Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:33

QHT-lər HT olmaq istəmir


QHT-lərin forumu
QHT-lərin forumu
Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi «QHT-lər haqqında» qanuna gözlənilən dəyişikliklərin qarşısını almaq üçün axıra qədər mübarizə aparacaq. Bu mövqe 100-dən çox QHT-nin iyunun 18-də keçirdiyi forumda bəyan edildi. Ancaq forumda QHT-lər arasında ciddi fikir ayrılıqlarının mövcud olduğu da ortaya çıxdı. Baxmayaraq ki, tədbirə qatılan bütün təşkilatlar qanuna təklif edilən dəyişiklərə qarşı olduqlarını gizlətmirdilər. Yalnız onlardan bəziləri elan edilən mübarizənin taktikası ilə razılaşmırdılar.

MİLLİ QHT FORUMU AKSİYALARIN KEÇİRİLMƏSİNİ İSTƏMİR

Milli QHT Forumunun prezidenti Rauf Zeyni dedi ki, kütləvi aksiyaların keçirilməsi hakimiyyəti daha da sərtləşdirə bilər:

«Mən düşünürəm ki, piketə heç bir vəchlə getmək olmaz. Bu yalnız işin ziyanına olacaq. Prezidentə, Milli Məclisə müraciət edilməlidir və bu müraciətə reaksiyaları gözləmək lazımdır».

Müdafiə Komitəsinin işçi qrupu təkliflər layihəsinin müzakirəyə çıxarıldığı vaxt Milli Məclisin qarşısında piket keçirilməsi haqqında qərar verib. Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda isə piketə icazə verilməyib.

MÜDAFİƏ KOMİTƏSİ HAKİMİYYƏTLƏ DANIŞIQLARI MƏNASIZ SAYIR

Forumun yekununda qəbul edilən bəyanatda isə piketin təxirə salınmasına heç bir lüzum olmadığı bildirilirdi. Müdafiə Komitəsi hakimiyyətlə danışıqları da mənasız sayır. İşçi qrupun üzvü Qubad İbadoğlu dedi ki, nə qədər ki, hakimiyyət «QHT-lər haqqında» qanuna dəyişiklik etmək niyyətindən əl çəkməyib etiraz aksiyaları qüvvəsində qalır:

«Bizə piket keçirməyə icazə verilmir. Hətta şəhər rəhbərliyi bir qədər də irəli gedib, bizə tövsiyə edir ki, sivil mübarizə aparın. Biz elə qanunun imkan verdiyi qaydada sivil, demokratik mübarizə aparmaq niyyətindəyik».

İSA QƏMBƏR KLASSİK XALQ CƏBHƏSİNİN BƏRPASINI İSTƏYİR

Forum iştirakçıları müzakirələrdə ən müxtəlif təkliflər səsləndirdilər. Müsavat partiyasının başqanı İsa Qəmbər dedi ki, hakimiyyət əvvəlcə siyasi qüvvələri susdurmağa çalışdı. Daha sonra jurnalistlərə qarşı repressiyalar başladı. Onun fikrincə indi isə 3-cü sektor susdurulur. İsa Qəmbər dedi ki, bütün küskünlükləri, kimin əhəmiyyətli, kimin əhəmiyyətsiz olması barədə müzakirələri bir kənara qoyub birləşmək lazımdır:

«Bugünkü forum iştirakçıları birgə bəyanat qəbul etsinlər ki, əgər bu təkliflər qəbul edilsə, biz xalq cəbhəsi formasında xalq hərəkatının bərpa edəcəyik».

AXIRINCI AŞIRIMDA…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə ölkədəki vəziyyəti «axırıncı aşırım» ifadəsi ilə dəyərləndirdi. Onun fikrincə indi ölkədə bütün demokratik qüvvələrin birləşməsi üçün çox unikal şərait yaranıb:
«Bu elə «axırıncı aşırım» olmalıdır. Artıq bundan o yana müdafiə səngəri qurmaq olmaz. Əks halda biz qeyri leqal mübarizəyə keçəcəyik. Elə burada hakimiyyətin repressiyalarını durdurmalı, onun totalitar cəhdlərinə son qoymalıyıq. Buna da yaxşı şərait var. Baxın avtoritar hakimiyyətlər nə vaxt çökür? O vaxt ki, nə cəmiyyətlə nə də beynəlxalq təşkilatlarla hesablaşırlar. Bu hakimiyyət də artıq ağ eləyib».

Millət vəkili Pənah Hüseyn isə dedi ki, bir neçə gün əvvəl qanun layihəsinin müzakirədən çıxarıldığı haqda yayılan şayiələrin arxasında xüsusi siyasət durur. O qeyd elədi ki, QHT-lər haqqında qanuna dəyişikliklər layihəsi parlamentin iyunun 19-da keçiriləcək iclasının müzakirəsindən çıxarılmayıb. Sadəcə bu məsələnin müzakirəsi gündəlikdə bir qədər arxaya keçirilib. Pənah Hüseynin fikrincə bunda iki məqsəd ola bilər: Ya layihəni günün sonuna saxlayıb müzakirəsiz qəbul etmək, ya da onu sonrakı iclasa saxlamaq istəyirlər.

Forum iştirakçıları bildirdilər ki, bu layihənin qəbul edilməsi həm QHT-lərin qeydiyyatsız fəaliyyətinə son qoyacaq, həm də onların qeydiyyat prosesini çətinləşdirəcək. Üstəlik ölkədə fəaliyyət göstərən bütün QHT-lər hökumətin iradəsinə tabe ediləcək.
XS
SM
MD
LG