Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

«Ağır Cinayətlər» ünvanını dəyişir...


Məhkəmənin yeni inzibati binasının tikintisi davam edir
Məhkəmənin yeni inzibati binasının tikintisi davam edir
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin yerləşdiyi binaya hər gün çoxlu adam toplaşır. Bura yolu düşənlərin dərdinin ağırlığını təsəvvür etmək üçün elə məhkəməmnin adına baxmaq bəsdir. Bu insanların dərdinə daha bir qayğı əlavə oluna bilər. Məhkəməyə gedib-gəlmək qayğısı.

«QAYNAR QAZAN»

Məhkəmə salonlarında əyləşib prosesləri izləyirlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə jurnalistlərlə yanaşı hüquq müdafiəçilərinin də mütəmadi baş çəkdikləri məkandır. Bu baxımdan jurnalistlər hər gün azı 20-25 məhkəmə prosesi keçirilən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməni «qaynar qazan» adlandırmaqda heç də yanılmayıblar.

Hökumətsə məhkəmənin inzibati binasını şəhərin mərkəzindən çıxarmaq fikrindədir. Məhkəmə binasının tikintisi üçün Zabrat-Kürdəxanı yolunun üstündə - yeni istifadəyə verilmiş Bakı İstintaq Təcridxanasının yanında sahə ayrılıb. Bu il mayın 29-da prezident Bakı İstintaq Təcridxanasının açılışında iştirak edərkən Ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısını tikiləcək yeni inzibati binanın eskizi ilə də tanış etdi.

Yüksək səviyyəli, Avropa standartlarına cavab verən məhkəmə binası vəd olundu. Bəs Avropa standartlarına cavab verən məhkəmə divarları arasında həyata keçiriləcək mühakimələr Avropanın bizdən tələb etdiyi standartlara cavab verə biləcəkmi? Bunun üçün ilk növbədə ictimai nəzarətə ehtiyac var, desək, yanılmarıq. Hüquqşünas İntiqam Əliyev deyir ki, məhkəmə gözdən uzaq olduqca onun üzərində ictimai nəzarət də zəifləyəcək:

İntiqam Əliyev
«Hesab edirəm ki, digər məhkəmələrin mərkəzdə olduğu halda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin şəhərin qırağına salınması faktiki olaraq bunun arxasında hansısa niyyətlərin durması barədə fikirlərin formalaşmasına gətirib çıxara bilər. Hökumət sadəcə olaraq bu cür işləri ictimai nəzarətinin olmaması üçün edir. Şəhərdəmi yer yoxdur, yoxsa bu ona görə belə edilir ki insanlar ora gedib çıxa bilməsinlər, jurnalistlər gedə bilməsinlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri gedə bilməsinlər. Cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır ki, hökumət bu cür işlərin üzərində ictimai nəzarətin həyata keçirilməsindən narahatdır, ona görə şəhərdən uzaqlaşdırır».

VƏKİLLƏR ÜÇÜN PROBLEM

Vəkil Osman Kazımov isə hesab edir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin mərkəzdən kənara köçürülməsi vəkillər üçün problemlər yaradacaq. Bu da vəkillik xidmətinin keyfiyyətinə mənfi təsirini mütləq göstərəcək:

«Təbii ki, bizim işlərimizi çətinləşdirir. Fəaliyyətimizlə əlaqədar müxtəlif vaxtlarda müxtəlif məhkəmələrdə oluruq. Həmin məhkəmələrin də bir çoxu elə mərkəzdə yerləşir. Ağır Cinayətlər Məhkəməsi də mərkəzdə olanda işlərimizi əlaqələndirə bilirik. Eyni zamanda müttəhimlərə yardım göstərilməsinin özündə də müsbət rol oynayır. Bizim vaxt baxımından imkanımız olur ki, işlərimizi yaxşı qura bilək. Böyük vaxt itkisinə məruz qalacağıq».

«QİYMƏT QALDIRIRSAN, VƏTƏNDAŞ MÜQAVİLƏ BAĞLAMIR»


Vəkil hesab edir ki, irihəcmli mühakimələr keçirilən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin kənara köçürülməsi müştərilərlə vəkillər arasında müqavilələrin bağlanmasında da problemlər yaradacaq. Belə ki, nəqliyyat və digər məsrəflər istər-istəməz müdafiə xidmətinin ən azı 3-4 dəfə artırılmasına səbəb olacaq. Bu da məhkəmə qarşısına çıxarılanların vəkil xidmətindən imtina etmələrinə səbəb olacaq.

Osman Kazımov
«Vəkil neyləyə bilər. Qiymət qaldırırsan, vətəndaş müqavilə bağlamır, deyir elə məhkəmə özü hər şeyi həll edir»-, deyə Osman Kazımov bildirib.

İCTİMAİ NƏZARƏT ZƏİFLƏYƏCƏK

Hazırda Ağır Cinayətlərə Dair Məhkəmədə jurnalistlərin öz aralarında «Texnikabank», «Arabulun işi», «GEN MMC işi», «Pakistan işi», «polis rəislərinin işi», «gimnaziya işi», «bələdiyyə sədrinin işi» adlandırdıqları bir neçə məhkəmə prosesi keçirilir. Qeyd olunan məhkəmə işləri ictimaiyyəti çox maraqlandırır.

Bəs görəsən məhkəmə yeni məkana köçürüldükdən sonra jurnalistlər maraqlı prosesləri necə izləyəcəklər? Məsələn, «Day.az» portalının məhkəmə yazarı Seymur Əliyev deyir ki, heç cür: «Məhkəmə yazılarının azalmasına səbəb olacaq. Əlçatmaz kimi olacaq bəzi məlumatlar».

«Bizim yol» qəzetinin məhkəmə yazarı Hacı İsmayılov da məhkəmə binası yeni məkana köçəndən sonra ictimai nəzarətsizliyin yaranacağını deyir:

«Məhkəmə yeni ünvana köçürüləndən sonra bizim problemlərimiz yaranacaq. Gedib-gəlmək problemi yaranacaq. İctimaiyyətin diqqətindən kənarda qalacaq proseslər».

«Yeni Müsavat» qəzetinin məhkəmə yazarı Elşən Balaxanlı deyir ki, Bakı İstintaq Təcridxanası 3 aydan artıqdır istifadəyə verilib, lakin təcridxana yaxınlığına heç bir marşrut xətti açılmayıb. Əliyüklü insanlar mərkəzi yoldan təcridxanayadək məsafəni piyada qət etməli olurlar. Əgər məhkəmə binası istifadəyə verilənədək nəqliyyat problemi aradan qaldırılmasa, vəziyyət çətin olacaq:

«Vətəndaşlar əziyyət çəkəcəklər, məhkəmələrdən reportajlar hazırlayan jurnalistlər, hüquq müdafiəçiləri əziyyət çəkəcəklər. Gedib-gəlmək problemi yaranacaq. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin fəaliyyəti ictimaiyyətin diqqətindən kənarda qalacaq».

2000-ci ildən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi adını daşıyan bu məhkəmə əvvəllər «Ali Məhkəmə» adlanırdı. Hələlik şəhərin mərkəzində - Bəşir Səfəroğlu küçəsində yerləşir. Burada ən siyasi məhkəmə proseslərindən nazirlərin mühakiməsinə qədər səs-küylü mühakimələr həyata keçirilib.
XS
SM
MD
LG