Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Taleh Bağırov: ‘Həbsxana rəisi həyatımla oynayır’


Taleh Bağırov
Taleh Bağırov

"Görün Talehi hansı həddə çatdırıblar ki, onun kimi iradəli adam özünə xəsarət yetirmək məcburiyyətində qalıb", – "Müsəlman Birliyi" hərəkatı sədrinın yaxınları AzadlıqRadiosu-na belə deyib.

İlahiyyatçı Taleh Bağırov yanvarın 7-də ailəsilə telefonla danışarkən deyib ki, son vaxtlar həbsxanada ona təzyiqlər artdığından özünə xəsarət yetirmək məcburiyyətində qalıb. İlahiyyatçının sözlərinə görə, saxlandığı Qobustan həbsxanasının rəisi Avtandil Ağayev şəxsən özü ona təzyiq göstərir:

“Bilmirəm, bütün bunları kimlər sifariş verir - Əliyev hakimiyyəti, xarici kəşfiyyat, yoxsa başqa qüvvələr... Həbsxananın rəisi şəxsən mənim həyatımla oyun oynayır”.

Taleh Bağırovun sözlərinə görə, həbsxanada namaz qılarkən istifadə etdiyi əbanı belə rəhbərliyin göstərişilə oğurlayıblar.

"Başını aşağı salıb cəzasını çəksin"

Məhbusların Qobustan həbsxanasında alçaldıcı şəraitdə saxlandığını söyləyən Taleh Bağırov bildirib ki, 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yedikləri masa arasında məsafə heç bir metr deyil:

"Bütün bu çətinliklərə baxmayaraq, biz öz haqq davamız üçün nəinki 20 il, hətta ömür boyu həbsdə qalmağa hazırıq. Əqidəmizdən dönməyə, haqq davamızdan vaz keçməyə isə əsla hazır deyilik. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar. Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun (məhbus Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması barədə dediklərini ictimaiyyətə açıqlayandan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb - red.) aqibətindən fərqlənməyəcək. Görün bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları bir-bir sadalamıram".

Penitensiar Xidmət isə Taleh Bağırova qarşı təzyiqlər barədə deyilənləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Hüseynov AzadlıqRadiosu-na bildirib ki, Taleh Bağırova qarşı heç bir təzyiq, təqib yoxdur, xəsarət də yetirilməyib:

"Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”.

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Taleh Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG