Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Testlərin cavabı bəzən niyə yubanır?


Koronavirus testi
Koronavirus testi

Azərbaycanda koronavirus testləri ilə bağlı cavabların bəzən iki-üç günə belə verilmədiyi bildirilir. Halbuki, bir çox ölkələrdə belə testlərin cavabı operativ olaraq verilir...

Bakı sakininin şikayəti

Adının çəkilməsini istəməyən bir Bakı sakini AzadlıqRadiosuna deyib ki, özündə koronavirus şübhəsiylə bağlı təcili yardıma müraciət edib. «Müraciət etdim. Gəlib yoxladılar, analizlər götürdülər. Analizlərin cavabının nə zaman veriləcəyi sualına cavab kimi bir sutkaya veriləcəyini dedilər. Amma artıq 3-cü gündür ki, cavab yoxdur. Yəqin ki, bu gün (martın 30-u-red) özüm müraciət edəcəyəm»,-həmin şəxs bildirib.

A.Qeybulla
A.Qeybulla

«Cavablarının uzanması izah olunmazdır»

Tibb sahəsi üzrə professor Adil Qeybulla da deyib ki, kart-testlər ekspress diaqnostikaya aiddir və şəxsdə şübhəli məqam yarandığı halda ilkin yoxlama, ekstremal durumu dəyərləndirmək üçün aparılır: «Bu baxımdan, testlərin cavablarının uzanması izah olunmazdır. Testlərin cavabı xəstəyə dərhal deyilməli, tərəf də cavabı bilməlidir. Bundan sonra isə testin ilkin nəticəsindən asılı olaraq digər tibbi proseslər dövrəyə girə bilər. Kart-test yoxlamasında bir neçə dəqiqə kifayətdir ki, cavab aydınlaşsın. Kart-test tam 100 faizli diaqnostika olmasa da, 50 faiz üstü diaqnoz qoymaq olur. Xüsusilə, daşıyıcılarda ilkin xəstəlik başladıqda, ilk simptomlar hələ ortaya çıxmadıqda kart-testdən istifadə səmərəlidir».

Bütün bu fikirlərə, hələlik, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət almaq mümkün olmayıb. TƏBİB-dən Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahla əlaqə saxlamaq məsləhət bilinib. Qərargahla isə danışmaq mümkün olmayıb.

«İndi əsas hədəf...»

Deputat Zahid Oruc isə hesab edir ki, ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ən ciddi şəkildə aparılır və bu günlərdə «Yeni Klinika» tibb müəssisəsinin fəaliyyətə başlaması da bunun nümunələrindən biridir.

Z.Oruc
Z.Oruc

Onun fikrincə, bu mübarizədən hökumət həm insani, həm də iqtisadi baxımdan minimum itki ilə çıxmağı hədəfləyib. Z.Orucun qeyd etməsinə görə, aparılan tədbirlərin başında bu virusun yayılmasının qarşısının alınması dayanır.

«İndi əsas hədəf nə qədər insanı sağaltmaq yox, virusun insanları yoluxdurmasının qarşısını almaqdır. Bütün tibb sistemi məhz buna səfərbər edilib»,- deputat vurğulayıb

Onun sözlərinə görə, xüsusi laborator sistemlər artıq ölkəyə gətirilib və testlər keçirilir. Deputatın vurğulamasına görə, şübhəsi olan şəxslərin müraciət etdikləri təqdirdə operativ olaraq testdən keçmələri barədə faktlar daha çoxdur.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib. Bildirildiyinə görə, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qərargahdan habelə vurğulanıb ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Dünən, martın 29-dan isə xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

XS
SM
MD
LG