Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Fikrət Yusifov: 'Vəziyyət 2-3 il sonra sabitləşəcək'


Keçmiş Maliyyə naziri Fikrət Yusifov
Keçmiş Maliyyə naziri Fikrət Yusifov

Gələn il arıqlamaq var, acından ölmək yox... Hökumətin açıqladığı proqnozlar bədbin notlara kökləyir

Azərbaycan hökuməti gələn ilə proqnozlarını açıqlayıb. Bütövlükdə bədbin ruhlu proqnozlardan belə nəticə çıxır ki, 2017-ci ildə vətəndaşların sosial durumunun yaxşılaşacağına ümid bəsləməyə dəyməz. Bununla belə, proqnozlarla tanış olan ekspertlərin fikrincə, əhalinin üzləşdiyi çətinliklər böyük sosial narazılığa yol açmayacaq.

Buna da bax:​ 'Qara etiraflar' ölkəsi

Gəlir də artır, inflyasiya da

Bu il və gələn il əhalinin pul gəlirləri artsa da, inflyasiya ucbatından 2016-cı ildə 5 faiz, 2017-ci ildə isə 3,1 faiz geriləmə olacaq. Əvvəlki illərdə əhali gəlirlərinin müəyyən hissəsini mülk alınmasına, əmanətə yönəldirdisə, gələn il dolanışıq xərclərinə daha çox pul ayırmaq lazım gələcək.

Əmək bazarında böhran yaşanacaq

Bu il ölkədə rəsmi məşğulluq 4 milyon 671,6 min nəfərdən 4 milyon 668,1 min nəfərə düşəcək. Gələn il əmək bazarına on minlərlə gəncin çıxacağı gözlənilsə də, cəmi 900 nəfər iş tapa biləcək. Hökumət belə proqnoz verir.

Bəs ekspertlər hökumətin sosial gərginliyi azaltmaq istiqamətində fəaliyyətini necə dəyərləndirirlər?

Buna da bax: Dövlət büdcəsi kiçilir: Azərbaycan 2008-ci ilə qayıdır

"2015-ci ilin sonundan başlayaraq çox işlər görülür"

İqtisadi və sosial sahədə geriləmənin baş verdiyini, ancaq bunun köklü səbəblərdən qaynaqlandığını bildirən «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov AzadlıqRadiosu-na deyir ki, hökumət də vəziyyətdən çıxmaq üçün addımlar atır:

«Sirr deyil ki, iqtisadiyyatımız neft amilinə söykənir, gəlirlərin əsas hissəsi əvvəlki kimi burada formalaşır. Amma bu amildən xilas olmaq üçün 2015-ci ilin sonundan başlayaraq çox işlər görülür. Məqsəd neft gəlirlərini əvəzləyə biləcək qeyri-neft ixracını təmin etməkdir. Bu isə uzun zaman tələb edən prosesdir. Desəm ki, gələn il bu siyasət bəhrəsini verəcək, səhv olardı. Hesab edirəm ki, 2-3 il ərzində həm iqtisadi, həm də sosial sahədə vəziyyət sabitləşəcək».

Buna da bax:​ Yeni büdcə: Hökumət vədini tuta bilmir?

İlk növbədə az gəliri olanlara diqqət yetirilsin

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev güman edir ki, gələn il əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi ilə bağlı müəyyən tədbirlər görüləcək. Onun fikrincə, iqtisadiyyatdakı təlatümlərdən əhalinin çəkəcəyi əziyyətin qarşısını almaq indi hökumətin önündə duran ən ciddi vəzifələrdən biridir. Ekspert bu istiqamətdə görülən effektiv tədbirlərdən biri kimi «ASAN Abad» layihəsinə diqqət çəkir. Bu layihə, aztəminatlı ailələrin xırda biznesə başlamasına dövlət dəstəyi verilməsini hədəfləyir.

«Əhali özünü böhrana uyğunlaşdırmaqla məşğuldur»

Hökumətin antiböhran tədbirlərinin yetərsiz sayan Demokratik İnstitutlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev ölkəyə gələn valyuta resurslarının azaldığını, gedən valyuta axınınınsa sürətləndiyini deyir. Bu isə öz növbəsində iqtisadiyyatın çöküşünə, əhalinin daha yoxsullaşmasına gətirib çıxaracaq:

«İqtisadiyyatda baş verən proseslər əhalinin geniş təbəqələrinin sosial durumuna mənfi təsir edir. Hökumətin narazılıqları aradan qaldırmaq üçün atdığı addımlar isə çox zaman adekvat deyil: basqıları artırmaqla narazı kütləni susdurmağa çalışır».

Buna da bax:​ Metroda qiymət qalxa bilər - rəsmilər xərclərin 82 qəpiyi keçdiyini deyirlər

Elçin Abdullayevin fikrincə, sosial məngənədə sıxılan insanların böhrana reaksiyası da özünəməxsusdur: «Onlar əllərindəki məhdud iqtisadi imkanlardan daha möhkəm yapışır, gəlir mənbəyini itirməmək üçün hər şey edir, amma narazılığını açıq büruzə vermir. İqtisadi çətinlik artdıqca, vətəndaşlar özünü mübarizəyə deyil, iqtisadi çətinliyi dəf etməyə hazırlayır. Yəni, deyək ki, qabaq 5 kiloqram ət alırdısa, qiymət qalxandan sonra 3 kq ət alır».

XS
SM
MD
LG