Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri


Istanbulda valyutadəyişmə məntəqəsi
Istanbulda valyutadəyişmə məntəqəsi

►Azərbaycandan Türkiyəyə sərmayə axını səngiyəcək?

İyun ayında Azərbaycan kapitalının yeni yaradılan şirkətlər vasitəsilə Türkiyəyə axıdılması bu ilin ən yüksək həddinə çatıb.

Ekspertlər Türkiyədə gərgin ictimai-siyasi durumun Azərbaycandan həmin ölkəyə sərmayə axınına neqativ təsir edəcəyini, ancaq bunun dövlətin, özəlliklə SOCAR-ın investisiya layihələrinə önəmli təsir göstərməyəcəyini düşünürlər.

Ötən ay Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 16 şirkət qurulub və bu iş 13,4 milyon lirəyə (təxminən 7 milyon manata) başa gəlib. Sərmayənin cəmi 3,3 faizi Türkiyədəki ortaqlara aiddir. Azərbaycanın payına düşən qalan sərmayənin əsas hissəsi səhmdar şirkətlərinə yatırılıb.

Bütövlükdə isə, il başlanandan bəri Türkiyədə (əsasən, İstanbulda) Azərbaycan sərmayəsinin iştirak etdiyi 96 şirkət qurulub və bu işə 23,1 milyon lirə (təxminən 12 milyon manat ) ayrılıb.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Türkiyədə biznes ortamı...

İqtisadçı ekspert Qadir İbrahimli «Türkiyədə artıq 3 aylıq fövqəladə vəziyyət də elan edildiyi bir vaxtda Azərbaycan özəl kapitalının taleyi necə olacaq» sualını AzadlıqRadiosuna cavablandırarkən deyib ki, deyib ki, sərmayə qeyri-sabit mühiti sevmir və biznes adamları adekvat addımlar atacaqlar:

«Son bir neçə ildə Azərbaycan investorlarının Türkiyə iqtisadiyyatına yatırımları xeyli artmışdı. Bu da Azərbaycanla müqayisədə Türkiyədə biznes ortamının daha təhlükəsiz olmasından irəli gəlirdi. Əvverişli biznes ortamının vacib elementlərindən biri - siyasi sabitlikdir ki, artıq bu sabitlik Türkiyədə pozulub. Qısamüddətli dövrdə sabitliyin bərpasını gözləmirəm. Ona görə də düşünürəm ki, Azərbaycan investorlarının Türkiyə iqtisadiyyatına yatırımları kəskin azalacaq və kapitala daha təhlükəsiz məkan seçiləcək».

İqtisadçı Samir Əliyevin fikrincə, Ərdoğan hakimiyyəti Türkiyənin iqtisadi inkişafı üçün xeyli iş görüb:

«Təəssüf ki, son illərdə baş verən proseslər AKP-nin ölkəyə yeganə faydasını da aradan qaldırır. Türkiyə artıq çətin iqtisadi dövrə qədəm qoyur. Xarici borcun artması, investisiyaların ölkədən çıxarılmağa başlanması tədiyə balansını pisləşdirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini təhlükə altına salır».

Buna da bax: İlham Əliyevin verdiyi qərarların gömrüyə təsiri nə olub?- Şərh

Layihələrin icrası gecikə bilər?

Hazırda Azərbaycan Türkiyə ərazisində Cənubi Qaz Dəhlizinin və «Star» neftayırma zavodunun tikintisini davam etdirir. Bəs bu layihələrdə gecikmələr yarana bilərmi?

İqtisadi icmalçı Fuad Əlizadənin fikrincə, Türkiyədə yaranmış qeyri-sabit siyasi durum layihələrin icrasında fasilə doğurmayacaq:

«Hökumət layihələrin maliyyələşdirilməsinə dövlət büdcəsi və Dövlət Neft Fondu hesabına, eləcə də SOCAR-ın maliyyə imkanları daxilində tələb olunan qədər sərmayə proqnozlaşdırıb. Işlər qrafikə uyğun davam etdiriləcək. Unutmaq olmaz ki, Türkiyədə hərbi qiyam cəhdini Azərbaycan hökuməti qətiyyətlə pisləyib».

Türkiyə ixracatı azaldıb, Azərbaycan artırıb

İki ölkə arasında ticarət əlaqələrinin dinamikasına gəlincə, ilin birinci yarısında idxal-ixrac əməliyyatlarının ümumi həcmi 685,6 milyon ABŞ dolları (Dövlət Gömrük Komtəsinin məlumatı) olub. Bu, bir il əvvəlkindən 8,4 faiz azdır. Türkiyədən Azərbaycana mal ixracı (526,8 milyon dollar) 12 faiz aşağı düşüb. Azərbaycandan bu ölkəyə ixracatsa 6,5 faiz artaraq 158,8 milyon dollara çatıb.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

XS
SM
MD
LG