Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Turizm universitetində «qənaət» dərsləri


Turizm və Menecment Universiteti
Turizm və Menecment Universiteti

-

Hökumət üzvləri tez-tez dövlət vəsaitini qənaətlə xərcləmək, hər qəpiyin qədrini bilmək kimi təbii öyüdlərini dilə gətirirlər. Özəlliklə neft pulları azalandan sonra belə öyüd-nəsihət və tələblər daha sıx-sıx səslənsə də, sözdən əmələ keçərkən, bunun tam tərsi diqqət çəkir.

Misal üçün bir satınalma müqaviləsinə göz atmaq yetər. Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyini qeyd edən Turizm və Menecment Universiteti (ATMU) belə bir müqavilə bağlamağa hazırlaşır.

«OLA DA BİLƏR, OLMAYA DA...»

Rəsmi KİV-də açıqlanan tender elanında universitetdə təhsil alan tələbələrin peşə yönümünün inkişafına xidmət edən tədbirlər də yer alıb. Hər il olduğu kimi, bu il ATMU beynəlxalq turizm sərgilərindən birinə qatılmağı nəzərdə tutur. Universitet «Dünya Turizm Günü»nü də qeyd etməyə hazırlaşır.

Ümumiyyətlə, universitet bu il 11 tədbir keçirməyi planlaşdırır. Onların sırasında doktorant və tədqiqatçıların qatılacağı 2 konfrans da var – «Azərbaycanda multikulturalizm yaşam tərzidir» və «Müasir dövrdə səmərəli idarəetmənin problemləri» adlı konfranslar. Qalan tədbirlər, sadəcə, bayram və əlamətdar günlərə (Respublika Günü, Bilik günü, Dövlət Müstəqilliyi Günü, Müəllimlər Günü, Yeni il gecəsi, Heydər Əliyevə həsr olunmuş idman yarışı və s.) təsadüf edir və bir növ ənənə xarakterlidir.

AzadlıqRadiosu ATMU-nun maliyyə-plan şöbəsinin mühasibi, tenderin əlaqələndiricisi Pərviz İsgəndərovdan sadalanan 11 müstəqil lotdan (hissədən) ibarət satınalmaların indiki zamanda məqsədəuyğunluq dərəcəsinə aydınlıq gətirməsini istəyib. Satınalmaların ehtimal olunan toplam qiymətini açıqlamağa çətinlik çəkən P.İsgəndərov cavabında deyib ki, tədbirlərin bu tərzdə təşkilini Satınalmalar üzrə Dövlət Agentliyi tövsiyə edib: «Ola bilsin, o siyahıda yazılan tədbirlərin bir hissəsi heç keçirilməsin. İl ərzində baxılacaq, bəlkə hansılarsa təşkil edilmədi».

Mütəxəssislər deyirlər ki, satınalmalara bu cür münasibət qanuna əsaslanmır, çünki iddiaçılar hər bir hissəyə bəlli qatılma haqqı ödəyirlər. Qanunvericiliyə görə, tenderin nəticəsi olaraq, tərəflər arasında öhdəlikləri müəyyənləşdirən müqavilə bağlanır. Müqavilə öhdəliyini yerinə yetirməyən tərəf maliyyə sanksiyası ilə üzləşə bilər.

Universitetin nümayəndəsi bildirib ki, buranın büdcəsi tələbələrdən yığılan təhsilhaqqı hesabına formalaşır. Söhbət ildə 1-2 milyon manatdan gedir. Vəsaitin 70 faizi professor-müəllim heyətinin əmək haqlarına, 10-15 faizi tələbə təqaüdlərinə yönəldilir. Təxminən 10 faiz mal, iş və xidmətlərin satın alınmasına xərclənir.

YOLLARINA «PUL SƏPİLƏN» MƏZUNLAR

Ali məktəbi bitirənlər məzun gecəsini necə təşkil etdiklərini və bütün xərcləri özlərinin ödədiyini xatırlayırlar. Bu baxımdan ATMU, deyəsən, istisnadır. Ötən il olduğu kimi, son gecənin xərcləri yenə universitet büdcəsindən qarşılanacaq. 2015-ci ildə məzun gecəsinə 40 min 117 manat sərf olunub.

Bu azdır, ya çox? Sadə hesablama göstərir ki, bu pul universitetdə 16 tələbənin birillik təhsil haqqına bərabərdir. Başqa misal: Elə ötən il Təhsil Nazirliyi bütün ölkə ərazisində orta məktəbi xüsusi uğurla bitirən məzunların təltif olunması üçün qızıl və gümüş medalların qutuları ilə birlikdə hazırlanmasına 24 min 475 manat ayırmışdı.

Turizm universiteti məzunları üçün təşkil olunan bahalı əyləncənin keçmiş tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrildiyini güman etmək olar, ancaq həm bu, həm də başqa tədbirlər özü ilə çoxlu müəmmalar da daşıyır.

«BİRGÜNLÜK» ŞİRKƏTLƏRİ ATMU-YA BİRLƏŞDİRƏN BAĞLAR

Rəsmi hesabatlarda 2015-ci ilin ilk 9 ayında dövlət vəsaitinin satınalmalarda istifadə olunan bir hissəsi barədə məlumat açıqlanır. Amma elə həmin məlumatların təhlili yetərlidir ki, ATMU-nunbağladığı müqavilələr üzərinə qara kölgə düşsün.

Universitet 14 satınalma müqaviləsinin əksəriyyətini adı şübhəli dövlət satınalmalarında hallanan şəxslərin iştirak etdiyi şirkətlərə verib.

Şübhə doğuran 1-ci ad

Ötən il proyektorların təmiri «VN Reklam» şirkətinə (12 min226 manat), mahiyyəti açıqlanmayan cari təmir işləri (113 min 534 manat) isə «İnşaat Servis-ZT» şirkətinə tapşırılıb. Hər iki şirkətin direktoru müstəqil jurnalist araşdırmalarında adı keçən Şamil Qandayevdir. Sahibi məlum olmayan bu iki şirkət sifarişləri almazdan bir neçə ay öncə Zaqatalada yaradılıb. «VM-Reklam» MMC AzTV-nin və Şabran rayon İcra Hakimiyyətinin təxminən 100 min manatlıq xidmət sifarişlərini dəicra edib və bu məlumat rəsmi hesabatlarda yer alıb.

Şübhə doğuran 2-ci ad

Yuxarıda haqqında danışılan «Məzun günü»nün «Parus MX» MMC-nin iştirakı ilə təşkil edildiyi bildirilir. Həm bu, həm də universitetin 2015-ci ildəki tenderlərində qalib olmuş daha bir şirkətə («Tesla N» MMC) Teymur Əliyev rəhbərlik edir. Bu həmin şəxsdir ki, mətbuat onun 2013-cü il noyabrın 18-dən 2014-cü ilin yanvarın 9-dək 69 şirkətin yaradılmasında iştirakından yazırdı. «Tesla N» şirkətinin təşkilatçısı kimi təqdim olunan 2014-cü ilin Yeni İl gecəsi universitetə 35 min manata başa gəlib.

Teymur Əliyevin direktor olduğu daha 4 şirkətlə («Professional DC», «Sarvanlar.Ay», «Sərdabə N», «CM Group») ATMU-nun əməkdaşlığı 2014-cü ilə gedib çıxır.Adları çəkilən şirkətlər sərgi və konfranslar təşkil edib, dəftərxana ləvazimatı və inventar alıb, mətbəə işləri görüb, kabel çəkib və s. Bütün bunlar üçün 300 min manata yaxın vəsaitdən istifadə olunub.

Keçən il ATMU-nun müqavilə bağladığı «Guşə-2015», «Neon-AA», «Dilək-NM» və «Yunona Service» MMC-nin adlarına başqa heç bir yerdə rast gəlmək olmur. Lənkəran, Cəlilabad və Tovuz rayonlarında yaradılan bu şirkətlər sanki elə birdəfəlik istifadə üçün qurulubmuş.

Şübhə doğuran 3-cü və 4-cü adlar

Miskin Hümbətov icra etdiyi dövlət sifarişləri ilə deyil, birdən-birə ləğvinə çalışılan 108 şirkətlə tanınıb. Onun rəhbərlik etdiyi şirkətlərdən biri («Real Təmir Tikinti») hələ universitetə çevrilməmişdən öncə Turizm İnstitutunun təmir işlərindən 118 min manat pul «tutub».

Universitetin iş tərəfdaşı kimi təqdim olunan daha iki şirkətin («Az-Tol» və «Burly» MMC) direktorunun da adı büdcə vəsaitlərinin müxtəlif yollarla ələ keçirilməsində iştirak edən şirkətlərlə hallanıb. Direktor Əbülfəz Məmmədovun ATMU ilə bağlanmış 58 min 898 manatlıq 3 müqavilənin altında imzası qoyulub.«Burly» şirkətinin adı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin ümumi dəyəri 84 min 780 manat olan 5 müqavilədə də keçir.

Şübhə doğuran 5-ci ad

Mətbuat ATMU-nun tenderlərinə qatılan 3 şirkətə rəhbərlik edən Lənkəran sakini Hikmət Tağıyev haqqında yazır ki, 1975-ci ildə doğulan bu şəxs 2008-ci ildə gecə saatlarında zavodlardan birində oğurluq etməyə cəhd göstərərkən yıxılıb və kəllə-beyin zədəsi alıb. «Yaralarını sağaldan» qəhrəman 6 il sonra 2014-cü il aprelin 3-də qurulan 3 şirkətə direktor təyin olunub. «Silver Ltd. 2000», «Lesko Ltd. 2000» və «Aktive Ltd. 2000» şirkətləri təlim keçirilməsindən tutmuş kompüter alınmasınadək 13 tenderdə qalib gəlməyi bacarıb. Bu işlərə görə universitet həmin şirkətlərə 280 min manatdan çox pul köçürüb.

XS
SM
MD
LG