Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:45

Ana-bacı inqilabı


Tehranda Mirhüseyn Musəvinin tərəfdarları, 17 iyun 2009
Tehranda Mirhüseyn Musəvinin tərəfdarları, 17 iyun 2009
NƏ OBAMA, NƏ BUŞ, NƏ DƏ «TWITTER» VƏ YA «FACEBOOK»

Amerikada çoxları elə düşünür ki, İrandakı indiki etirazlara ilham verən Obamanın ABŞ prezidenti seçilməsi və çıxışları olub. Bəzilər düşünür ki, bu, əvvəlki prezident Buşun apardığı siyasətin nəticəsidir. Bir başqaları isə İrandakı kütləvi etirazların «Twitter» və ya «Facebook» kimi müasir internet texnologiyalarının sayəsində baş tutduğunu düşünür. Əslində isə bunların heç biri «qadın» faktoru qədər önəmli deyil. İrandakı indiki etirazların əsas hərəkətverici qüvvəsi və iştirakçısı məhz qadınlardır.

İrandan son xəbərlər
«Vaşinqton Post» qəzetinin iyunun 23-dəki sayında Ann Applebaum belə yazır. Yazarın fikrincə, İran qadınlarının hüquqları uğrunda uzun illər apardığı mübarizənin, qadın ictimai fəalların səssizcə apardığı maarifçilik və mübarizliyi aşılamaq fəaliyyətinin nəticəsində bu gün İranda milyonlarla insan qorxmadan ölkədəki hakimiyyətə «asi»lik nümayiş etdirə bilir.

İRAN İNQİLABININ ƏSAS HƏRƏKƏTVERİCİ QÜVVƏSİ QADINLARDIR

Bu gün İranın özündə və dünyada çoxları «Vaşinqton Post»un qadın yazarının bu fikirlərini bölüşür. Təkcə ona görə yox ki, bəzi aksiyalarda iştirak edən qadınların sayı kişilərin sayından çox olub. Təkcə ona görə yox ki, Tehrandakı aksiyalarda qadınlar kişilərlə bərabər xüsusi təyinatlı polisə qarşı mübarizə aparır, döyüləndə bir yerdə döyülür, hətta öldürülür də. Həm də ona görə ki, Tehranda bu gün gedən proseslərin lap əvvəlindən qadın izi, qadın iradəsi, qadın istəyi olub.

Ann Applebaum deyir ki, əslində, prezident Mahmud Əhmədinejadın iki əsas rəqibinin qadınlara daha çox azadlıq söz verməsi təsadüfi olmayıb. Əsas müxalifət namizədi Mir Hüseyn Musəvinin mitinqlərində, təşviqat kampaniyasında, hətta seçki plakatlarında xanımıyla birgə görünməsi də. Bütün bunlar onu göstərir ki, islahatçılar da ilk baxışdan məzlum görünə biləcək evdar İran xanımın necə «güclü» olduğunu əvvəlcədən biliblər.

«SEÇKİ SAXTALAŞDIRILSA, KÜÇƏLƏRƏ ÇIXIN» ÇAĞIRIŞINI QADIN ETMİŞDİ

Bu fikrə misal kimi, İranın Mühafizlər Şurasının rəhbəri, keçmiş prezident Haşemi Rəfsəncaninin xanımının seçki günü, səs verərkən verdiyi müsahibəni xatırlatmaq olar.

«Jurnalistin seçkidən sonra seçicilərə nəyi tövsiyə edərdiz» sualının cavabında Rəfsəncaninin xanımının cavabı qısa olub: «Seçki saxtalaşdırılsa, küçələrə çıxsınlar».

Eks-prezidentin xanımının etirazlarda iştirak edib-etmədiyi məlum deyil. Amma qızı Faizi Haşemi aksiyalara qatılıb və buna görə həbs də olunub.

ÜRƏYİNDƏN VURULAN NİDA ÜÇÜN CƏNAZƏ NAMAZI QILMAĞI DA QADAĞAN EDİBLƏR

Başqa bir misal. Tehrandakı 20 iyun etirazlarında snayper gülləsiylə ürəyindən vurulan Nida adlı gənc qızın videogörüntüləri bütün dünyanı dolaşır. Mavi cins geyən, dəyişiklik tələb edən bu gənc qız aldığı yaradan bir neçə saniyə içində başqalarının gözü qabağında keçinsə də, İrandakı azadlıq tərəfdarları üçün o artıq bir simvola çevrilib.

İrandakı hakim rejim də bunu bilir. Nidanı Tehrandakı «Behişti Zəhra» qəbiristanlığında dəfn etsələr də, rəsmilər onun ruhuna paytaxt məscidlərində cənazə namazı qılınıb, fatihə oxunmasını qadağan ediblər.


EVDAR QADINLARI BİR-BİR HƏBS EDİRLƏR

İranın polis rejimi Tehrandakı etirazlarda iştirak edən fəal qadınların axtarışını da davam etdirir. 42 yaşlı evdar Yasəmən də bu aksiyaların fəallarından olub. «Azadlıq» radiosuna telefonla deyir ki, indi evdə oturub gözləyirəm ki, nə vaxt mənim dalıma gəlib həbs edəcəklər: «Çünki onlar hamının dalıyca gəliblər, bir-bir axtarıb tapırlar».

Amma qəribəsi budur ki, 42 yaşlı evdar qadın bütün bunları deyir, və gülür də, «gəlsinlər də, mən qorxmuram».

İRAN QADINI HEÇ VAXT YAZIQ OLMAYIB

İrandakı qadın haqları fəalları deyirlər ki, Yasəmən, Nida kimi yüz minlərlə iranlı qadının küçələrə çıxıb, polislə savaşması, daş atması, haqqını tələb etməsi təsadüfi deyil. İran qadınlarının indiki prezident Əhmədinejadın gəlişindən sonra üzləşdiyi təzyiqlərə cavabı budur.

Tehrandan Zəhra Qulamipur deyir ki, İran qadınları tarixən məzlum kimi təqdim edilsələr də, hər zaman fəal olublar:

«İran qadını heç vaxt özünü yazıq saymayıb və ya kişilərdən əksik görməyib. Hətta inqilabdan sonra qadın haqlarının tapdanmasına baxmayaraq. Bu gün də biz görürük ki, qadınlar haqları uğrunda mübarizədə kişilərdən də öndə gedirlər».

KİŞİLƏRLƏ BƏRABƏRLİK ANCAQ DÖYÜLƏNDƏ MÜMKÜNDÜR

İrandakı islam inqilabından sonra hakimiyyətə gələn rejim islamı istədikləri kimi şərh edib, qadınlara kişilərlə bərabər haqlar verməyə daim etiraz edib. Ancaq iş döyülməyə gələndə, qadınlara da kişilərlə eyni gücü tətbiq edirlər.

İranda ötən həftəki etirazlardan çəkilən bir çox kadrlarda bunu görmək olurdu. Bir neçə kişi polisin qadın etirazçını təkləyib dəyənəklə döyməsi, elektroşokla keyitməsi, yerə yıxıb təpikləməsi kadrları dünyaya yayılıb.

Bəsic hərbçilərinə qarşı müqavimət göstərən, hətta polisin üstünə gedib, onların döydüyü kişiləri əllərindən almağa çalışan və ya polisə təpik atan qadınlar da var idi.

ANA-BACI İNQİLABI

Tehrandan hüquq müdafiəçisi Nəsrin Sötudinin sözlərinə görə, qadınlara qarşı bu zorakılığın səbəbi odur ki, rejim qadınlara qarşı amansızlıq göstərməklə həm də kişiləri qorxutmaq istəyir. Çünki onlar bilirlər ki, döyülən qadınlar kiminsə anası-bacısıdır. Amma unudurlar ki, məhz analarının, bacılarının, xanımlarının da qorxmadan öndə getməsi kişiləri daha da mübariz edir.

İRAN REJİMİ QADINLARDAN QORXUR. YOXSA, ÖLDÜRMƏZDİ


Odur ki, İrandakı qadın haqları fəalları deyirlər ki, budəfəki etirazlar bəlkə də bitəcək, amma İrandakı qadınların mübarizəsi bitməyəcək. Artıq İran qadınları ürəyindən vurulub-öldürülən gənc Nidaya xitabən, «Bizim Nidamız, bizim səsimiz» şüarını səsləndirirlər.

«Vaşinqton Post»un yazarı Ann Applebaum da yazır ki, son hadisələr də göstərir ki, İran rejimi qadınların bu açıqlamalarından və fəallığından çox qorxur. Qorxmasaydı, hətta öz dinlərinə zidd olduğunu bilə-bilə onları öldürməzdi. Mavi cins geyib, dəyişiklik tələb edən gənc Nidanı ürəyindən vurduğu kimi.

hadisələrin xronologiyası
XS
SM
MD
LG