Noyabrın 28-də Tbilisi şəhər Məhkəməsinin Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul etdiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
Müdafiə tərəfinin deyilən qərardan apellyasiya şikayəti verəcəyi gözlənir.
Hələlik, xanımının bu dediklərini məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Sayt rəhbərinin hüquqlarını müdafiə edən Gürcüstanın Sosial Ədalət Mərkəzi isə bildirib ki, bu ölkənin Baş Prokurorluğu vəsatət qaldıraraq Tbilisi şəhər Məhkəməsindən Ə.Sadıqovun Azərbaycana ekstradisiyasının məqbul sayılmasını xahiş edib.
Açıqlamalara görə, müdafiə tərəfi vəsatətlə razılaşmır və onun Azərbaycana ekstradisiyasının siyasi və "özbaşına təqib" məqsədi daşıdığını düşünür.
Bundan əvvəl Gürcüstanın Miqrasiya Xidməti Ə.Sadıqova sığınacaq verməkdən imtina edib. O, avqustun 3-də Azərbaycanın sorğusu əsasında saxlanıb.
Onun xanımı S.Sadıqova vurğulamışdı ki, Azərbaycanda Ə.Sadıqova qarşı mayın 10-da Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb: "İyunda Bakıda "ASAN Xidmət"ə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin, habelə axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya cavabda sadəcə onun barəsində məhkumluğun olduğu göstərilib".
O, başqa detallar açıqlamamışdı.
Hələlik, bütün bu açıqlamalara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Gürcüstan hakimiyyətini Ə.Sadıqovun Azərbaycana deportasiyasını dayandırmağa çağırıb.
AzelTV-nin rəhbəri olan Ə.Sadıqov 2020-ci ildə Azərbaycanda xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il həbs olunub. Bir il sonra onun cəzası 6 ilə endirilib və o, 2022-ci il mayın 27-də əfv sərəncamı ilə azadlığa buraxılıb.
O, daha öncə də Azərbaycanda məhbus həyatı yaşayıb, bütün hallarda ittihamları qəbul etməyib və onların onun fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.
Ə.Sadıqovu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan "siyasi məhbus" adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
Hazırda Azərbaycanda 10-dən çox jurnalist həbsdədir, onlar ittihamları qəbul etmir, siyasi motivli sayırlar.