Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

17 saylı yataqxana dağılır


Yataqxana. Foto arxiv.
Yataqxana. Foto arxiv.

-

«Burda 150-yə yaxın adam yaşayır. Yəni ki, 150 adamın həyatı təhlükədədir. Köhnə bina hər an dağıla bilər».

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsindəki 17 saylı yataqxananın sakinləri həyəcan təbili çalır. Onlar qəzalı yataqxana binasının daşları altında qalacaqlarından qorxuya düşüblər. Sakinlər AzadlıqRadiosunun «Qaynar xətt»inə yataqxanadakı durumdan danışırlar.

«UŞAQLARI DƏHLİZƏ BURAXA BİLMİRİK»

Əhməd Əhmədov binadakı vəziyyəti belə təsvir edir: «Divarlar aralanıb, pilləkənlər dağılıb, kommunikasiya xətləri qəzalı vəziyyətdədir. Çürümüş, qırıq elektrik naqillərində tez-tez qısaqapanmalar olur. Əsasən də qışda gecə də yatmırıq ki, yanğın olar, qaça bilmərik. Çünki qışda köhnə işıq xətləri daha çox yüklənir, bir də görürsən, dəhlizdəki xətlər alışır. Uşaqları dəhlizə buraxa bilmirik, xətlər açıqdır».

İkimərtəbəli binada kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bina sakini Şakir Süleymanovun deməsinə görə, bu üzdən üfunətdən binaya yaxın düşmək mümkün deyil:

«Bu boyda binada tualet işləmir, bu qədər adam təbii tələbatını binanın yan-yörəsində ödəməli olur. Binanın damı da qəzalıdır. Aradabir özümüz pul yığıb ora-burasını yamatdırırıq. Demək olar ki, sakinlərin çoxu işsizdir. Bu üzdən binada ən aşağı səviyyədə də təmir işləri aparmağa maddi imkan yoxdur».

Binada su xətti də işləmir. Suyu kənar həyətlərdən daşıyırlar. Yuyunmağa isə yataqxana yaxınlığında yaşayan Habil adlı bir nəfərin həyətindəki hamama gedirlər. Hamam puluna gəlincə, adambaşına 1 manat ödəyirlər. Sakinlər bu şəraitdə həyat sürməkdən yorulublar.

HƏR AİLƏYƏ 45 MİN MANAT

Sabunçu rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yataqxana qəzalı binaların siyahısındadır: «Bir müddət əvvəl həmin binanın damında bəzi təmir işləri aparılıb. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də binaya dəfələrlə baxış keçiriblər. Orada əsasən köçkünlər yaşayır, onların köçürülməsini də «Qaçqınkom» təmin etməlidir».

Sakinlər canlarına xəta dəyməmiş qəzalı binadan başqa yaşayış yerinə köçürülmələrini, ya da müəyyən kompensasiya ödənilməsini istəyirlər.

Nazirlər Kabineti bu ilin martında Xətai rayonu ərazisindəki iki qəzalı yataqxananın sökülməsi, sakinlərinə kompensasiya ödənilməsi barədə qərar verib. Hər ailəyə 45 min manat məbləğində kompensasiya ödənilib. Hər iki yataqxananın təhlükəli durumu ilə bağlı sakinlər dəfələrlə AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət etmiş, problemləri işıqlandırılmışdı.

XS
SM
MD
LG