Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Azərbaycanda ilk dəfə: 130 ədəd mənzil sertifikatı buraxılıb


35 min dollarlıq mənzili sertifikat əldə etməklə 20 min dollara almaq mümkündür
35 min dollarlıq mənzili sertifikat əldə etməklə 20 min dollara almaq mümkündür

Əvvəlcədən sertifikat əldə etməklə mənzilləri nisbətən ucuz qiymətə almaq mümkündür, amma bu eyni zamanda mənzil satışında monopoliyaya da gətirib çıxara bilər


"Araz-96" tikinti şirkəti 130 ədəd mənzil sertifikatı buraxıb. Bu, hələlik Azərbaycanda ilk təcrübədir. Şirkətin hüquqşünası Nail Şahverdiyevin sözlərinə görə, onlar sertifikatların sayına uyğun olaraq Gəncə şəhərində yaşayış binası tikməyə hazırlaşırlar. Qiymətli Kağızlar Komitəsinin imzaladığı “Mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi haqqında” əsasnaməyə əsasən tikinti şirkətləri mənzil sertifikatlarını tikintiyə başlamazdan əvvəl buraxa bilərlər. Həmin sertifikatları bir növ binadakı mənzilə sahiblik hüququnu təsdiq edən sənəddir. Vətəndaş sertifikatı almaq üçün onu buraxan tikinti şirkəti ilə mənzilin qiymətini razılaşdırır. Həmin məbləğdə sertifikatın tam qiymətini bəri başdan ödəyir və beləliklə, özülü qoyulan andan həmin binadakı mənzilin sahibinə çevrilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Bazarının Tənzimlənməsi və Girov Əməliyyatları Şöbəsinin rəis müavini Anar Mərdanovun bildirdiyinə görə, mənzil sertifikatları buraxan tikinti şirkətləri həmin sertifikatları alan şəxslər qarşısında öhdəliklər götürmüş olurlar. Cənab Mərdanovun sözlərinə görə, mənzil sertifikatları ilə tikinti şirkətləri əvvəlcədən maliyyə çatışmazlığını aradan qaldırarsa, sertifikatı əldə edən vətəndaşlar da həmin mənzilin tam hüquqlu sahibinə çevrilir, yəni mənzil tikilməzdən əvvəl onun sənədi vətəndaşın əlində olur. Tikinti şirkətləri həm də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən həmin sertifikatları girov qoymaqla istənilən bankdan kredit götürmək şansını qazanır. Komitə rəsmisinə görə, mənzil sertifikatları girov obyekti kimi əhəmiyyətli sənəd hesab olunduğundan banklar tikinti şirkətləri ilə işləməyə, ipoteka kreditlərinin verilməsində maraqlı olacaq. Mənzil sertifikatının üzərində mənzilin nominal dəyəri, ünvanı, sahəsi və tikintinin başa çatma tarixi, bir sözlə bütün müqavilə şərtləri göstərilir. Anar Mərdanovun dediyinə görə, mənzil sertifikatı tikinti işləri başlamazdan əvvəl satıldığından hazır binada mənzil almaqla tikiləcək binadakı mənzilin sertifikatını almaq arasında müəyyən qiymət fərqi olur. Təxminən 35 min dollara satılan iki otaqlı mənzili tikintidən əvvəl “mənzil sertifikatı” əldə etməklə 20 min dollara almaq mümkündür. Amma Anar Mərdanov onu da əlavə edir ki, sertifikatın qiymətini hər tikinti şirkəti özü müəyyənləşdirdiyindən qiymətlə bağlı heç bir güzəşt olmaya da bilər.


Mənzil sertifikatının bir üstünlüyü də ondadır ki, əgər ata övlada, dost-dosta, fərq etməz kimsə bir-birinə ev bağışlamaq və ya satmaq istəyirsə onda tikintinin sona çatmasını gözləməyə ehtiyac yoxdur. Çünki “mənzil sertifikatı”nı hər vaxt satmaq, hədiyyə etmək mümkündür.


Anar Mərdanov onu da bildirir ki, mənzil sertifikatını tikinti şirkəti buraxdığından ilk növbədə onu elə həmin şirkətin özündən, eyni zamanda Qiymətli Kağızlar Bazarından, birjalardan əldə etmək olar.


“Araz-96” şirkətinin hüquqşünası Nail Şahverdiyev bildirir ki, əgər adi qaydada mənzil alanda mülkiyyətçi getdikcə qiymətləri qaldıra bilirdisə sertifikatlarla alınan mənzillərdə bu mümkün deyil.


“Mənzil sertifikatı”nın etibarlılıq müddəti onun nəzərdə tutulduğu binanın tikintisinin başa çatana və vətəndaş həmin sertifikatla mənzilini alana qədərdir. Eyni zamanda mənzil tikilərkən hər hansı qəza, yanğın və s. hadisə baş verərsə əlində sertifikat olan vətəndaş mənzilə sahiblik hüququnu itirmir. Bir sözlə tikinti şirkəti mənzil sertifikatını alan vətəndaş qarşısında müəyyən öhdəliklər götürür.


Amma burda müəyyən çatışmazlıqlar da var. Məsələn, “mənzil sertifikatları” imkanlı şəxslərin əlində cəmləşə də bilər və ya çirkli pullar hesabına bir və ya bir neçə nəfər tərəfindən alına və sonradan baha qiymətə satıla da bilər. Düzdür, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndəsi bunun elə də asan iş olmadığını deyir. Sertifikatların fəaliyyəti müəyyən əsasnamə çərçivəsində tənzimləndiyindən həmsöhbətim burda neqativ hallara yol veriləcəyinə inanmır. Amma bununla yanaşı Anar Mərdanov hesab edir, tikinti şirkətləri bütün hallarda buraxdıqları “mənzil sertifikatı”nın kimə satılmasında deyil, tam satılmasında maraqlıdırlar. Elə bu baxımdan da mənzil satışı tamamilə inhisara alına bilər. Bu zaman mənzilləri öz əlində cəmləşdirən şəxslər təqribən 25 min dollara aldıqları mənzil sertifikatını 30 min dollara və ya bundan da baha qiymətə sata bilər. İndi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu sahədə vəziyyətə nəzarət imkanlarını araşdırır.


Anar Mərdanovun sözlərinə görə, artıq bir neçə tikinti şirkəti də “mənzil sertifikatları” buraxmaqla bağlı Komitəyə müraciət edib və hazırda həmin sertifikatların qeydə alınması üzərində iş gedir.


Bu təcrübə Azərbaycanda yeni olsa da, Rusiyada artıq bir neçə ildir tətbiq olunur. Özü də özəl tikinti şirkətlərilə yanaşı hökumət də belə sertifikatlar buraxır.


XS
SM
MD
LG