Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

Ryanair rəhbəri hava məkanını ‘siyasiləşdirməyə’ qarşıdır


Maykl O’Liri
Maykl O’Liri

O’Liri Ryanair təyyarəsinin istiqamətinin dəyişdirilməsi haqda iyunun 15-də Britaniya parlamentinin Nəqliyyat Komitəsində ifadə verib

Ryanair şirkətinin rəhbəri deyir ki, Belarus üzərindən uçuşlara uzunmüddətli qadağaya qarşıdır və bir ölkənin hava məkanını siyasiləşdirmək təhlükəlidir.

Maykl O’Liri mayın 23-də şirkətə məxsus təyyarənin Minskə saxta bəhanələrlə endirildiyini deyib, bunu “beynəlxalq aviasiya qaydalarının məqsədli pozulması” adlandırıb.

Ancaq onu da əlavə edib ki, Belarus üzərindən uçuşların dayandırılması uzun müddətə məntiqi addım deyil.

O’Liri Ryanair təyyarəsinin istiqamətinin dəyişdirilməsi haqda iyunun 15-də Britaniya parlamentinin Nəqliyyat Komitəsində ifadə verib. Sözügedən təyyarə Afinadan Vilnüsə uçurdu.

“Uzunmüddətli maraqlarımıza uyğun deyil”

Təyyarə Minskə endiriləndən sonra onun iki sərnişini, belaruslu müxalifətçi bloger Raman Prataseviç və onun rusiyalı sevgilisi Sofiya Sapeqa saxlanıb. Bu insident beynəlxalq miqyasda hiddətə səbəb olub.

Belarusda dispetçerlər təyyarədə bomba olması haqda informasiya aldıqlarını deyiblər. Ancaq bu iddia təsdiqlənmədi. Təyyarə Belarus qırıcısının köməyilə endirilmişdi.

Bundan sonra Britaniya və Avropa Birliyi hava şirkətlərinə Belarusun hava məkanına girməməyi tapşırıb. Bu ölkənin Belavia dövlət şirkətinin uçuşlarına da qadağa qoyulub.

“Bu bizim uzunmüddətli maraqlarımıza uyğun deyil, nə sənayemizin, nə də sərnişinlərimizin maraqlarına xidmət edir”, – O’Liri vurğulayıb.

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsinin başçısı Riçard Moriarti də deyib ki, O’Lirinin “uçuşlarla bağlı mülki aviasiya qaydalarına” qayıtmaq fikrilə razıdır.

Belarusun Londondakı səfiri Maksim Yermaloviç komitədə ifadə verməkdən imtina edib. Ancaq yaydığı bəyanatda o, Britaniyanın Belavia-ya qadağa qoymaq qərarını tənqid edib, bunun “əməkdaşlıq ruhuna sığmadığını” söyləyib.

Araşdırma gedir

Ryanair təyyarəsinin istiqamətinin dəyişdirilməsini hazırda BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) araşdırır. Yaxın həftələrdə hesabat açıqlanacağı gözlənir.

26 yaşlı Prataseviç Telegram-da Nexta-Live kanalının əsas administratoru idi. Belarusda ötən avqustdakı prezident seçkisinin nəticələrinə qarşı etirazları bu kanal geniş işıqlandırıb.

Seçkinin rəsmi nəticələrinə görə, onu altıncı müddətə Alyaksandr Lukaşenka udub. Amma müxalifət seçkinin saxtalaşdırıldığını, əsl qalibin müxalifət lideri Svetlana Tixanovskaya olduğunu deyir.

İyunun 15-də Britaniya parlamentariləri qarşısında çıxış edən Tixanovskaya onları Lukaşenkaya sərt sanksiyalar tətbiq etməyə çağırıb.

O, Xarici İşlər Komitəsində deyib ki, “hamımızın birləşərək bu rejimə daha çox təzyiq göstərməyinin vaxtı çatıb. Bu məqamdan istifadə etməliyik”.

XS
SM
MD
LG