Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Sarkisian deyib ki, atəşkəsi Moskvadan Bakı xahiş edib


Ermənistan prezidenti Astanada etdiyi çıxışda deyib ki, “dördgünlük müharibədə” atəşkəs rejiminin bərpasını Moskvadan Bakı xahiş edib

Avrasiya İqtisadi İttifaqı İqtisadi Şurasının mayın 31-də Astanada keçirilən yığıncağında Ermənistan prezidenti Serj Sarkisian deyib ki, aprelin əvvəllərində Dağlıq Qarabağdakı təmas xəttində və Ermənistan sərhədi boyunca Azərbaycanın vəziyyəti eskalasiya etməsi “Avrasiya İttifaqına ciddi təhlükəsizlik hədəsi yaradıb”.

“Əlbəttə, Qarabağın özünümüdafiə qüvvələri qayda-qanunu bərpa edib və vəziyyəti öz nəzarəti altına alıb. Bu məsələdə Azərbaycanın atəşkəs rejiminin bərpası üçün müraciət etdiyi Rusiya əsas rol oynayıb” – deyib Ermənistan prezidenti.

Serj Sarkisian: Bu məsələdə Azərbaycanın atəşkəs rejiminin bərpası üçün müraciət etdiyi Rusiya əsas rol oynayıb

O Avrasiya İttifaqının digər üzvlərinə məzəmmətlə bildirib ki, ya Avrasiya İqtisadi İttifaqına inkişaf, sülh və sabitlik şəraitində investisiyalar yatırılacaq, ya da hamı burada vaxtaşırı gərginlik və ixtilaflar olması ilə razılaşacaq.

“Düşünmürəm ki, ikinci ssenari ölkələrimizin maraqlarından qaynaqlanır” – deyib Sarkisian.

Mayın 31-də keçirilən görüşdə bu quruma daxil dövlətlərin başçıları – Nursultan Nazarbayev, Serj Sarkisian, Aleksandr Lukaşenko, Almazbek Atambayev və Vladimir Putin iştirak edirdilər.

Belarus və Qazaxıstandan inciklik

Serj Sarkisian bu yaxınlarda Vyanada Minsk qrupu həmsədrləri və prezidentlər arasında keçirilmiş danışıqlar məsələsinə toxunaraq deyib ki, Ermənistan bu görüşdə əldə olunmuş razılaşmalar istiqamətində işləməyə hazırdır, lakin sülh tənzimlənməsi ilk növbədə Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etməsi prinsipinə söykənməlidir.

Erməni əsgər Dağlıq Qarabağdakı Talış kəndində
Erməni əsgər Dağlıq Qarabağdakı Talış kəndində

Bununla yanaşı o əlavə edib ki, Ermənistan bu münaqişənin güc tətbiq edilmədən və ərazi bütövlüyü prinsipi də nəzərə alınmaqla həlli barədə Minsk qrupu həmsədrlərinin mövqeyi ilə razıdır.

Rusiya mediası xatırladır ki, Avrasiya İqtisadi İttifaqının aprel ayında keçirilməli olan yığıncağı ərəfəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bu ittifaqa daxil dövlətlərin başçıları arasında fikir ixtilafı yaranmışdı.

Qazaxıstan və Belarus prezidentləri Qarabağdakı toqquşmalarla bağlı yığıncağın başqa vaxta keçirilməsini istəmişdilər. Serj Sarkisianın fikrincə bu hərəkət Avrasiya İttifaqının nüfuzuna zərbə olmuşdu.

Təşəbbüs kimdən gəlib?

Dağlıq Qarabağda atəşkəs rejiminin bərpası barədə toqquşmalardan sonra Azərbaycan rə\smiləri də müxtəlif bəyanatlar vermişdilər.

Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, prezident administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 17 "Xəzər" televiziyasına müsahibəsində “dördgünlük müharibənin” dayandırılması ilə bağlı iki fikir səsləndirmişdi.

“Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladı və tərəfləri atəşi dayandırmağa çağırdı. Biz Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq” demişdi Həsənov.

Onun atəşkəs barədə səsləndirdiyi ikinci fikir isə beləydi:

“Bu təşəbbüs Rusiya prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır”.

XS
SM
MD
LG