Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

«Quş qripi» təhlükəsi aradan qalxıbmı?


Çöl quşlarının növbəti köçü sentyabr ayından başlayır
Çöl quşlarının növbəti köçü sentyabr ayından başlayır

Köçəri quşların gözlənən payız köçü ilə bağlı Dövlət Baytarlıq Xidməti respublika ərazisində yenidən monitorinqlərə başlayıb


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov köçəri quşların payız köçünün başlanacağı vaxt quş qripi xəstəliyini yenidən yayılması təhlükəsinin olduğunu bildirib. Elə köçəri quşların gözlənən payız köçü ilə bağlı Dövlət Baytarlıq Xidməti yenidən monitorinqlərə başlayıb. Baytarlıq Xidmətindən verilən məlumata görə bu monitorinqlər hələlik ayda iki dəfə keçiriləcək. Bu mövsüm üçün aparılan monitorinqin birincisinin nəticəsi müsbət olub. Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli: «Monitorinq Abşeron yarımadasında, Xızı rayonunda, Bakının parklarında, Salyan və Dəvəçidə aparıldı. Vurulan quşlarda xəstəlik aşkar olunmadı».


Ötən qışın təcrübəsi, quş qripi xəstəliyindən 5 nəfərin vəfat etməsi quş qripi ilə mübarizə məqmədi ilə yaradılan Dövlət Komissiyası və Dövlət Baytarlıq Xidmətini bu dəfə daha çevik işləməyə sövq edir. Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, xidmət lazımi dezinfeksiya məhsulları ilə təmin olunub. Hazırda ölkədə bu sahədə vəziyyət stabildir. Cənab Şahbazov deyir ki, ancaq ehtiyatı əldən verməmək üçün əhali də ayıq-sayıq olmalıdır.


Quş qripi xəstəliyi ilə bağlı keçən mövsüm köçəri quşların ovuna qadağa qoyulmuşdu. Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Yolçu Xanvəli deyir ki, keçən ilki qadağalar, o cümlədən köçəri quşların ovu ilə bağlı qadağa qüvvədədir. «Ov quşları ilə bağlı qadağada hələ dəyişiklik yoxdur».


Ovçu Mübariz isə ov üçün çox darıxıb. Deyir ki, həm sevimli məşğuliyyəti idi, həm də ailənin ərzaq səbətinə müsbət təsir göstərirdi. «Əsas və ən uzunmüddətli ov elə su quşları ilə bağlıdır. Bu il olmadı. Allah eləsin növbəti mövsümdə olsun».


Baytarlıq Xidmətindən onu da deyirlər ki, əgər təhlükə olmasa, ov üçün qoyulmuş qadağa götürülə bilər, ancaq bu ehtimal çox azdır. Baytarlıq Xidmətinin quş qripinin qarşısını almaq üçün qoyduğu başqa qadağa isə diri quşların satışıyla bağlıdır. Bu qadağa da hələ qüvvədədir. Ancaq şəhərin ayrı-ayrı bazarlarının kənarlarında diri quş satanlara az da olsa rast gəlmək mümkündür.


Səyyarə satdığı diri quşları Ağsudan gətirdiyini deyir. Quş qripi təhlükəsi çox olanda quşlarını min bir əziyyətlə qoruduğunu, xəstəlik keçəndən sonra satışa çıxardığını deyir. «Quş qripi olanda satmırdım, indi satıram, üç aylıq quşlardır, 18-20 min manata. Alan da az deyil».


Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Yolçu Xanvəli isə deyir ki, hələ bazarlardan onlara diri quş satışı ilə bağlı məlumatlar gəlmir. «Belə məlumatlar yoxdur, olsa həmin rayonun baytarlıq xidmətlərinə tədbir görülməsi üçün göstəriş veriləcək. Diri quşların satışının qadağan edilməsi haqda qərar hələ qüvvədədir. Çünki heç kim təminat vermir ki, sərçə və qarğalarda xəstəlik olmasın və onlar da ev quşlarını yoluxdurmasın».


Quş qripi xəstəliyi aradan qalxanda əhali nəhayət istədiyi qədər toyuq əti alacağına necə sevinirdisə, bir müddət sonra sevinc uzun sürmədi. Çünki toyuq ətinin qiyməti sürətlə qalxmağa başladı. Turan Agentliyinin bazarların təhlilini aparan iqtisadi eksperti Sarvan Rizvanov deyir ki, quş əti məhsullarının qiyməti son bir neçə ayda 15-20 faiz artıb. «Aprel ayının ikinci ongünlüyündən mayın sonuna qədər quş əti pərakəndə satışda 15-20 faiz, yumurta isə 40 faiz bahalaşıb. Yumurtanın qiyməti ötən ilin noyabr səviyyəsinə gəlib çatıb, toyuğun qiyməti isə ötən ilin noyabr ayı səviyyəsindən 10 faiz artıb».


«Dəvəçi Broyler» quşçuluq təsərrüfatının rəhbəri Zakir Əzimov isə deyir ki, müəssisə tam gücü ilə işləyir. Onun sözlərinə görə, son iki ayda təsərrüfat qiymətləri qaldırmayıb. «Bizdə qiymətlər qalxmayıb, yenə əvvəlki kimi kilosu 12 500-ə satışa çıxarılır». Ancaq bu müəssisənin məhsulu olan toyuğun bir kilosu mağazalarda 14500 manata satılır.


Ekspertlərin fikrincə, əgər payızda quş qripi təhlükəsi yaranarsa, yenidən toyuq əti ucuzlaşa bilər. Quş qripi ilə bağlı köçəri quşlar arasında növbəti monitorinq isə iki həftədən sonra aparılacaq.


Çöl quşlarının növbəti köçü sentyabr ayından başlayır.
XS
SM
MD
LG