Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Narazı QHT-lərin sayı artır


Milli QHT Forumun sədri Rauf Zeyni
Milli QHT Forumun sədri Rauf Zeyni
«Qeyri-hökumət təşkilatları haqqında» qanuna təklif edilən əlavə və dəyişikliklərin əleyhinə çıxanların sayı artdı. Bəzi müşahidəçilərin hökumətyönlü saydığı Milli QHT Forumu da bu təkliflərlə razılaşmır.

TƏKLİFLƏRİN HAZIRLANMASINDA TƏLƏSKƏNLİYİ YOL VERİLİB

Forumun sədri Rauf Zeyni «Azadlıq» radiosuna bildirir ki, bu təkliflər hazırlananda ölkədə fəaliyyət göstərən QHT-lərin, beynəlxalq təşkilatların ekspertlərinin də rəyləri öyrənilməli idi. Onun fikrincə, bu təkliflərlə müvafiq qanunvericilik və Konstitusiya müddəaları arasında uyğunsuzluq var:

«Bütün məqamlarda qeyri-hökumət təşkilatları bu təkliflərin hazırlanmasında tələskənliyə yol verildiyi qənaətindədir. O fikirdədirlər ki, bəzi müddəalar vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmağa yönədilib».

Milli QHT Forumunun İdarə Heyətinin bu təkliflərin əleyhinə yaradılmış Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin bəzi üzvlərinin iştirakıyla keçirdiyi fövqəladə iclasında qüvvələrin birləşdirilməsi qərara alınıb. Rauf Zeyni:

«Biz qərara gəldik ki, iyunun 18-də nəzərdə tutulan foruma bütün qeyri-hökumət təşkilatları qatılsın. Və məsələ birmənalı şəkildə Milli Məclisə müraciətlə yekunlaşsın».

«HƏLƏ BELƏ MÜRTƏCE QANUN LAYİHƏSİ OLMAYIB»

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvü, iqtisadçı Rövşən Ağayev deyir ki, Milli Məclisə göndərilən təkliflər QHT düşərgəsində heç kimin marağına uyğun deyil, ona görə də Milli QHT Forumu da başqa qeyri-hökumət təşkilatları kimi gələcəkdə onu gözləyən zərbəni indidən hiss eləyir:

«Burda təkliflərə «kim hakimiyyətə yaxındı, ona təsiri olmayacaq» yanaşması düzgün deyil. Çünki hər bir QHT az, ya çox bu təkliflər qanuniləşərsə, zərbəsini görəcək. İndiyə kimi siyasi partiyaların, medianın fəaliyyətiylə bağlı sərt qanunlar qəbul edilib, amma hələ bu dərəcədə anti-demokratik, mürtəce qanun layihəsi olmayıb».

Əvvəllər Bakıda işlədiyini deyən Erik adlı bir amerikalı bloqçu da Azərbaycanda «Qeyri-hökumət təşkilatları haqqında» qanuna təklif edilən dəyişiklikləri vətəndaş cəmiyyəti institutları üçün öldürücü hadisə adlandırır. O, özünün Bakıdakı iş təcrübəsinə əsaslanaraq qeyd edir ki, iyunun 19-da Milli Məclisdə müzakirə ediləcək bu dəyişikliklər Azərbaycandakı QHT-lərin ya hamısını, ya da böyük əksəriyyətini bağlamaq üçün kifayət qədər əsaslar yaradır. Onun fikrincə, dəyişikliklər qəbul olunarsa, onda Azərbaycanda beynəlxalq QHT-lərin hamısının sonu olacaq. Jurnalist yazır:

«Optimistlər deyə bilərlər ki, hökumət heç vaxt bu cür çaşqın və qəddar hərəkət edə bilməz.
Təəssüf ki, son illər ölkənin tarixinə baxsaq, bu avtoritar ölkədə demokratik elementlərin bir-bir məhv edildiyini görə bilərik».

İYUNUN 19-DA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ GÖZLƏNİR

Milli Məclisin üzvü, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyir ki, Şura onlara gələn müraciətlər araşdırılır və layihəni hazırlayan İşçi Qrupun rəhbəri Əli Hüseynovla müzakirə aparılır. Bundan sonra Şura layihəylə bağlı öz rəyini ictimaiyyətə açıqlayacaq. Azay Quliyev təkliflərlə razılaşmayan qeyri-hökumət təşkilatlarının fəallığını normal sayır, amma deyir ki, bu məsələ siyasi məcraya yönəlməməlidir, yəni hər hansı aksiya keçirilməsinə ehtiyac yoxdur.

Avropa Şurası iyunun 16-da yaydığı bəyanatda bu layihədən narahatlığını bildirir.

Parlamentdə isə qanun layihəsinin iyunun 19-da müzakirəsi gözlənir. Vətəndaş Cəmiyyətinin Mübarizə Komitəsi həmin gün Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
XS
SM
MD
LG