Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:24

Ədliyyə Nazirliyi seçkilərdə pozuntuların aşkarlanmasını istəmir?


Yasamal rayon Məhkəməsi, 31 avqust 2009
Yasamal rayon Məhkəməsi, 31 avqust 2009
- Mən indi bilmək istəyirəm ki, burada müstəsna hal nədən ibarətdir? Çünki qanunda yazılmayıb ki, Ədliyyə Nazirliyi kefi istəyəndə qeydiyyat prosesini 30 gün uzada bilər. Bu, yalnız müstəsna hallarda ola bilər. O müstəsna hal nədir? Müstəsna hal olub-olmayıb?

- Yəqin olub ki, vaxt uzadılıb da.

- Nədir o müstəsna hal?

- Mən indi burada deyə bilmərəm…

SMDTM «LAR» ŞƏKİLÇİSİNƏ GÖRƏ QEYDİYYATA ALINMAYIB?

Bu, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiayla bağlı Yasamal rayon Məhkəməsində gedən prosesdə tərəflərin qarşılıqlı dialoqu idi. Mərkəzin təsisçiləri hesab edirlər ki, Ədliyyə Nazirliyi onların qeydiyyat sənədlərini qanunsuz olaraq geri qaytarıb.

SMDTM Ədliyyə Nazirliyinə qeydiyyat üçün bu ilin fevralın 5-də müraciət edib. Nazirlik isə sənədlərə baxış müddətini əlavə olaraq 30 gün uzadıb. Bu il aprelin 29-da mərkəzə ünvanlanan cavab məktubunda qeydiyyat sənədlərinin geri qaytarılması iki iradla izah edilib. Birincisi, onlara bu təşkilatın təsis edilməsiylə bağlı protokol yox, qərar təqdim edilməliydi. İkincisi isə, «Qeyri hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında» qanunun adı düzgün yazılmayıb.

Söhbət orada «təşkilatları» sözünün «təşkilat» kimi yazılmasından gedir.

Mərkəzin vəkili İntiqam Əliyev dedi ki, hər iki irad elə bir əhəmiyyət kəsb etmir. Çünki protokolun özündə də təşkilatın təsis edilməsi ilə bağlı qərar əks edilir. Onun fikrincə, qanun adında «lar» sözünün olmadığına görə, bir təşkilatın qeydiyyatından imtina edilməsi isə sırf biabırçılıqdır:

ŞƏKİLÇİ DÜZƏLSƏ, QEYDİYYAT DÜZƏLƏR?

İntiqam Əliyevin fikrincə, qanun adında «lar» şəkilçisinin olmadığına görə, bir təşkilatın qeydiyyatından imtina absurddur
- Etibar müəllim, əgər biz o şəkilçini düzəltsək, yəni qanunun adında «lar»ı artırsaq, və protokolu qanunla əvəzləsək bizi qeydiyyata alacaqsız?

- Təbii ki, əgər orada başqa pozuntular aşkarlanmasa…

Ədliyyə Nazirliyinin nümayəndəsi Etibar Mustafayev dedi ki, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sənədlərinin geri qaytarılmasında qanunsuz heç nə yoxdur:

- Mən burada qəbahətli heç nə görmürəm. Görünür, həmin sənədlərə 30 gün ərzində baxmaq mümkün olmayıb ki, vaxt uzadılıb.

ƏDLİYYƏ NAZİRLİYİ SEÇKİLƏRDƏ POZUNTULARIN AŞKARLANMASINI İSTƏMİR?

Vəkil İntiqam Əliyev isə dedi ki, onlar məhkəməyə müraciət etməklə yanaşı sənədləri yenidən Ədliyyə Nazirliyinə göndəriblər. Hər iki irad da artıq aradan qaldırılıb. Ancaq yenə Ədliyyə Nazirliyi mərkəzi qeydiyyata almaqdan imtina edib. İntiqam Əliyev dedi ki, bu, artıq nazirliyin mərkəzi qeydiyyata almaq istəməməsinin açıq göstəricisidir:

- Nazirlik mərkəzə qarşı qərəzlidir. Məqsəd bu təşkilatı seçki monitorinqindən uzaqlaşdırmaqdır. Yəni sən niyə seçkilərin monitorinqini aparıb deyəsən ki, pozuntular var. Yəni de ki, pozuntular yoxdur, de ki, hər şey yaxşıdır. Məqsəd budur.

Məhkəmədə tərəflərin mövqeyi dinlənsə də, qərar oxunmadı. Hakim Raqib Qurbanov bildirdi ki, qərar sentyabrın 2-də açıqlanacaq.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə ötən il prezident seçkilərindən əvvəl qeydiyyatı ləğv edilən Seçki Monitorinq Mərkəzinin təsisçiləri eyni insanlardır. Həmin təşkilat ötən il prezident seçkilərində paralel səssayma sistemini həyata keçirmək istəsə də, qeydiyyatları ləğv edildiyindən bu baş tutmamışdı.
XS
SM
MD
LG