Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Kreml: Ukraynanın NATO üzvlüyü ‘qırmızı xətdir’


Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşür
Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşür

İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir”

Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün hərəkət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır.

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 14-də demişdi ki, o Baydendən Ukraynaya hərəkət planının verilib-verilməyəcəyinə dair “hə” və ya “yox” cavabını gözləyir.

Birləşmiş Ştatlar 2014-cü ildə Rusiya Krım yarımadasını zorla ilhaq edəndən bəri Ukraynaya 2.5 milyard dollarlıq təhlükəsizlik yardımı göstərib.

Lakin Bayden bildirib ki, Kiyev əvvəlcə ölkədəki korrupsiyanın kökünü kəsməli və NATO-nun başqa kriteriyalarına uyğunlaşmalıdır.

Moskva sammitdən məmnun qalıb

Rusiya və Ukrayna arasında münasibətlər son aylarda yenidən gərginləşib. Onlar Donbasda hərbi əməliyyatların artmasına görə bir-birini ittiham edirlər.

Rusiya ötən aylarda Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda 100 minədək əsgər yerləşdirib.

Moskva bunun hərbi təlim məqsədilə edildiyində israr edir.

Buna baxmayaraq, ABŞ və Qərb, eləcə də Ukrayna Rusiyanın təcavüz ehtimalından narahatdırlar.

Rusiya sonradan qoşunları geri çəkdiyini desə də, Vaşinqton və Kiyev çəkilmənin tam olmadığını vurğulayırlar.

Peskov deyib ki, Moskva Ukraynanın NATO üzvlüyünə canatımını diqqətlə izləyir:

"Biz bu məsələni çox diqqətlə izləyirik və Ukraynanın NATO-ya qoşulma perspektivi bizimçün həqiqətən də qırmızı xətdir”.

Buna baxmayaraq Peskov əlavə edib ki, Moskva Bayden-Putin görüşündən məmnundur:

"Lap əvvəldən biz xəbərdarlıq etmişdik ki, bu sammitlə bağlı böyük gözləntilər doğrulmaya bilər. Amma indi prezidentin öz qiymətləndirməsini də nəzərə alsaq, bu görüşü daha çox müsbət dəyərləndirmək olar”.

Danışıqlar yaxın həftələrdə başlana bilər

Bayden və Putin danışıqlar zamanı silahlara nəzarət razılaşmaları və riskazaldıcı tədbirlərin görülməsi üçün daimi təmaslar barədə razılığa gəliblər.

Ayrıca olaraq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 17-də nazirliyin saytında yerləşdirilmiş müsahibəsində deyib ki, ABŞ və Rusiya arasında silahlara nəzarətə dair danışıqlar bir neçə həftəyə başlana bilər.

Bayden və Putin habelə səfirlərin Vaşinqtona və Moskvaya qayıtması barədə razılıq əldə ediblər.

Ryabkov deyib ki, Rusiya səfiri ABŞ-a bu ayın axırınadək qayıdacaq.

Səfir Anatoli Antonov prezident Bayden müsahibə zamanı Putinin qatil olmasına inanması barədə suala müsbət cavab verəndən dərhal sonra geri çağırılmışdı.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanı az qala iki ay bundan əvvəl tərk edib.

Onun ABŞ-a “məsləhətləşmələr” üçün qayıtmasını Rusiya istəmişdi.

XS
SM
MD
LG