Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Başçının məhkəməsində: 'Dedi ki, sənə 7 min ayrılacaq, min manatı götürəcəksən, qalanını...'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Maddi-sosial durumları ağır olan İmişli sakinləri iddia edir ki, yardım məqsədilə ayrılan vəsaitin çox az hissəsi onlara çatırdı. Deyirlər ki, hesablarına köçürülən vəsaitin əsas hissəsini İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri əllərindən alırdı. Bu barədə onlar aprelin 1-də İmişlinin keçmiş icra başçısı, 2 ilə yaxındır həbsdə olan Vilyam Hacıyevin məhkəməsində danışıblar.

"Gətirib 6 mini Cəmil Musayevə verdim"

Teymur Quliyev danışır ki, maddi baxımdan çətin vəziyyətdə yaşayırdılar, atasının da səhhətində ciddi problemlər vardı. Ona məsləhət görüblər ki, yardım üçün icra hakimiyyətinə müraciət etsin. O da müraciət edib.

"Cəmil Musayev (hələ də icra hakimiyyətində baş mühasib vəzifəsində çalışır-red.) mənə dedi ki, sənə 7 min ayrılacaq, min manatı özün götürəcəksən, qalanını bizə verəcəksən. Banka pul köçürüldü, gedib çıxartdım, gətirib 6 mini Cəmil Musayevə verdim", – şahid kimi məhkəmədə dindirilən Quliyev bildirib.

İmişli rayonunun başqa bir sakini Xəyyam Məmmədov da ifadəsində bənzər fikirlər səsləndirib.

Maddi baxımdan imkansızlıqdan əziyyət çəkdiyini deyən Murad Tağıyevə isə 8 min manat yardım ayrılıb. O da deyir ki, bankdan götürdüyü bu pulun çox az hissəsi ona çatıb, qalanını icra hakimiyyətində mühasibatlığa verib.

“Baş mühasib zəng eləyib dedi ki..."

İmişli rayonunun Məzrəli kənd bələdiyyəsinin sədri Babək Kazımlı isə bu vəzifəyə sahib olmaq üçün icra hakimiyyətinin baş müsahibinə 30 min manat verdiyini deyir. Məhkəmədə ona bələdiyyənin seçkili orqan olduğunu xatırladanda Kazımlı belə cavab verib: "Düzdür, seçki keçirilir, səs toplanır. Amma bunun reallaşmasına imkan verilmir. Ona görə məcbur olub o pulu vermişəm. Pul çatmasa, seçilməyə qoymurlar. Baş mühasib zəng eləyib dedi ki, bələdiyyə sədri olmaq istəyirsənsə, 30 min verməlisən. Mən də 25 min bir, 5 min manat da bir verdim".

"Seçkini MSK aparırsa..."

Sabiq icra başçısı Vilyam Hacıyev isə heç kimdən pul almadığını deyir. O vurğulayıb ki, Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətindədir: "Əgər seçkini MSK aparırsa, icra hakimiyyətinə niyə pul verirdin?".

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov iddia edir ki, hər ay icra hakimiyyətinə 3 min manat pul verirdi. Onun sözlərinə görə, bu vəsait icra hakimiyyətinə çatmasaydı, onun özünün işləməsi qeyri-mümkün olacaqdı: "Bilirsiniz ki, su qıtdır, İmişli də aqrar rayondur. Camaatı öyrədib üstümüzə salırdılar. Pul verməsək, işləmək mümkün deyil".

"İndi də mənim üstümə atırsınız"

Məhkəmədə sabiq icra başçısı ilə Mədəniyyət İdarəsinin müdiri Nazim Əzimov arasında ciddi mübahisə olub. Hacıyev idarə rəisinin öyrədilərək ona qarşı yalan ifadələr verdiyini iddia edib.

Əzimov deyir ki, Mədəniyyət İdarəsinin rəisi təyin olunanda icra başçısı ondan nə pul istəyib, nə də pul alınıb. Amma sonradan işlədiyi müddətdə idarənin təmiri üçün köçürülən 31 min manatdan artıq vəsaiti icra hakimiyyətinə verib.

"Allahla danış, dəhşətə gəlirəm ki, insan belə yalanları necə uydura bilər?! Öz aranızda cinayət eləyib yeyib-dağıtmısınız, indi də mənim üstümə atırsınız", – təqsirləndirilən sabiq icra başçısı bildirib.

Hacıyevlə bağlı məhkəmə araşdırmaları davam edir.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

XS
SM
MD
LG