Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 07:37

Azərbaycanda ucuz taksi dövrü başa çatır?


Rəsmilərin fikrincə, Bakı üçün ideal taksi sayı 20 mindir.
Rəsmilərin fikrincə, Bakı üçün ideal taksi sayı 20 mindir.

Martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ini təsdiqləyib. Nəzərdə tutulan dəyişikliklər bu il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər Azərbaycanda taksi fəaliyyətinə tələblərin artırılmasını nəzərdə tutur.

Yeni qaydalarda göstərilir ki, taksi minik avtomobilləri gedişhaqqının qiymətini müəyyənləşdirməyə imkan verən taksometr və ya taksometr funksiyalarını görən proqram təminatlı mobil cihazla təchiz edilməlidir. Taksometrlə yanaşı, taksilərdə POS-terminal tələbi də gətirilib. İyul ayından başlayaraq taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Taksilərdə quraşdırılması tələb edilən digər bir cihaz da videokameralardır. Yeni dəyişikliklərdə nəzərdə tutulur ki, taksi minik avtomobillərinə bütün salonu əhatə edən və qeydə aldığı bilgiləri, ən azı, 1 ay saxlaya bilən yaddaş qurğulu videokameralar quraşdırılmalıdır.

Yeni dəyişikliklərlə birgə avtomobillərdə quraşdırılmalı olan cihazlarla yanaşı, taksi minik avtomobillərinin özü ilə bağlı da düzənləmələr gətirilib. Bunlardan biri taksilərin istehsal ili ilə bağlıdır. İyulun 1-dən etibarən istehsal tarixi 15 ili aşan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyənləşdirilib. Ancaq taksi rənglərinin ağ və ya qırmızı olması tələbi yalnız 2024-cü il iyulun 1-dən sonra ölkəyə gətiriləcək və sərnişindaşımada istifadə olunacaq avtonəqliyyat vasitələrinə şamil edilir. Başqa sözlə, bu tələb öncədən ölkədə taksi fəaliyyəti göstərən taksilərə aid edilməyəcək. Buraxılış kartı almaq üçün taksi minik avtomobilləri, ən azı, AVRO-5 ekoloji standartına uyğun olmalıdır.

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Taksilər necə populyarlaşdı?

Taksi sahəsi Azərbaycanda rəqabətin olduğu və xarici şirkətlərin geniş fəaliyyət göstərdiyi azsaylı sahələrdən biridir. Məhz bu səbəbdən son illərdə taksi qiymətlərində ciddi ucuzlaşma baş vermiş və bu hal taksidən istifadə edənlərin sayını artırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2019-cu ilədək Azərbaycanda sərnişindaşımada taksi nəqliyyatının payı təxminən 3.5 faizə yaxın olsa da, sonrakı illərdə taksi nəqliyyatının toplam sərnişindaşımadakı payı 5 faizi ötüb.

Ekspertlərin fikrincə, Azərbaycanda taksi şirkətlərinin fəaliyyətini genişləndirən əsas amillər qiymətin öncəki illə müqayisədə ucuzlaşması və digər ictimai nəqliyyat növlərinin yarıtmaz fəaliyyətidir. Hökumət uzun illərdir metro şəbəkəsinin inkişaf etdirilməsi ilə bağlı açıqlamalar versə də, bu sahəyə ayrılan vəsaitin yetərsizliyi metro şəbəkəsinin gəlişməsini ləngidir. Avtobus nəqliyyatı ilə də bağlı bənzər problemlər var.

Hökumət rəsmiləri öncəki açıqlamalarında açıq şəkildə bildirirlər ki, Bakıda taksilərin say çoxluğu onların ürəyincə deyil. Onlari bu fikirlərini taksilərin şəhərdə sıxlığı artırması ilə əsaslandırırlar. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bir müddət öncə açıqlayıb ki, son dövrlər taksilərlə bağlı aparılan düzənləmələrdən sonra Bakıda taksi sayı 67 mindən 60 minə enib və təxminən 10 faiz azalıb. Qurum rəsmisinin fikrincə. Bakı üçün ideal taksi sayı 20 mindir. Bu, indiki ilə müqayisədə üç dəfə az deməkdir. Unutmaq olmaz ki, hökumət ötən il də taksi sahəsində dəyişikliklərə getmişdi. O zaman taksi fəaliyyəti ilə bağlı rüsumlar artırılmış və taksi şirkətləri gedişlər üçün minimum qiymət (2 manat 50 qəpik) müəyyənləşdirmişdi. Açıqlanan rəqəmlərdən aydın olur ki, bu dəyişiklikdən sonra taksidən istifadə azalıb. Rəsmi açıqlamada bildirilirdi ki, minimum qiymət həddinin müəyyənləşdirilməsindən sonra Bakıda taksi gedişlərinin sayı 14 faiz aşağı düşüb. Taksi qiymətlərinin bahalaşmasından sonra avtobuslarla sərnişindaşıma günlük 100 min nəfər artıb.

Taksi sürücüləri niyə kart qəbul etmir?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Yeni tənzimləmələr nəyi dəyişəcək?

Taksi nəqliyyatı ilə bağlı hökumətin təsdiqlədiyi qərarlar qüvvəyə minəndən sonra taksidən istifadənin bir qədər də azalacağı gözlənilir. Axı bu dəyişikliklər taksi sürücülərinin və şirkətlərin xərclərini artıracaq. Artan xərclərsə, təbii ki, qiymətlərdə öz əksini tapacaq. Taksilərin xərclərini artıran məqamlardan biri avtomobillərdə yeni cihazların quraşdırılması tələbi ilə bağlıdır. Həm videokameralar, həm taksometr, həm də POS-terminal quraşdırılması əlavə xərclər deməkdir.

Qiymətlərə ən çox təsir imkanı olan dəyişiklik taksi avtomobillərinə 15 yaş tələbinin gətirilməsidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı rəqəmlərə görə, Bakıda fəaliyyət göstərən avtomobillərin 62 faizinin yaşı 15-dən çoxdur. Bu da o deməkdir ki, indi taksi fəaliyyəti göstərən minik avtomobillərinin təxminən üçdə ikisi iyul ayından etibarən taksi fəaliyyətində istifadə edilə bilməyəcək. Beləcə, taksi sürücülərinin və ya taksi şirkətlərinin daha yeni və bahalı avtomobil almaları şərt olacaq. Ancaq bu, hər kəsə əlçatan olmayacağından taksi sayının da ciddi ölçüdə azalacağı gözləniləndir. Bu hallar da qiymətləri bahalaşdıracaq.

İşsizlərin sayı artacaq

Xarici taksi şirkətlərinin Azərbaycan bazarına daxil olması Azərbaycan iqtisadiyyatının devalvasiya yaşadığı dövrdən bir qədər sonraya təsadüf edir. Bu baxımdan, müstəqil ekspertlər düşünürlər ki, hökumətin xarici şirkətlərə bazara girməyə yaşıl işıq yandırması məhz həmin dövrdəki ağırlaşan iqtisadi durumdan qaynaqlanıb. Axı digər dövrlərdə xarici oyunçuların yerli xidmət sektoruna belə rahatca daxil olması elə də rahat olmurdu. Həmin dövrdə iqtisadi vəziyyətin pisləşməsi işsiz sayını da artırmışdı. Bu da dolanışığın pisləşməsi və narazılıqların artması deməkdir. Ancaq indiki dəyişikliklər özəlliklə gənclər arasında məşğulluğun əsas istiqamətlərindən olan taksi sahəsində fəaliyyəti çətinləşdirəcək. Beləcə, minlərlə insan işsiz qalacaq. Ölkədə iş imkanlarının məhdudluğu taksi sahəsində işini itirən şəxslərin yenidən iş tapmaq imkanını da çətinləşdirir. Bu da qarşıdakı illərdə minlərlə ailənin dolanışığını ağırlaşdıra bilər.

XS
SM
MD
LG