Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Müstəqillik gününə əfv gözlənir...


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bu gün, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. İclasda komissiyaya daxil olan müraciətlərin araşdırılması gözlənilir. Artıq cəmiyyətdə 28 May - Müstəqillik günü münasibətilə yeni bir əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər var. Bəzi hüquq müdafiə təşkilatları da indidən Əfv Komissiyasına müraciətlər hazırladıqlarını açıqlayıblar.

Buna qədər sonuncu əfv sərəncamı ötən ilin martında imzalanıb. Onda ümumilikdə sərəncam 475 nəfərə şamil olunmuşdu. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyahılarında siyasi məhbus kimi tanınan 40 nəfərə yaxın şəxsin də əfv sərəncamına düşdüyü bildirilirdi. Ötən ilin sonunda imzalanan geniş Amnistiya Aktına isə cəmi bir neçə siyasi məhbusun düşdüyü vurğulandı.

Bəs budəfəki sərəncamdan siyasi məhbuslarla bağlı gözlənti nədir?

Ə.Nuriyev
Ə.Nuriyev

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Turan"a bildirib ki, hüquq müdafiəçilərinin siyahılarında kimin adlarının olmasından xəbəri yoxdur: "Amma, əlbəttə ki, bu siyahıların olmasından xəbərim var. Qanunvericilik tələblərinə görə, yeddi qeyri-hökumət təşkilatı məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasının qarşısında vəsatət verə bilər. Əgər hansısa məhkumlarla bağlı belə bir vəsatət daxil olacaqsa, şübhəsiz ki, bu məsələyə baxılacaq".

"Son qərar ölkə başçısınındır"

Onun sözlərinə görə, qərarın qəbul olunması dövlət başçısından asılıdır: "Biz bu və ya digər müraciətlərə baxarkən onlarla bağlı müvafiq rəyin hazırlanması barədə qərar qəbul edirik. Amma son qərar ölkə başçısınındır. Ona görə kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyi barədə bəri başdan hansısa bir fikir söyləməkdən uzağam".

Azərbaycan ili 122 'siyasi məhbus'la başa vurur
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Yeri gəlmişkən, yerli hüquq müdafiəçilərinin tərtib etdiyi siyahılara görə, (vahid siyahı yoxdur) hazırda ölkədəki həbsxanalarda 100-dən çox siyasi məhbus cəza çəkir. Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın bununla bağlı son siyahısında 126, Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupun sənədində isə 112 nəfərin adı yer alırdı. Siyahılar tez-tez yenilənir. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, həmin siyahıda yer alanlar sırf törətdikləri cəzalara görə mühakimə ediliblər.

"Bu, problemin həlli demək deyil"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, bu, Azərbaycan üçün ciddi problemdir: "İnsanların siyasi baxışlarına, özünü ifadəsinə görə təqiblərə məruz qalması, həbs olunması qəbuledilməzdir".

B.Süleymanlı
B.Süleymanlı

Hüquq müdafiəçi qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərə və ölkənin Konstitusiyasına ziddir. O, budəfəki əfv sərəncamına da bəzi siyasi məhbusların düşəcəyini istisna etmir: "Amma bu, problemin həlli demək deyil. Uzun illərdir biz bu problemi görürük. Zaman-zaman kimlərsə həbs olunur, sonra əfvlə, amnistiya ilə azadlığa buraxılır. Bu, qəbuledilməz bir vəziyyətdir".

B.Süleymanlının fikrincə, hökumət siyasi məhbus məsələsini kökündən həll etməlidir: "İnsanlar siyasi baxışlarına görə, əsl feodal quruluşlarda olduğu kimi, təqiblərə məruz qalmamalıdır. O halda əfv sərəncamı ilə hansısa siyasi məhbusun azadlığa buraxılmamasını heç müzakirə etməyəcəyik".

XS
SM
MD
LG