Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

'Sona Vəliyeva dedi ki, həyat yoldaşım Əli Həsənova məlumat vermişəm…'


Sona Vəliyeva
Sona Vəliyeva

“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 5-6 əməkdaşı bizi birbaşa iş otağımızdan apardı və 14 gün orada qanunsuz saxlandıq. Ona görə qanunsuz ki orada saxlanmağımızı qeydiyyata almadılar. Həmin gün məndən 20 min manat aldılar, maşınımı 35 minə qiymətləndirib, onu aldılar. Ancaq bunları 564 minlik ümumi məbləğdən çıxmadılar”, - “Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədov-un məhkəmədə dedikləridir.

T.Məmmədov mühasib Fərahim Möhbalıyevlə birlikdə həbs olunub. Onlar liseyin Bakıxanov filialında təhsilhaqqı kimi ödənilmiş vəsaitdən 564 min manat mənimsəməkdə suçlanır və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar.

Rəsmi sənədlərə görə, baş mühasib və mühasib liseyin direktoru Elnur Əliyevin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətindən sonra həbs edilib. Ancaq T.Məmmədov deyir ki, yox, onları liseyin təsisçisi, prezidentin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyeva həbs etdirib. Onun sözlərinə görə, S.Vəliyeva öncə aldadıb etiraf ərizəsi yazdırıb, az sonra da polislər gələrək tutub aparıblar:

“Mən Sona Vəliyeva ilə tək görüşdüm. Dedi ki, həyat yoldaşım Əli Həsənova da məlumat vermişəm, polis çağıracaq. Əgər etiraf ərizəsi yazsan ki, “564 min manatı mən götürmüşəm, qaytaracağam”, - polisə xəbər verməyəcəyəm. Mən də yazdım. Məni aldatdı. Az sonra polislər gəldi”, - T.Məmmədovun sözləridir.

“Sona Vəliyevanın bu adama simpatiyası vardı”

Liseyin direktoru Elnur Əliyev-sə iyulun 26-da məhkəmədə dindirilərkən polisə özü şikayət etdiyini söyləyib. Ötən ilin martından liseyin direktoru olan E.Əliyev bildirir ki, baş mühasib kimi, həmişə T.Məmmədovun işindən narazı qaldığından, S.Vəliyevaya onu işdən çıxarmağı təklif edib. Amma S.Vəliyeva razılaşmayıb:

“Ondan tam hesabat ala bilmirdim. Hesabatlar kəllə-mayallaq olurdu. Təsisçiyə deyirdim ki, işdən çıxaraq, razılaşmırdı. Deyirdi, ailəsi var. Axırıncı dəfə keçən il məzuniyyətə gedəndə dedim ki, mən gələnə qədər işləri sahmana sal. Gələndə araşdırdım, 140 min kəsir aşkar elədim. Təsisçi yenə işdən çıxarmaq istəmədi, dedi, şirkətin ofisində işlə təmin edək, maaşı olduğu kimi qalsın. Təsisçinin bu adama simpatiyası vardı, doğma adam kimi yanaşırdı”.

“Dedi ki, “Paşabank”da pulumuz olsa, Heydər Əliyev Fondu üçün pul istəyəcəklər”.

E.Əliyevin sözlərinə görə, baş mühasibi bu vəzifədən çıxarıb, ofisdə işə göndərməzdən öncə ondan kassanı təhvil verməsini istəyiblər. Öncə 140 minlik kəsir aşkarlanıb. Daha sonra komissiya yaradıblar, audit yoxlaması keçirilib və 564 min manatın yoxa çıxdığı üzə çıxıb:

“Əvvəl dedilər ki, bəlkə təhsilhaqqının bir hissəsini ödəyənləri sistemə tam vurmuşuq. Qəbzləri tutuşdurduq, xərcləri çıxdıq, gördük ki, yox, pul çatmır”.

Təqsirləndirilən T.Vəliyev bildirib ki, kənardan audit çağrılmamışdı. Yoxlamadan ötrü çağrılanlardan biri “Xətai” klinikasının müdiri idi:

“Dedi ki, “Paşabank”da pulumuz olsa, Heydər Əliyev Fondu üçün pul istəyəcəklər”.

“Mən özbaşına belə bir iş görə bilməzdim, axı.."

Məhkəmədə dindirmə vaxtı direktordan liseydə maaş ödənişi zamanı qanunsuz hallar haqda soruşulub. Sual verilib ki, niyə işçilərin maaşının 90 faizi nağd, cəmi 10 faizi rəsmi şəkildə - kartla ödənilirdi?

“Mən 2018-ci ilin martından direktoram. Bu vəzifəyə gələndən sonra da ancaq keçmiş ilin kəsirləriylə məşğul olmuşam. Əgər əməkhaqqı düzgün şəkildə verilməyibsə, bu, baş mühasib kimi Tural Məmmədovun səhvi olub. İndi əmək haqları şəffaf şəkildə, kartla verilir”, - direktorun cavabı belə olub.

T.Məmmədov ona etiraz edərək bildirib ki, vergidən yayınmaq məqsədilə maaşların 90 faizinin nağd verilməsi təsisçinin göstərişi idi və direktor kimi E.Əliyevin də bundan xəbəri vardı:

“Mən özbaşına belə bir iş görə bilməzdim, axı. Mənə deyilmişdi ki, 5 min manatdan yuxarı bütün xərclər Elnur Əliyevə deyilməlidir. Maaşlarda aylıq 80 min manatdan söhbət gedir. Bunun 22 mini rəsmi qaydada kartla, qalanı qeyri-rəsmi verilirdi”.

Baş mühasib yığılan pulları günaşrı Sona Vəliyvaya verdiyini deyir

Azərbaycan manatı
Azərbaycan manatı

Sabiq baş mühasibin sözlərinə görə, o, kassaya yığılan pulları günaşırı təsisçi S.Vəliyevaya təhvil verir və onun otağında, direktorun da iştirakıyla, vəsaitlər sayılırdı.

T.Məmmədov deyir ki, təhsilhaqqı ödənişi barədə kassa-mədaxil qəbzləri deyil, liseyin daxilində hazırlanmış qəbzlər verilirdi:

“Guya yoxlamada 714 qəbzdə yazılanlar əsasında hesablama aparıblar. Yalandır, kassa mədaxil qəbzləri deyildi, daxili ödəniş qəbzləri idi. Nağdsız ödənişlərə keçid barədə prezidentin 16 dekabr tarixli fərmanı olmuşdu. Onda bizə göstəriş verildi ki, uyğun bankları müəyyənləşdirək. Beş bank tapdıq, aralarında “Paşabank” da vardı. Sona Vəliyeva dedi ki, “Paşabank”da pulumuz olsa, deyəcəklər, Heydər Əliyev Fonduna pul köçürün”.

“Kaspi” liseyindəki yarım milyondan artıq mənimsəmə iddiasıyla bağlı araşdırmalar avqustun 2-də davam edəcək.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib.

Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: “Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG