Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Rəisinin Pirr qələbəsi – Qərb mediası


İbrahim Rəisi
İbrahim Rəisi

“The Washington Post” qəzetində Ceyson Rezayan yazır ki, Rəisi indiyədək bu vəzifəni tutmuş ən repressiv xadim sayıla bilər

İyunun 18-də İranda prezident seçkisini ədliyyənin başçısı, Ayətulla Əli Xameneyinin dəstəklədiyi İbrahim Rəisinin udduğu açıqlanıb. “The Financial Times” qəzeti redaksiya məqaləsində bunu Pirr qələbəsi ilə müqayisə edir, Rəisinin ölkəni 1979-cu il islam inqilabından bəri üzləşdiyi pis böhrandan çıxarmaqdan ötrü xalqın dəstəyini yığa bilmədiyini yazır.

Vəzifədən getməkdə olan prezident Həsən Ruhani 2017-ci ildə 24 milyon səslə təkrar seçilmişdi. Rəisi isə 18 milyon səs yığıb. Ölkədə seçici iştiraklılığı 48.8 faiz olub.

“İranın pərt olmuş çoxluğu Rəisiyə qarşı çıxır. Qədim sivilizasiyalı, amma gənc əhalinin dünyaya yenidən qoşulmaq həvəsi Ruhaninin iki qələbəsində əksini tapmışdı. Amma onlar daha öncədən Xameneyi və ruhanilər tərəfindən idarə olunan seçkidə özlərini ifadə edə bilməyəcəklər”, – məqalədə deyilir.

Qeyd edək ki, İranın Qəyyumlar Şurası tanınmış mötədil siyasətçiləri seçkiyə buraxmadı. Namizədliyi təsdiqlənmiş 7 nəfərin üçü isə seçki marafonunun son günündə geri çəkildi. Seçkidə Rəisinin qələbəsi gözlənirdi və o da baş verdi.

Rəisinin adı 1988-ci ildə minlərlə siyasi məhbusun edamıyla əlaqələndirilir. Sələfi Ruhani 2015-ci il nüvə sazişinin memarı idi, o isə ABŞ sanksiyaları altındadır.

Ən repressiv prezident

“The Washington Post” qəzetində Ceyson Rezayan isə yazır ki, Rəisi indiyədək bu vəzifəni tutmuş ən repressiv xadim sayıla bilər. Rezayan özü vaxtilə İran rejimi tərəfindən həbs olunub.

“Rəisi nə proqresin, nə İran xalqının hüquqlarının dostudur. Onun karyerasında diqqətçəkən məqam 1988-ci ilə minlərlə dissidenti ölümə məhkum etmiş komissiyanın gənc üzvü kimi rolundan ibarətdir”, – müəllif yazır.

“Seçkiyə buraxılmış yeddi namizədin hər biri yeganə bir prinsipə sadiq olub: rejimin həyatda qalmasına. Fərq yalnız onların sistemin uzunömürlülüyünü necə görməsində idi: ya Qərbə daha açıqlıq, ya da iranlıların getdikcə daha çox məhv etməyi arzuladığı inqilabi sistemə sadiqlik yoluyla”, – Rezayan vurğulayır.

Məqalədə deyilir ki, üfüqdə daha çox narazılıq, onun küçələrə sıçraması ehtimalı görünür. Müəllifin fikrincə, Bayden administrasiyası da buna necə cavab verməyə hazırlıqlı olmalıdır. “O aydın şəkildə bildirməlidir ki, Rəisinin keçmişdə yol verdiyi zorakı sıxışdırmalar təkrarlanarsa, yeni və güclü reaksiya ilə üzləşır, nüvə sazişinə baxmayaq”, – məqalədə deyilir.

Hazırda İranla ABŞ arasında digər böyük dövlətlərin vasitəçiliyi ilə 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar gedir. Keçmiş Prezident Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdırmağa başladı.

XS
SM
MD
LG