Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Satışdakı yumurtaların köhnə olduğu iddia edilir


«Aksoy Yumurta» şirkətinin rəhbəri Xəlil Ağsoy iddia edir ki, quşçuluq şirkətləri yarmarkalardakı satışa yeni quş əti və yumurta çıxartsalar da, mağaza və dükanlarda satılan malların əksəriyyəti köhnədir. Onun sözlərinə görə, mağazadakı yumurtanın çoxu iki-üç ay öncə «quş qripi» təhlükəsinə görə satılmayanlardı. Yumurtanın saxlanma müddəti isə 15 gündür: «Bəzi şirkətlər köhnə malları atsalar da, bəziləri köhnə yumurtanı satışa çıxarırlar. İndi də yarmakalar açılıb. Amma yarmarkadakı mallar bazardakı mallarla eyni deyil».


Bakı Şəhər Baytarlıq İdarəsinin rəis müavini Vəli Qarayevsə istər yarmarka, istər digər ticarət obyektlərindəki quş məhsullarının ekspertizadan sonra satışa çıxarıldığını bildirir. Amma bununla belə, o, bəzi ticarət obyektlərində qoyulan tələblərin pozulduğunu, köhnə malın satıldığını da istisna etmir.


Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma bölməsinin müdiri İmran Abdullayevsə köhnə yumurtanın satışa çıxarılmasını tamamilə mümkün sayır. «Giləzi» broyleri istisna olmaqla digər quşçuluq fabriklərində toyuqların «quş qripi»nə yoluxmadığını deyən İmran Abullayevə görə, satışdakı yumurtaların viruslu olması inandırıcı deyil. O, əmin edir ki, köhnə malların satışdan yığışdırlması üçün lazımi tədbirlər görüləcək: «Biz ay ərzində hər həftənin müəyyən günündə mağazalarda yoxlama aparacağıq». İmran Abdullayev deyir ki, hər ehtimala qarşı onlar növbəti günlərdə yumurtanın qablaşdırılmış şəkildə satılmasına göstəriş də verəcəklər.


Statistika Komitəsinin sədri Arif Vəliyev isə bildirir ki, «quş qripi» təhlükəsinə görə, son bir neçə ayda 630 min toyuq məhv edilib. Bunun 50 mini şəxsi təsərrüfatların, yerdə qalanı isə broyler fabriklərinin payına düşür.


Aprelin 25-də isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Con-vuk Linin Azərbaycana səfəri başlayır. O, həmçinin «quş qripi»nə yoluxanların müalicə olunduqları xəstəxanaya da baş çəkcək.


ÜST-ün məlumatına görə, fevral-mart aylarında Azərbaycanda 8 nəfər «quş qripi»nə yoluxub. Onlardan beşi dünyasını dəyişib, üçü isə müalicə alıb. Köçəri quşların ölkəni tərk etməsi ilə ölkədə «quş qripi» təhlükəsi azaldığından rəsmilər qapalı şəraitdə saxlanan quş ətindən istifadənin təhlükəli olmadığını bildirmişdilər. Əhalini quş məhsulları almağa həvəsləndirmək üçün son üç həftədə Bakıda, Sumqayıtda və Gəncədə yarmarkalar da təşkil edilib.



XS
SM
MD
LG