Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:40

Taxıl zəmisi getdi, bəs kompensasiya?


Eldəniz Quliyev
Eldəniz Quliyev

-

«Taxıl zəmilərimizi dağıdıblar, bizimlə hesablaşmadan torpaqlarımızı əlimizdən alıb Etibar Pirverdiyevə veriblər».

Lerik rayon sakini Eldəniz Quliyev pay torpağının zorla əlindən alındığını deyir. Onun sözlərincə, bir də xəbər tutub ki, taxıl zəmisi kimi istifadə etdiyi torpaq sahəsinə ağır texnikalar salaraq şumlayıblar:

«60 sot torpaq mənim mülkiyyətimdədir. Banklardan kredit götürüb o torpaqda xərc çəkib taxıl əkmişdim. Xəbərdarlıq etmədən, bizimlə hesablaşmadan, bir də eşitdik ki, əkilmiş sahəyə texnika salıb şumlayırlar. Qarşılarını ala bilmədik».

«TAXIL ZƏMİSİ MƏHV EDİLİB»

Pay torpağının sahibi deyir, məsələnin arxasında yerli icra hakimiyyəti dayanır. Onun xəbəri olmadan qurum torpaq sahəsini «Azərişıq» ASC-yə satıb:

«Torpağım Etibar Pirverdiyevə satılıb. Taxıl zəmisi məhv edilib. Bu sahə ailəmizin yeganə gəlir yeri idi. Adını da qoyublar ki, prezidentin sərəncamı belədir. Mən də Azərbaycanın işsiz bir vətəndaşı kimi Prezidentdən tələb edirəm ki, qazanc yerim olan torpaq sahəmi özümə qaytarsın. Torpaq sahəsi hansısa dövlət əhəmiyyətli layihəyə düşübsə, o zaman torpaq sahəmə və məhv edilmiş taxıla görə kompensasiya ödənilsin».

Eldəniz Quliyevin deməsinə görə, pay torpağına görə şikayət edəcəyini bildirərkən hədəylə də üzləşib:

«Mənə deyirlər, «hara şikayət etsən də, əlimizdəsən, səni bir gündə yox edərik». 75 yaşlı anam da pay torpaqlarımızı geri tələb edəndə təhqir olunub. Şikayətçi olduğumuza görə qardaşımı həbsə atmaqdan da çəkinməyiblər. Bu adamlar başa düşmürlər ki, ailəmizin 15 üzvü o zəmiylə dolanırdı. İndi acından ölürük. Deməli, acından gəbərək, ancaq səsimizi çıxarmayaq ki, bizi tutarlar. Son nəfəsimədək yeganə ruzi mənbəyimiz olan taxıl zəmisinə görə mübarizə aparacam».

«KOMPENSASİYADAN ARTIĞINI İSTƏYİR»

Lerik rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, həmin ərazidə elektrik stansiyası tikildiyi üçün torpaqlar sakinlərdən alınıb:

– Etibar Pirverdiyev o torpağı özü üçün almayıb ki… Orada elektrik stansiyası tikilir, Başqalarının torpaqları kimi, Eldəniz Quliyevin də torpağı plana düşüb.

– Bəs kompensasiya?

– Ona təklif olunan kompensasiyanın məbləğindən daha artığını istəyir. Razılığa gəlmir. Hər yerə yazır ki, guya xəbərdarlıq etməmişik, taxılını məhv etmişik. Neçə vaxtdır xəbərdarlıq olunmuşdular, orada niyə taxıl əkirdilər? Bizim məbləğlə razılaşmırsa, buyursun, məhkəməyə müraciət etsin. Onun bütün ittihamları əsassızdır.

«MÜLKİ MƏCƏLLƏ POZULUB»

Hüquqşünas Namizəd Səfərov deyir, Quliyevlər ailəsinin pay torpağının bu şəkildə əllərindən alınması ilə Mülki Məcəllənin 145, 146, 147-ci maddələri pozulub:

«Əgər ərazinin götürülməsinə hansısa dövlət əhəmiyyətli layihədən ötrü zərurət yaranıbsa, pay torpağının mülkiyyətçisi ilə razılaşdırılmalı idi. Torpağa görə ayrı, oradakı əkinə görə ayrı kompensasiya verilməli idi. Mülkiyyətçi ilə razılığa gələ bilmədikdə, məhkəməyə müraciət olunmalıydı. Ərazinin dövlət tərəfindən götürülməsi nə dərəcədə vacibdir, kompensasiyanın məbləği filan, bunlar məhkəmə qərarı ilə əksini tapmalıydı».

Vəkilin sözlərinə görə, hazırkı durumda kəndlinin torpağına qəsd edilib.

XS
SM
MD
LG