Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

İdman sağlamlıq mərkəzinin işçilərinin hüquqları bərpa olunacaq


Şəki İdman Sağlamlıq Mərkəzi
Şəki İdman Sağlamlıq Mərkəzi

Bugünlərdə idman sağlamlıq mərkəzinin satışı üzrə Şəkidə keçirilən hərrac baş tutmayıb. Səbəb – hərrac komissiyasının beş üzvündən ikisinin hərrac günü iş başında olmamasıdır. İndiyədək belə hal az-az müşahidə olunub. Amma görünən həm də odur ki, obyektin satılmamasından udan tərəf də var. Bu, əmək kollektividir.

Hərracda iştirak etmək üçün müraciət etmiş Anar Hüseynbəyovun nümayəndəsi, Şəki şəhər sakini Nəbi Hüseynbəyli AzadlıqRadiosuna deyib ki, hərrac məqsədli şəkildə pozulub.

«KOMİSSİYA ÜZVLƏRİ GƏLMƏDİLƏR, AXŞAM TOYA GETDİLƏR»

«Bu hərraca mən də qatılmaq istəyirdim. Amma Şəki hərrac mərkəzi istəyimi əngəlləməkdən ötrü hər şey etdi: mənə ərizə forması verilmədi, beh ödəməkdən ötrü bank hesabının nömrəsi gizli saxlandı. Əmim oğlu Anar Bakıda internet vasitəsilə hərraca qoşuldu. Hərraca mənə bəlli olmayan səbəbdən gəlməyən komissiya üzvləri axşam toyda idilər. Bütün bunlar ona görə edilirdi ki, əmlak əvvəlcədən razılaşdırılmış digər şəxsə satılsın». Nəbi Hüseynbəylinin sözləridir.

***Buna da bax-Şəkidə idman obyektini işçilərdən xəbərsiz satırlar

HƏRRAC YENİDƏN TƏŞKİL OLUNACAQ - ƏMDK

Dövlət əmlakının satıcısı – Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilov hərracın qeyri-şəffaf keçirilməsi ilə bağlı ittihamı qəbul etməyib. O, AzadlıqRadiosuna söyləyib ki, komissiyanın komitənin əməkdaşı olmayan iki üzvü (Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini və maliyyə şöbəsinin müdiri – red.) onun işinə qatılmadığından hərrac ertələnib.

«Şəki İdman Sağlamlıq Mərkəzinin satışı məqsədilə hərrac yenidən təşkil olunacaq. Burada işləyən şəxslərin əmək kollektivinin üzvləri kimi hüquqları var. Onlara güzəştli satışda iştirak etməyə şərait yaradılacaq». Komitənin mətbuat katibi Qulu Xəlilov deyib.

ƏMDK oktyabrın 17-nə yeni hərrac elan edib. Hərraca çıxarılan əmlaklar arasında Şəki İdman Sağlamlıq Mərkəzi yoxdur.

XATIRLATMA

Şəki İdman Sağlamlıq Mərkəzinin satışı üzrə hərrac sentyabrın 12-də keçirilib. Əmlaka 120 min manat qiymət qoyulub. AzadlıqRadiosu Şəkidəki rəsmi mənbələrin köməyi ilə müəyyən edib ki, bu idman obyektində 3 nəfər çalışır. Qanunvericiliyə əsasən, onların ödəniş etməklə əmlakın 15 faizini güzəştli qaydada almaq hüququ var. Hərraclar isə aşkarlıq və bərabərlik prinsipi ilə keçirilməlidir.

XS
SM
MD
LG