Tbilisidə hakim "Gürcü arzusu" partiyasının mərkəzi ofisi və Gürcüstan parlamentinin binası qarşısında kortəbii mitinqlər keçirilir. Səbəb baş nazir İrakli Kobaxidzenin Gürcüstan hakimiyyətinin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük barədə danışıqlardan imtina etdiyini bildirməsi olub.
Etirazçılar bildirirlər ki, bu qərar ölkənin maraqlarına xəyanətdir və Gürcüstan Konstitusiyasının Avropaya inteqrasiya arzusunun təsbit olunduğu 78-ci maddəsinin pozulmasıdır. Onların sözlərinə görə, bu cür hərəkətlər Gürcüstanın gələcəyini təhlükə altına qoyur və uzun illər Avropa ilə yaxınlaşma səylərini məhv edir.
Gürcüstan Aİ-yə üzvlük danışıqlarından imtina edir
Gürcüstan 2028-ci ilədək Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarından imtina edir. Bunu baş naziri İrakli Kobaxidze noyabrın 28-də elan edib.
Bu açıqlama Avropa Parlamentinin Gürcüstanda parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı qətnaməsindən sonra verilib.
"2028-ci ilin sonunadək Avropa İttifaqı ilə danışıqların başladılması məsələsini gündəliyə salmamaq qərarına gəldik. Həmçinin 2028-ci ilin sonunadək Aİ tərəfindən hər hansı maliyyə qrantlarından imtina edirik", – Kobaxidze vurğulayıb.
Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi qətnamədə Gürcüstanda yeni seçkilər keçirmək, hakim "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili, Kobaxidze və digər rəsmilərə sanksiyalar çağırışı yer alıb.
Kobaxidze əlavə edib ki, Gürcüstan üçün "Avropa İttifaqına inteqrasiyanı onun bizə verməli olduğu sədəqə kimi qəbul etmək qətiyyən yolverilməzdir".
"Görürük ki, avropalı siyasətçilər və bürokratlar ayrılan qrantlar və kreditlərdən Gürcüstanda qarşı şantaj kimi istifadə edirlər", – o vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, 2028-ci ilin sonunda Gürcüstanın Aİ-yə 2030-ci ilə qədər qoşulmaq üçün danışıqlara iqtisadi baxımdan hazır olacaq.
Aİ inteqrasiya prosesinin dayandığını deyirdi
Aİ Şurası daha öncə elan etmişdi ki, Gürcüstanın inteqrasiya prosesi "Gürcü arzusu"nun fəaliyyəti üzündən faktiki dayanıb.
Brüsseldə və Avropanın digər paytaxtlarında deyirlər ki, Tbilisi Avropa dəyərləri və prinsiplərinə zidd qanunları ləğv etməyincə, Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməzlər.
Gürcüstanda oktyabrın 26-da keçirilən seçkini, rəsmi məlumata görə, hakim "Gürcü arzusu" 54 faiz səslə udub. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.