Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Zahir Əmənov: '...mətbuatın batdığı yerdə üç işçini necə saxlamaq olar?'


Azərbaycanda səyyar qəzet satan, arxiv foto
Azərbaycanda səyyar qəzet satan, arxiv foto

“Qanuna görə bizim məlumat almaq, yaymaq və ötürmək hüququmuz var. Amma bu hüquqlardan biri təmin olunmursa, deməli, vəziyyət yaxşı deyil..."

Bir-iki cümlə ilə medianın bölgədəki durumunu təsvir edən Masallı rayonunda çıxan "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənovdu. Zahir Əmənov bölgələrdə mətbuatın ağır günlər yaşadığını, vəziyyətin getdikcə də pisləşdiyini deyir.

"Mətbuat xidmətləri jurnalistlərin fəaliyyətində maneəyə çevrildilər..."

"İnformasiya əldə etmək haqqında" qanunda istəklərinin tam aydın-açıq yazıldığına diqqət çəkən jurnalist deyir ki, belə bir mühitdə bölgədə ayda-ildə bir qəzet çap oluna, ya olunmaya.

Zahir Əmənov, may 2017
Zahir Əmənov, may 2017

Zahir Əmənov qəzetdən əlavə həm də ”Cənub.az” saytı və “Cənub Xəbərləri TV”-nin də təsisçisidir.

“Qanuna görə bizim məlumat almaq, yaymaq və ötürmək hüququmuz var. Amma bu hüquqlardan biri təmin olunmursa, deməli, vəziyyət yaxşı deyil. İş ondadır ki, bunların üçü də bərbad vəziyyətdədir. Məsələn, mətbuat xidməti yaratdılar. Bu, bizim məlumat almaq işimizi asanlaşdırmalı idi. Əksinə oldu. Mətbuat xidmətləri jurnalistlərin fəaliyyətində maneəyə çevrildilər. Rəsmi şəxslə əlaqə saxlayıb məlumat istəyirsən. Başından etmək üçün mətbuat xidmətini göstərir. Ötür-ötür başlayır. Bir misal da çəkim.Masallıda baş həkimi həbs etdilər, sonra yoxlamalar başladı. Ancaq bu yoxlamalar barəsində məlumat almaq mümkün deyil. Kimdən alaq? Üç dəfə qara maskalılar Masallıya gəliblər. Bu barədə bir-iki cümləlik televizyada məlumat verdilər, qurtardı. Və ya müxbir kimi bu gün rayon məhkəməsində hansı işə baxılması haqda xəbər ala bilmirəm”.

"...amma “Azərbaycan” qəzetinə 30-40 nəfər abunə yazılır...”

Zahir Əmənov rayonlarda qəzetlərə marağın az olduğunu, yerli camaatın çap mətbuatının varlığından xəbəri olmadığını söyləyir. O, tək Lerikdə yox, qonşu rayonlarda da qəzetlərin düşdüyü durumdan danışır.

“Məndə olan məlumata görə, Yardımlıda bir ildən yuxarıdır ki, rayon qəzetinin redaktoru işdən çıxıb. Redaktor gedəndən sonra qəzetin işi də dayanıb. Cəlilabad rayonunda qəzetin redaktoru rəhmətə getdi, qəzet uzun müddət işi dayandı. İndi də ayda-ildə bir dəfə çıxır. Lənkəran rayonunda qəzetin saytı yoxdur. Yardımlıda xeyriyyə cəmiyyətinin qəzeti var, o da humanitar məlumatlar verir. Masallıda rayon qəzeti ayda 4 dəfə çıxır, üstəlik tirajı da azdır. Hakim Yeni Azərbaycan Partiyasının Masallıda 10 min üzvü var, amma “Azərbaycan” qəzetinə 30-40 nəfər abunə yazılır...”

“Sovet dövründə yerli qəzetlərdə tənqidi yazılar da gedirdi, indi...”

Təsisçi rayon qəzetlərinin müstəqil olmamasına da toxunur, onların icra hakmiyyətinin nəzarətində olduğunu deyir. O, sovet dövründə yerli qəzetlərdə tənqidi yazılar getdiyini, indi tənqidə yer verilmədiyini bildirir.

“Tənqidi yazan hökumət qəzeti görməmişəm. Qəzetin məzmunundan çox formasına diqqət yetirirlər. Yerli mətbuat içtimai rəyə təsir edə bilmir. Bu qəzetlərə heç kim könüllü abunə olmur”.

“Hökumət pilot layihələr keçirməlidir”

Rayonlarda mətbuatın sıradan çıxdığını söyləyən redaktor hökumətin onları vəziyyətdən çıxarmaq üçün pilot layihələr həyata keçirməli olduğunu düşünür.

“Süni şəkildə yaradılmış maneələr aradan götürülməlidir. Müstəqil mətbuat üçün azad cəmiyyətin olması vacibdir”.

Danışmağa adam tapa bilmirik

"Cənub Xəbərləri " qəzeti, may 2017
"Cənub Xəbərləri " qəzeti, may 2017

O, redaktoru olduğu “Cənub xəbərləri” qəzetinin 4 ildir çap olunmadığını vurğulayır:

“Texniki imkanlar məhduddur, işçi saxlaya bilmirəm. Əvvəllər cavan idim, təkbaşıana 3-4 nəfərin işini görürdüm. İndi bir nəfərin işini görə bilmirəm. “Cənub Xəbərləri TV” internet televizyası yaratmışıq, orda danışmağa adam tapa bilmirik. Rəhbərlik etdiyim qəzeti buraxsam, yenə oxucusu var. Elə yaşlı adamlar var ki, internetdən çox zəif faydalanırlar. Dağ kəndlərində internet yox dərəcəsindədir, orda yaşayanlar qəzet oxumaq istəyirlər. Qəzeti yeri gələndə pulsuz paylayaram. Söhbət ondan gedir ki, çap üçün pul yoxdur. Əslinə baxsan Həsən bəy Zərdabi “Əkinçi” qəzetini çox vaxtı pulsuz paylayırdı”.

“Mənə əyalətdə bir KİV göstərin ki...”

Zahir Əmənovun qənaətincə, paytaxt Bakıda əyalət mətbuatına ciddi yanaşmırlar, məsələn, müxtəlif müsabiqələrdə iştirak etmək üçün şərt qoyurlar ki, redaksiyanın 3 nəfər işçisi olmaldır.

“Rayon yerində - mətbuatın batdığı yerdə 3 işçini necə saxlamaq olar? Bunların maaşları, sosial ödəmələri ayda min manat edir. O saytın nə qazancı var ki, ayda min manat xərcləsin? Mənə əyalətdə bir KİV göstərin ki, öz hesabına yaşaya bilir? Nəticədə müsabiqələrdən kənarda qalırıq...”

Redaktor əyalət qəzetlərinin basqılarla üzləşdiyini də ayrıca vurğulayır, məsələn, 6 dəfə məhkəməyə verildiyini deyir.

“Məhkəmlərin hamısı xeyrimə qərar çıxarıb. Məhkəmədə qarşılaşdığım adamlar arasında icra hakimiyyəti başcısı da var. Hər dəfə deyirdilər ki, güya mən qəzetdə onları təhqir etmişəm.Yaratdığım “Cənub Xəbərləri TV” regionda yeganə müstəqil içtimai-siyasi kanaldır. Zərdabi adına mükafat almışam, “Cənub xəbərləri” qəzeti “Ən mübariz regional qəzet”, “İlin qəzeti” adına layiq görülüb.”

Rəsmi qurum: “Rayon qəzetlərinin fəaliyyətinə maneə yoxdur”

Habil Məlikov, arxiv foto
Habil Məlikov, arxiv foto

Lerik Rayon İcra Hakmiyyəti başçısının müavini Habil Məlikov deyilən iradlarla razılaşmır. O, rayon qəzetlərinin fəaliyyətinə heç bir maneə olmadığını bildirir.

“Müntəzəm olaraq ayda iki dəfə “Lerik” qəzeti çıxır. Rayona aid məlumatlar, informasiyalar qəzetdə gedir. Onun çap olunmasına, fəaliyyət göstərməsinə heç bir maneə yoxdur. Bu digər qəzetlərə də aiddir. Kim abunə olubsa ona çatdırırlır. Qəzetin minə yaxın abunəçisi var. Satış yoxdur. Növbəti abunə üçün kompaniya başlayıb, 500-ə yaxın vətəndaş abunə yazılıb. Qəzetdə respublikda, rayonda baş verən hadisələr və icra hakimiyyəti başçısının qəbulu, görüşləri, keçirdiymiz digər tədbirlər ışıqlandırlır...”

Medianın İnkişafı Agentliyi iyunda çap və onlayn media üçün müsabiqə elan edib. Qurum bildirir ki, məqsəd onların gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsidir. Müsabiqədə daha çox qəzetin iştirak edə bilməsi üçün qaydaların sadələşdirildiyi deyilir, başlıca şərtlər qəzetin son 1 ildə müntəzəm çap olunması, yayımı 1000 nüsxədən az olmamalıdır. Bundan başqa redaksiyanın yaradıcı heyəti minimum 5 nəfər olmalıdır. Zahir Əmənov təəssüflə deyir ki, bu şərtlərin onlara uyğun gəlmir.

XS
SM
MD
LG