Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

Əbülfəz Bünyadov həbsdən buraxıldı


Ə.Bünyadov (sağda) azadlıqda.
Ə.Bünyadov (sağda) azadlıqda.

2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadov həbsdən buraxılıb. İyulun 10-da Nizami Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Məhkəmənin hakimi Rauf Əhmədov Ə.Bünyadovun saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində onun vəkili Fəxrəddin Mehdiyevin ərizəsinə baxıb. Vəkil CM-in 76.2 (cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsasən, onun azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdi.

Məhkəmə iclasında Ə.Bünyadov özü də iştirak edib. Dövlət ittihamçısı ərizənin təmin olunmasına etiraz etməyib.

Qısa müşavirədən sonra hakim ərizənin təmin olunduğunu, Ə.Bünyadovun sağlıq durumu ilə əlaqədar cəzadan azad edildiyini elan edib.

Ə.Bünyadov artıq Müalicə Müəssisəsindən çıxarılaraq evinə aparılıb.

Nardaranda 2-si polis olmaqla, 6 nəfərin öldürüldüyü, «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və başqalarının tutulduğu əməliyyat Ə.Bünyadovun evində keçirilib. Onun özü də həmin əməliyyatda onurğasından iki güllə yarası almaqla, hərəkət qabiliyyətini tam itirib.

Xatırlatma

Ə.Bünyadov Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Nardaran məhbuslarının bir hissəsi prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG