Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:50

'Zamin durduğum şəxs öldü, indi mənim yaxamdan yapışıblar'


►Həyat sığortası edəndə diqqətli olun: nədən ölmək əsas şərtdir

“Zamin durduğum şəxs vəfat elədi, indi mənim yaxamdan yapışıblar”,

Mingəçevir sakini, şirkətlərin birində sürücü işləyən Nəsimi Məsiyev deyir.

O, 2014-cü ilin iyulunda iş yoldaşı mərhum Şubay Rüstəmova “Express Bank”-ın Mingəçevir şöbəsində zamin durub, 3 min 600 manat pul götürüblər.

Nəsimi Məsiyev deyir ki, Şubay Rüstəmovun həyatı da sığorta olunub və buna görə 127 manat ödənilib:

Nəsimi Məsiyev: 'Zamin durduğum şəxs vəfat elədi, indi mənim yaxamdan yapışıblar'
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

“Mərhum ikinci dəfə idi ki, kredit götürürdü, ikinci dəfə də həyatı sığorta olunurdu. İndi sığorta şirkəti pulu ödəməkdən imtina edir”.

Buna da bax: 'Banklar bağlansa, qorunmayan əmanətlər batacaq'

“Hər il tibbi komissiyadan keçmişik”

Nəsimi Məsiyev deyir ki, mərhum da sürücü olub və hər il tibbi komissiyadan keçiblər:

“Hər il Tibbi Komissiyadan keçdikdən sonra əmək fəaliyyətinə davam etməyə icazə verilirdi. Ona görə də onun hər hansı bir ciddi xəstəlikdən əziyyət çəkdiyini və bu xəstəliklə bağlı qeydiyyatda olduğunu biləmməzdim”.

Borc alan Şubay Rüstəmov 2015-ci ilin aprelində vəfat edib. “Hazırda sığorta şirkəti Şubayın xəstəliyi ilə bağlı sığorta müqaviləsinin etibarsız olduğunu bildirib və kredit borcunu mənə yönəltmək istəyir”, Nəsimi Məsiyev deyir. Onun sözlərinə görə, bank onu məhkəməyə verib hazırda 3 min 100 manatlıq krediti ödəməsini istəyir.

Himayəsində dörd azyaşlı övladı olan Məsimov aylıq maaşının 196 manat olduğunu deyir, əlavə edir ki, nə evi, nə torpağı var, özü də kirayədə yaşayır:

“Axı, rəhmətlik iki dəfə həyat sığortası olunub, illər əvvəllər ürəyində nəsə problem yaranıb, heç vaxt ürəyindən əziyyət çəkməyən adam qəfil ürəyindən ölə bilməzmi? “Atəşgah Həyat” sığorta şirkəti bunu bəhanə gətirib vəsaiti ödəmir”.

Express Bank-dan AzadlıqRadiosuna bu məsələ ilə bağlı araşdırma aparıb cavab verəcəklərini bildiriblər.

“Atəşgah Həyat” imtina səbəbini göstərir

“Atəşgah Həyat” sığorta şirkətindən isə aldığımız cavabda deyilir ki, “aparılan araşdırma zamanı Şubay Rüstəmovun ölümünün hipertoniya xəstəliyi ilə bağlı olduğu və bu xəstəliyin onda 17 il ərzində mövcud olduğu müəyyən edilib. Lakin Şubay Rüstəmov 2014-cü ildə “Atəşgah Həyat” Sığorta Şirkəti ilə sığorta müqaviləsi bağlayarkən ürək-damar xəstəlikləri barədə sığortaçıya məlumat verməyib, sığorta müqaviləsi bağlanan zaman özündə ürək damar xəstəliklərinin olmadığını bəyan edib”.

Buna da bax: Vergi borcuna görə sahibkarın 16 mərtəbəli binası hərraca çıxarıldı

“Atəşgah Həyat” bildirir ki, sığorta müqaviləsinə əsasən, ürək damar xəstəsi olan şəxslə sığorta müqaviləsi bağlanarsa, o, bağlandığı andan etibarsız sayılır: “Qeyd edilənləri nəzərə alaraq, “Atəşgah Həyat” Sığorta Şirkəti Şubay Rüstəmovun ölümü ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edib”.

“Müştəri ölürsə, zamin öhdəlikdən azad olur”

Hüquqşünas Əkrəm Həsənov deyir, sığorta şirkəti sübut etsə ki, mərhum onları aldadıb, bu zaman sığorta müqaviləsi qüvvədən düşəcək və ödəniş edilməyəcək. Ancaq o, vacib bir məqamı da vurğulayır:

“Borclunun vəfatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olur və bu, zaminliyə xitamdan ötrü əsasdır. Bu sahədə artıq məhkəmə təcrübəsi var: borclu öldükdə zamin öhdəlikdən azad olur”.

Bu olay gündəmə həyat sığortası məsələsini gətirir. Bu sığorta növü vətəndaşlar üçün nə dərəcədə etibarlıdır?

Müştərinin göstəriciləri həyat sığortasına cavab verməsə, o zaman bank başqa vasitələrə üstünlük verir, yəni kredit müqabilində zamin və ya girov tələb edir, – sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı izah edir. Onun sözlərinə görə, konkret hadisədə müştəri ilə sığorta şirkətinin müqaviləsinə baxmaq lazımdır, ümumiyyətlə isə Azərbaycanda həyat sığortası yeni sığorta növüdür və hələ də geniş yayılmayıb:

Xəyal Məmmədxanlı: Vətəndaş düşünür ki, 10-15 ilə bu sığorta şirkəti qalacaq, qalmayacaq?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

“Son 5 ildir ki, bu sığorta növü tətbiq edilir. Ancaq təəssüf ki, Azərbaycanda hələ də sığorta sistemi daha çox məcburi qaydada işləyir, yəni kimsə kimisə məcbur edir ki, sığorta olunsun”.

“Həyat sığortası üçün uzun müddət ödəniş etmək lazımdır”

Xəyal Məmmədxanlı deyir ki, sığorta bazarında əsas yığım da bu məcburi sığorta növləridir.

O qeyd edir ki, həyat sığortası üzrə bağlanan müqavilələrdə bir çox hallarda ölümün şərtləri də göstərilir və ona görə də müqavilə bağlanarkən bu şərtləri diqqətlə oxumaq lazımdır:

“Həyat sığortasının da növləri var, eləsi var ki, peşə fəaliyyəti zamanı həyatını itirirsə, o zaman sığortalanmış şəxsin ailəsinə sığorta ödənişi edilir. Ya banklarda kredit götürərkən məsələn, göstərilir ki, müştəri bədbəxt hadisə nəticəsində ölərsə, borcu sığorta şirkəti ödəyəcək”.

Ekspertin sözlərinə görə, pensiya təminatına təsir edən həyat sığortası növü də var ki, bu, hələ də Azərbaycanda çox məhdud saydadır:

“Həyat sığortası yığım üçün uzun illər tələb edir. Bankların məlum aqibətindən, maliyyə bazarındakı acınacaqlı vəziyyətdən sonra artıq vətəndaşlar öz vəsaitlərini heç bir şirkətə etibar etmək istəmirlər. Məsələn, həyat sığortasından ötrü 10-15 il şirkətə pul ödəməlisən. Vətəndaş düşünür ki, 10-15 ilə bu sığorta şirkəti qalacaq, qalmayacaq?”

Müsahibimiz deyir ki, ölkədə həyat sığortasının populyarlaşmamasının, geniş yayılmamasının səbəbləri arasında vətəndaşların məlumatsızlığı, maliyyə bazarına inamsızlığı ilə yanaşı sığorta şirkətlərinin qeyri-peşəkarlığı da rol oynayır:

“Bir məhsulu satmaqdan ötrü vətəndaşda buna ehtiyac yaratmalısan. Sığorta şirkətləri Azərbaycan vətəndaşlarında bu ehtiyacı yarada bilmirlər. Əslində sığorta növləri vətəndaşlara çox sərfəli hazırlanmalı, şərtlər əlçatan olmalıdır. Sığorta bazarı o vaxt dinamik, gəlirli ola bilər ki, sığorta növləri üzrə müqavilələr kütləvi bağlansın”, - Xəyal Məmmədxanlı bildirir.

Könüllü sığortaya maraq azalır

Maliyyə Nazirliyinin statistikasına görə, 2015-cı ildə könüllü sığorta üzrə əvvəlki illə müqayisədə toplanan sığorta haqqı bir neçə milyon manat az olub, azalma sığorta ödənişində də özünü göstərib. Ötən il 281 milyon manata yaxın sığorta haqqı toplanıbsa, iki il əvvəl bu məbləğ 285 milyon manata yaxın olub. Ancaq bunun müqabilində həyat sığortası etdirənlərin sayı artıb. Əgər 2014-cü ildə həyat sığortası üzrə 76 milyon manat vəsait toplanıbsa, ötən il bu məbləğ 85 milyon manata çatıb. Əvəzində bu sığorta növü üzrə sığorta ödənişi də 2 dəfə artıb: İki il əvvəl 26 milyonsığorta ödənişi aparılmışdısa, ötən il məbləğ 50 milyon manat olub.

XS
SM
MD
LG