Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Rusiya Ukraynaya yenidən ağır hava zərbələri endirib


Martın 9-a keçən gecə vurulan binalardan birində yanğın
Martın 9-a keçən gecə vurulan binalardan birində yanğın

Martın 9-a keçən gecə Rusiya yenidən Ukrayna üzərinə ağır raket zərbələri endirib.

Ölkə boyunca bir çox yerlərdə elektrik enerjisinin kəsildiyi xəbər verilir.

Belə obyektlərin arasında Zaporojyedəki atom elektrik stansiyası da var.

Ölkənin qərbindəki Lvov şəhərində raket zərbələri nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir.

Lvov vilayətinin qubernatoru Maksim Kozitski deyib:

“Hazırda bizim 4 nəfərin ölməsi barədə məlumatımız var. İki qadın və iki kişi. Raket zərbəsi zamanı onlar evlərində idilər. Həmin binanın dağıntıları təmizlənir. Xarabalığın altında başqa adamlar da ola bilər”.

Kozitski ümumilikdə üç binanın dağıdıldığını deyib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak bir nəfərin öldüyünü, iki nəfərin xəsarət aldığını bildirib.

Zelenski: “İşğalçıların gücü ancaq buna çatır”

Paytaxt Kiyevin meri Vitali Kliçko Telegramda yazır ki, hava həyəcanı başlanan kimi şəhərdə elektrikin və suyun verilməsi dayandırılıb:

"Svyatoşin rayonu. Bütün təcili xidmətlər çağırış yerlərinə tələsirlər. Yaşayış binalarından birinin həyətində minik avtomobili yanır. Hava həyəcanı davam edir. Sığınacaqlarda qalın. Svyatoşində iki yaralı var. Onlara təcili tibbi yardım göstərilir”.

Kliçko yazır ki, paytaxtın bəzi başqa rayonları da vurulub.

Ölkənin şimalındakı Jitomir şəhərinə İranın kamikadze dronları ilə zərbələr endirilib.

Şəhər meri Serhiy Suxomlin qurbanların olmadığını deyib.

Buna baxmayaraq şəhərdə suyun və elektrikin verilməsi dayandırılıb.

Rusiya Odessa və Xarkov regionlarını da raket atəşinə tutub. Burada da elektrik enerjisinin kəsildiyi və dəmir yolu şəbəkəsinə ziyan dəydiyi bildirilir.

Prezident Volodimir Zelenski internetlə yayılan bəyanatında deyib ki, Rusiya “mülkiləri terror etdiyinə” görə cavab verməli olacaq:

"İşğalçıların gücü yalnız mülkiləri terror etməyə çatır. Edə bildikləri yalnız budur. Amma bunun onlara köməyi olmayacaq. Onlar etdiklərinə görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”.

Zaporojye AES-də elektrik tam kəsilib

Avropanın ən böyük nüvə elektrik stansiyası olan Zaporojye AES Rusiyanın raket zərbəsi nəticəsində enerji şəbəkəsindən ayrılıb.

Hazırda stansiyanı elektriklə 18 dizel generatoru təchiz edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, 20-dək generator stansiyanın işi üçün kafi enerjini verə bilir.

Agentlik əlavə edib ki, ərazidə 15 günlük dizel tədarükü var. Stansiyanın 6 reaktorundan ikisi bağlanıb.

Bu, noyabrın 23-dən bəri ilk dəfədir ki, Rusiyanın nəzarətində olan, lakin ukraynalı mühəndislərin işlətdiyi stansiyada elektrik tam kəsilib.

BAEA-nın rəhbəri Rafael Qrossi belə elektrik kəsintisinin riskləri barədə xəbərdarlıq edib:

"Biz hər dəfə sanki zər atırıq. Amma bunu vaxtaşırı belə davam etdirsək, bir gün bəxt üzümüzə gülməyə bilər”.

Zaporojyedə Rusiyanın işğal administrasiyası baş verənləri Ukraynanın “təxribatı” adlandırıb.

Qələbəyə bərabər müqavimət

Xəbər verilir ki, bütün bu müddət ərzində ölkənin şərqində Baxmut şəhəri uğrunda qızğın və qanlı döyüşlər davam edir.

Şəhərin ukraynalı müdafiəçiləri bir sutka ərzində Rusiya qüvvələrinin 110 həmləsini dəf ediblər.

Bu döyüşlərdə hər iki tərəfin ağır canlı itki verdiyi bildirilir.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya qüvvələri ağır itkilərə baxmayaraq hücum əməliyyatını davam etdirir.

Hərbi ekspertlər Baxmut şəhərinin çox az strateji əhəmiyyətə malik olduğunu deyirlər. Amma Rusiya ordusu ötən payızdan bəri bu şəhərə uğursuz hücumlar edir.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, Baxmutun müqavimətini “qələbə” adlandırmaq olar.

XS
SM
MD
LG