Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Simonyan, əri və qohumları ‘Krım körpüsü’ filmindən 1 milyon dollar qazanıblar


Margarita Simonyan və Tigran Keosayan
Margarita Simonyan və Tigran Keosayan

Rusiyanın RT telekanalının baş redaktoru Margarita Simonyana və onun əri, rejissor və teleaparıcı Tigran Keosayana “Krım körpüsü. Məhəbbətlə tikilib” təbliğat filminin istehsalına görə 46 milyon rubl (588 min dollar) ödənib.

Bu barədə Rusiya Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalny-nın yeni videosunda məlumat verilir.

Videoda qeyd olunur ki, filmə ümumlikdə dövlət büdcəsindən 100 milyon rubl ayrılmışdı. Belə çıxır ki, ödənilən pulun yarısını Kremlə yaxınlıqları ilə tanınan ər-arvad alıblar.

Navalny-nın əldə etdiyi sənədlərdən məlum olur ki, bu filmə görə Tigran Keosayana rejissopr kimi 14 milyon rubl (179 min dollar), onun arvadı Margarita Simonyana isə ssenarist kimi 9 milyon rubl (115 min dollar) ödənib.

Keosayanın qardaşı David Keosayan filmin baş prodüseri təyin edilmişdi. Onun payına 8 milyon rubl (100 min dollar) düşüb.

Keosayanın birinci arvadı da narazı qalmayıb

Margarita Simonyan Keosayanın ikinci arvadıdır, amma bu filmdən onun birinci arvadı Alyona Khmelnitskaya da narazı qalmayıb. Qonorarın qalanını ona, Tigranın qızı Lauraya, David Keosayanın gəlini Yunona Glotovaya veriblər.

Navalny-nın təhqiqatından bu da məlum olur ki, Krım körpüsü haqqında film çəkmək Simonyan-Keosayan cütlüyünün ideyası olub, Kino Fondu onların 2016-cı ilda verdikləri təklifi rədd etmişdi.

Bundan sonra Rusiya prezidenti administrasiyası rəhbərinin müavini Aleksey Gromov ər-arvad üçün şəxsən ağız açıb və Mədəniyyət Nazirliyinə məktub yazıb. Yalnız bundan sonra Kino Fondu heç bir müsabiqəsiz bu filmin çəkilişinə 100 milyon rubl ayılıb.

Videoda bu da qeyd olunur ki, Gromovun iki oğlu RT telekanalında işləyirlər.

Navalny bildirir ki, amma bu pullar da Simonyan və Keosayanı qane etməyib. Onlara daha 54 milyon rublu Krım körpüsünü tikən şirkətin sahibi və prezident Vladimir Putinin yaxın dostu Arkady Rotenberg ödəyib.

Navalny-nın çəkdiyi video özünün texniki fəndləri ilə də maraqlıdır. Bu videoda Navalny Putinin sürdüyü KamAZ yük maşınının kabinəsinə, filmin başqa kadrlarına montaj edilib:

Bu videodan əvvəl Aleksey Navalny RT redaktoru və onun ərinin korrupsiya fəaliyyətlərini ifşa edən daha bir təhqiqatın nəticələrini və "Parazitlər" adlı videonu dərc etmişdi.

Həmin təhqiqatın videosunda deyilirdi ki, Simonyan və Keosayan dövlət reklam agentliklərindən və dövlət telekanallarından istifadə etməklə 700 milyon rubl (9 milyon dollar) əldə ediblər.

Margarita Simonyan Navalny-nın təhqiqatına şərh verərkən demişdi ki, o və əri pulları tamamilə qanuni şəkildə qazanıblar.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Navalny-nın son videosu ilə bağlı Margarita Simonyandan şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG