Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Nigar Yaqublu: Bu işdə qalib tərəf mənəm


Nigar Yaqublu
Nigar Yaqublu

►Sevgilisini siyasi hakimiyyət “əfv etməzsə”... hələ 3 il gözləyəcək...

Nigar Yaqublu Facebook-da yazıb ki, "rəsmən bizimlə alay edirlər"

Keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızıyla müxalifətçi yazar və məhbus Seymur Həzinin nikah mərasimi bilinməyən səbəblərdən ertələndi

Bir gəlin təsəvvür edin: ağlibasda, bəzəkli-düzəkli, əlində çiçək dəstəsi rəsmi nikaha girəcəyi saatları sayır.

Üstəlik, nikah çoxlarının xəyal etdiyi kimi Səadət sarayında deyil, dəmir barmaqlıqar arasında – həbsxanada kəsiləcək.

Sevdiyini siyasi hakimiyyət “əfv etməzsə”... hələ 3 il gözləyəcək, həbsxana qapılarına gedəcək... Yenə araya həsrət, intizar dolu günlər, aylar düşəcək. Ancaq nə olsa da, bu gəlin qərarını verib, ağ libasda nikaha girməyə tələsir...

Bu dəfə... nikahı rəsmiləşdirəcək qurum min cür bəhanə gətirib əngəl çıxarır, mərasimi ertələməyə çalışır. Başqası bu durumda pərt olar, üzülərdi. Amma Nigar Yaqublu – keçmiş məhbus, Müsavat Partiyası başqanının müavini, keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızı, elə siyasi məhbus, müxalifətçi yazar Seymur Həzi ilə ailə qurmağa hazırlaşan gənc xanım bu durumu da deyə-gülə, həmişəki kimi, şuxluqla qarşılayır. Sözü zarafata salır:

“ilk dəfəydi evlənirdim, bu da belə”. Gənc xanım bütün bunlara “hazırlıqlı olduğunu, ona görə də yaşananları asanlıqla aşdığını” əlavə edir:

“Heç bir pərtolma yox idi, əksinə qürurla, fəxrlə yeriyirdim ki, bu işdə qalib tərəf mənəm”.

Nigar Yaqublu: Gözləyirdik ki, hakimiyyət nəsə sürpriz edəcək
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

“Biz həmişə hakimiyyətin bir sürprizi ilə qarşılaşırıq. Buna adətkarıq deyə, bu gün yaşananlar mənə qeyri-adi gəlmədi. Zatən, bir əngəl olacağını gözləyirdim, o üzdən, baş verənləri rahat qarşıladım. Hər şeyi anlamaq olar, amma adam mübarizəni də mərdliklə aparar. Belə bir mövzuda bu qədər cılızlığa varmaq, bu qədər alçalmaq nəyə lazımmış, - anlamadım. Vallah, heç bir şey itirmədim, nikah bu gün olmadı, sabah olar. Sadəcə, insanlara bu qədər əziyyət vermək – söhbət təkcə məndən getmir, nə qədər dost-tanış, qohum gəlmişdi ora, - günün altında saxlamaq, aldatmaq nəyə lazım idi? Bu, yuxarıdan gəlmiş sifarişdir”.

Nigarla söhbəti bitməlidir, çünki həbsxanadan gələcək zəngi - Seymurun zəngini gözləyir.

Penitensiar Xidmət: "Nikah avqustun 2-də olacaq"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

BƏY ATASI: “O BOYDA XİDMƏT İŞİNİ BİRGÜNLÜYƏ NECƏ DAYANDIRA BİLƏR?”

Hakimiyyəti tənqid edən “Azərbaycan saatı”nın aparıcısı, AXCP sədrinin müavini Seymur Həzinin atası Məşğul Həziyev bu gün – avqustun 1-də oğlunun evlənə bilməməsindən qısaca danışır:

“Burda siyasi səbəb var, ya anlaşılmazlıq olub, - deyə bilmərəm. Amma ASAN Xidmətdən verilən cavab - onların birgünlüyə səyyar fəaliyyətlərini dayandırlmaları barədə söylədikləri şübhə doğurur. O boyda xidmətin birgünlük dayandırılması bir az inandırıcı gəlmir və bunun siyasi qərar olmasından şübhələnməyə əsas verir”.

Ata nikahın heç sabah kəsiləcəyinə də ümid etmir.

QIZ ATASI: “GƏNCLƏR XƏYAL QIRIQLIĞI YAŞAMADILAR”

Nigarın atası Tofiq Yaqublu da nikahın ertələnməsini “qərəz” və “gülünc” adlandırır, hakimiyyətin bu addımının “ikrah doğurduğunu”, “hakimiyyətin öz-özünə hörmətsizlik etdiyini” deyir, amma durumu “faciəviləşdirməyə” də ehtiyac görmür. Ata gənclərin – Nigar və dostlarının xəyal qırıqlığı yaşamadıqlarını, əksinə, deyə-gülə, evə qayıtdıqlarını, axşama isə izdivac qərarını bir məclisdə qeyd edəcəklərini söyləyir:

Tofiq Yaqublu: "Nikaha girənlərin siyasi mənsubiyyəti burda rol oynayıb"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

“O işin formal tərəfidir, bu gün olmadı, sabah gənclər qeydiyyatdan keçəcəklər. Əsas odur ki, gənclər həyatlarını birləşdirməyə qərar veriblər və bu da olacaq”.

Ata övladının, rəsmi ittihamın diliylə söylənsə, “xuliqan”la, özünün təbirincə isə “siyasi məhbus”la ailə qurmasına da yarıciddi, yarızarafatla baxır:

Tofiq Yaqublu: Mən çağdaş insanam, gənclər özləri seçim ediblər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

“Nigarın özü də məhbus həyatı yaşayıb. Paritet var bu məsələdə. Mən çağdaş insanam, çağdaş dəyərləri bölüşürəm, onların uğrunda mübarizə aparıram. İnanın ki, bu məsələyə qarışmamışam, sadəcə, ürəkdən təbrik etmişəm onları. Hər iki tərəf qətiyyətli və əzmlidir. Cəmiyyəti, mentaliteti gözə alsaq, burda psixoloji baryer də ola bilərdi. Gənclər bunu adlayıb keçə bilibsə, mən bunu yalnız alqışlaya bilərəm”.

Ata Yaqublu əmindir ki, hər iki gənc “o ağılda, o durumda, o dünyagörüşündədir ki bütün əngəlləri adlayaraq xoşbəxt olmağı bacaraqcaqlar”.

Rəsmi qurumlar nikah mərasiminin avqustun 2-də gerçəkləşəcəyini bildirir.

PS: Asan Xidmətdən AzadlıqRadiosu müxbirinə zəng edib bildirdilər ki, gənclər sabah - avqustun 2-də Xəzər rayonunun uyğun qurumuna gedib qeydiyyatdan kecə və evlənə bilərlər. Şərhə ehtiyac yoxdur, deyəsən...

Amma Nigar Yaqublu Facebook səhifəsində yazıb ki, nikah sabah da - avqustun 2-də də alınmayacaq. "Asan Xidmətdən mənə zəng edib bildirdilər ki, sabah gedib Xəzər Rayonunun Qeydiyyat şöbəsində qeydiyyatdan keçə bilərsiniz. Rəsmən bizimlə alay edirlər. Yəni bu gün kefimiz belə istədi, sabah da elə!"

Nigar Yaqublu danışır: ASAN Xidmət nikah mərasimindən niyə imtina edir?
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

XS
SM
MD
LG