Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

İran azərbaycanlılarının susqun üsyanı


Tehranda iğtişaşlar
Tehranda iğtişaşlar
«Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi!». Bu şüar iyunun 13-də Təbrizdəki mitinqdə səslənib. İran azərbaycanlıları paytaxt Tehranda təkrar seçkilər keçirilməsini tələb edənlərə münasibətlərini bu cür bildiriblər. Yenə də prezidentliyə namizəd, əslən azərbaycanlı Musəviyə dəstək vermədən, seçki məsələsinin üstündən keçərək və sadəcə, Azərbaycançı şüarlar səsləndirməklə. Amma gözləmək olardı ki, İrandakı azərbaycanlılar prezidentliyə namizəd Musəviyə ilk gündən dayaq duracaq, Təbrizdə, Ərdəbildə və başqa böyük şəhərlərdə dəstək mitinqləri keçirəcəklər. Amma olmadı. Azərbaycanlılar Musəvidən incikdirlər. Səbəb haqda az sonra…

ÇÖHRƏQANLI: «TƏBRİZ QIRAQDA QALMAMALIDIR!»

Bu arada isə özünü Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlandıran təşkilatın lideri Mahmudəli Çöhrəqanlı İrandakı azərbaycanlılara ikinci dəfə müraciət edib, ölkədəki vəziyyəti «inanılmaz həssas və kritik» adlandırıb. Onun fikrincə, İrandakı azərbaycanlılar hadisələri düzgün qiymətləndirmirlər. Və Çöhrəqanlı azərbaycanlıları etiraz aksiyalarında iştiraka çağırıb:

«Təbriz və bütün Güney Azərbaycan oturmamalıdır. Bu kritik, tarixi və həssas durum həmişə olmayacaq.
Mahmudəli Çöhrəqanlı
Baxın, bütün dünyanın gözü İrandadır. Biz qıraqda qalmamalıyıq…»

AZƏRBAYCANLILARIN ÜSYANI…

Bu müraciəti dəyərləndirən İran Azərbaycanındakı fəallardan biri Abbas Lisani isə bütün fikirlərə sayğı ilə yanaşdığını deyir. Amma əlavə edir ki, bu gün İranda qarşı-qarşıya duran iki cəbhə var - Əhmədinejadla Musəvi. Amma bu cəbhədən kənarda biri də var – azərbaycanlılar. Onlar etirazlarını susmaqla bildirirlər. Bu susqunluq əslində, kənardan, xüsusən də Tehrandan üsyan kimi başa düşülür:

«Bu, özü bir üsyandır. Bu da keçmiş təcrübəyə dayanır…»

Abbas Lisani fikrini bununla izah edir ki, adətən belə kütləvi aksiyalardan sonra zərərçəkən məhz azərbaycanlılar olur. Ona görə də, indi azərbaycanlılar hadisələrdən kənarda durmağa üstünlük verirlər. Eyni zamanda, Abbas Lisaniyə görə, digər millətlərin meydana çıxması bu gün savaşmaqda olan iki cəbhəni birləşdirə bilər. Bu da nəhayətdə milli haqlarını tələb edəcək üçüncü cəbhəyə zərbə endirməyə əsas verə bilər. Amma bununla belə:

«Biz heç kimi etiraz aksiyalarına qatılmağa və ya qatılmamağa çağırmırıq. Əgər üçüncü cəbhə -
Abbas Lisani
türklər, kürdlər, türkmənlər, ərəblər meydana girsə, öz milli haqları uğrunda savaş aparacaqlar».

«MUSƏVİNİN SƏHVİNİ TƏKRAR ETMƏYƏCƏYİK»

İranlı dindarlardan biri, Höccətülislam Əbdüləzim Əzimiqədim isə deyir ki, indiki məqamda Mir Hüseyn Musəvini meydanda tək qoymaq insafdan deyil. Amma əlavə edir ki, bu gün İranda insan haqları uğrunda savaş gedirsə, Azərbaycan davası bundan bir az yuxarıda durmalıdır. Tehranda isə bu məqamda azərbaycanlılardan dəstək gözlənir:

«Bu gün internetdə müzakirə olunur ki, Azərbaycan niyə Tehrandan geri qaldı, gərək birinci olaydı. Bunun cavabında deyə bilərik ki, üç il bundan əvvəl «İran» qəzeti Azərbaycan xalqına həqarət edəndə, indi Tehranda olanlar Təbrizdə azərbaycanlıların başına gəldi. Gənclər gülləbaran edildi. O zaman buna etiraz etdilərmi ki, bu gün Təbrizdən də intizarları ola…»

Əbdüləzim Əzimiqədim bununla belə, deyir ki, bu gün onlar Musəvinin və ya Kərrubinin səhvini təkrar etməyəcək, ona lazımi dəstək verəcəklər. Onlar insan hüquq müdafiəçilərinin və islahatçıların mübarizəsinə qıraqdan baxa bilməzlər. Üstəlik, Əbdüləzim Əzimiqədim Musəvini müsbət lider kimi xarakterizə edir:

Höccətülislam Əbdüləzim Əzimiqədim
«Hamı düşünürdü ki, dini rəhbər «mitinqləri bitirin» dəyəndən sonra Musəvi də dinməyəcək. Amma bir gün çəkmədi, o cavab verdi ki, rəhbər ağsaqqallıq etmək əvəzinə özünü ayrı cinaha verdi, milləti qan tökməklə təhdid etdi. Rəhbərə qarşı bu söz cəsarət tələb edir…»

Əzimiyə görə, bu hərəkətdən sonra Musəvinin dindarlar arasında dəstəyi nisbətən zəifləyə bilər, amma əvəzində dostlarının artması da istisna edilmir.

İsveçdə yaşayan azərbaycanlı Əsəd Sadiqi isə deyir ki, vaxtilə azərbaycanlıların işgəncə altında öldürülməsinə, onların haqq davasına göz yuman fars ziyalıları bu gün mövqelərini dəyişiblər:

«Onlar Musəviyə müraciət edirlər ki, gərək qeyri millətlərin hüquqlarını tanıya və hörmət edəsiz, onlar da bu hərəkata qatılsınlar. Yoxsa bu hərəkat məqsədinə çata bilməz…»

ABŞ-dan İran azərbaycanlılarına müraciət edən Çöhrəqanlı isə keçmişi unutmağa çağırır:

«Ay «fars faşizmi qiyamlarda, etirazlarda bizi dinləmədi, bizə önəm vermədi» kimi söhbətlər bu gün danışılmamalıdır. Demişdim sizə, Əhmədinejadla Musəvinin elə bir fərqi yoxdur. Amma bu gün bu mübarizə Əhmədinejadla Musəvinin mübarizə və münaqişəsindən çıxıb. Bu, rejimlə müxalifətdə olanların savaşıdır…»

Əbdüləzim Əzimiqədimsə deyir ki, Tehran etirazçıları tək qalmayacaqlar. Amma yenə də ehtiyatlı olacaqlar, onlar bu savaşda farslardan geri qalmasalar da, qabağa da keçməyəcəklər:

«Sabah qarpız yeyən qurtular, qabıq yeyən yox. Azərbaycan fəalları yenə həbsə düşə bilər, o birilər qıraqda qalar…»
XS
SM
MD
LG