Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus Rusiya hakimiyyətini radio ilə əməkdaşlıq edən jurnalist Nika Novakı azadlığa buraxmağa çağırıb.
"AzadlıqRadiosu jurnalisti Nika Novakın Rusiyada haqsız yerə məhkum edilməsini pisləyirik. Bu, siyasi motivli ittihamlar ayrı-ayrı reportyorları susmağa məcbur etmək, onlara qabaqlayıcı təsir göstərmək niyyəti güdür. Nikanın dərhal buraxılmasına, ailəsinin yanına qayıtmasına çağırırıq", – Kapus bəyanatında deyib.
26 noyabr
Rusiyalı jurnalist xarici təşkilatlarla əməkdaşlığa görə məhkum edilib
Çita məhkəməsi "xarici təşkilatla məxfi əsasda əməkdaşlığa" görə jurnalist Nika Novaka 4 il həbs cəzası verib.
Novak ötən il Moskvada saxlanılsa da, bir il sonra qapalı məhkəməsinin keçirildiyi Zabaykalyeyə aparılıb.
Novakın işi məxfi sayıldığından məhkəmə prosesinin təfərrüatları açıqlanmır.
"ChitaMedia" nəsrində işləyən Nika Novak sonradan zab.ru saytının baş redaktoru olub. O, 2021-ci ildən musiqi və poeziya axşamlarının keçirildiyi "Odaryonnıye" (İstedadlılar) mərkəzinə rəhbərlik edib və ardınca - 2022-ci ildən "Sibir.Realii" layihəsi çərçivəsində AzadlıqRadiosunda ştatdankənar müxbir kimi çalışıb.
"Memorial"ın "Siyasi məhbuslara dəstək" layihəsi N.Novakı siyasi məhbus elan edib.
"Xarici təşkilatla məxfi əsasda əməkdaşlıq" maddəsi Rusiyanın Cinayət Məcəlləsinə 2022-ci ildə daxil edilib. Beləcə, dövlət sirri daşımayan bilgini xarici təşkilata ötürən şəxsləri də izləməyə yol açılıb.
Rusiyada bu maddə ilə məhkum olunan ilk şəxs penzalı fəal Pavel Pişşulik olub. Bu il 5 il müddətinə həbs edilən Pişşulin cəzasını ümumi rejimli həbsxanada çəkir. Onun Ukrayna xüsusi xidmət orqanları ilə yazışdığı iddia edilir.