiliyə görə, kimliyindən asılı olmayaraq - prezidentdən tutmuş adi vətəndaşa kimi hər kəsin məhkəmədə şahid qismində ifadə verməsi nəzərdə tutulub. Çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələlər keçmir».

«VƏZİFƏLİ ŞƏXSLƏRİN MƏHKƏMƏDƏ İFADƏ VERMƏSİLƏ BAĞLI XEYLİ FAKTLAR VAR»

Məhkəmə Hüquq Şurasının üzvü Akif Əhmədov isə səslənən bu fikirlə razı deyil. Onun sözlərinə görə, bu gün Azərbaycan məhkəmələrində yüksək rütbəli şəxslərin ifadə verməsilə bağlı çoxsaylı faktlar var və bu faktların üstündən keçib onları təkzib etmək məsələyə düzgün yanaşma deyil:

«Şahiddir gəlməlidir, nə ixtiyarı var ki, gəlməsin. Əgər həmin ifadənin sübut üçün, iş üçün əhəmiyyəti varsa kimliyindən asılı olmayaraq hər kəs məhkəməyə gəlir. Deyilənlər həqiqətəuyğun deyil».

HAKİM İKİ YOLDAN BİRİNİ SEÇMƏLİDİR

Vəkil Vüqar Xasayev isə deyir ki, kimin hansı mövqeyi müdafiə etməsinə baxmayaraq, əgər məhkəmə işində adı çəkilən şəxs yüksək ranqlı məmurdursa, onu məhkəməyə dəvət etməkdə hakim də gücsüzdür, prokuror da. Bu səbəbdən də vəkil hesab edir ki, Azərbaycanda rəsmən müstəqil qurum hesab olunsa da məhkəmələr qədər hüquqsuz, müdafiəsiz bir qurum yoxdur.

Vüqar Xasayeva görə, icra hakimiyyətindən asılı olan hakimlər yaxşı bilirlər ki, yüksək vəzifəli şəxsləri, icra başçılarını məhkəməyə çağırmaqla özlərinə problem yarada bilərlər. Onun sözlərinə görə, əgər yüksək rütbəli məmur onu məhkəməyə çağıran hakimin tabe olduğu qurumun rəhbərinə şikayət edirsə və rəhbərlik də hakimə göstəriş verirsə, onda hakim nə etməlidir? Vəkilə görə, bu halda hakimin qarşısında iki yol var, ya o, rəhbərliyin göstərişinə əməl etməlidir, ya da əməl etməyib vəzifəsindən getməlidir. İndiki halda ikinci yolu seçmək nə deməkdir, onu hakimlər çox yaxşı bilirlər.

PROBLEMLƏ ÜZLƏŞMƏK İSTƏMƏYƏN HAKİMLƏR HANSI METODDAN İSTIFADƏ EDİR?

Vəkil deyir ki, gələcəkdə özlərinə problem yaratmamaq üçün hakimlər yaxşı bir yol tapıblar. Belə ki, onlar vəzifəli şəxslərin məhkəməyə çağırılmasıyla bağlı müdafiəçilərin qaldırdıqları vəsatətlərini ümumiyyətlə qəbul eləmirlər.

Hazırda həbsdə olan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkillərindən Ramiz Məmmədov isə deyir ki, Azərbaycanın məhkəmə praktikasında vəzifəli şəxsin məhkəmədə dindirilməsi halı o zaman mümkün olur ki, bu, yuxarıların marağına xidmət eləsin. O buna misal da çəkir. Vəkil deyir ki, DİN-in sabiq əməliyyat müvvəkkili Hacı Məmmədovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun Fərhad Əliyevin sifarişilə qətlə yetirilməsi barədə dediyi bir cümləyə dərhal reaksiya verildi:

«Bir cümlə demişdi, dərhal da reaksiya verildi. Amma biz proseslərdə görürük ki, dəfələrlə istənilən şəxslərlə bağlı təkzibolunmaz faktlar səslənir, amma buna reaksiya çox zəif olur».

Vəkillərə görə, ümumiyyətlə, Azərbaycanda vəzifəli şəxslər şahid qismində məhkəməyə dəvət olunmalarına çox pis baxırlar. Bu səbəbdən hətta məhkəmələr vəzifəli şəxsin şahid qismində məhkəməyə gəlməsilə bağlı vəsatəti təmin etsə də, həmin vəzifəli şəxs müxtəlif yollarla bu çağırışdan yayınır.

Hüquq müdafiəçisi Vidadi İsgəndərova görə, vəzifəli şəxslərin şahid qismində məhkəməyə dəvət olunmamsının kökündə onların yuxarılarla qohumluq əlaqələri və ya hansısa nazirin adamı olması əsas rol oynayır.

Vəkillər deyirlər ki, vəzifəli şəxslərin məhkəməyə dəvət olunması nadir hadisə olsa da, adi vətəndaşların prosesə polis gücünə gətirilməsi ilə bağlı xeyli faktlar var.
XS
SM
MD
LG