Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

‘FT’ Türkiyə ilə Ermənistanın yaxınlaşmasından yazır


Recep Tayyip Ərdoğan (solda) və İlham Əliyev, 15 iyun, 2021-ci il
Recep Tayyip Ərdoğan (solda) və İlham Əliyev, 15 iyun, 2021-ci il

“Onlar bir çox məsələlərdə fikir ayrılıqları olan mehriban düşmənlərdir, amma həm də eyni dildə danışırlar"

“The Financial Times” qəzetinin əməkdaşı Ayla Jan Yakli Şuşaya səfərindən, uzun müddət Rusiyanın dominant olduğu regionda Türkiyənin öz iqtisadi iştirakını artırmasından yazır.

Türkiyə 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanı dəstəkləyib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etsə də, regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Şuşa ötən il noyabrın 8-də işğaldan azad edilib. Bir gün sonra isə tərəflər arasında atəşkəs razılaşması imzalanıb.

"Mehriban düşmənlər"

Müəllif Cənubi Qafqazda mövqeyini möhkəmləndirən Türkiyənin çoxdankı düşməni Ermənistanla kontakt qurmağa çalışdığını qeyd edir. Prezident Recep Tayyip Ərdoğan diplomatik münasibətlərin mümkünlüyündən danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da “ilkin şərtsiz” danışıqlara hazır olduğunu açıqlayıb.

Türkiyə Ermənistanın Dağlıq Qarabağı tutmasına etiraz olaraq 1993-cü ildə qonşusu ilə sərhədi bağlayıb. Artıq rəsmi Bakı da Ankarayla Yerevanın yaxınlaşmasına müqavimət göstərmir. Prezident İlham Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev “daha inklüziv proses” görmək istədiklərini dilə gətirib.

Karnegi Avropa Fondunun əməkdaşı Tomas de Vaal deyir ki, Qərbin həm Ərdoğana, həm də Rusiya Prezidenti Vladimir Putinə inamsızlığı onları Qafqazda əməkdaşlığa sövq edə bilər. Məqsəd isə ABŞ və Avropanı regiondan kənar tutmaqdır.

“Onlar bir çox məsələlərdə fikir ayrılıqları olan mehriban düşmənlərdir, amma həm də eyni dildə danışırlar. Hər ikisinin Böyük Dövlət konsepsiyası onları öz aralarında məsələləri ayırd etməyə vadar edir”, – de Vaal deyib.

15 milyard dollarlıq layihələr

Ötən il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması Putinin vasitəçiliyi ilə imzalanıb. Müəllif Türkiyənin danışıqlar masasında olmamasına baxmayaraq, şirkətlərinin regionda yenidənqurma layihələrini ələ keçirdiyi yazır. Növbəti 10 ildə bu layihələrin ümumi dəyəri 15 milyard dollara bərabər ola bilər.

Bu gün –oktyabrın 26-da Ərdoğan İlham Əliyevlə Füzuli aeroportunun açılışına, bölgədə salınacaq avtomobil yolu və Zəngilanda “Ağıllı aqropark”ın təməlqoyma mərasiminə qatılacaq. Tərəflərin iki ölkə arasındakı əməkdaşlığı, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG