Bələdiyyə seçkilərinin tarixi açıqlanıb

Məzahir Pənahov

Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, noyabrın 27-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.

Əslində Azərbaycanda bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənirdi. Mövcud qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar.

Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni noyabrın 11-dən 22-nə kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə izah ediblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

Üstəlik, bu il bəzi bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsi də hazırlanıb. Sənəddə Azərbaycanda 1 min 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində onların ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.

Xatırlatma

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə olunan dəyişikliklərlə onların sayı yarıdan çox azaldılır. Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

İstər müxalifət, istərsə də bir sıra ekspertlər ölkədə bələdiyyələrin yerli hakimiyyət orqanı kimi statuslarını yetərli saymırlar.