Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:41

Rusiyalı muzdluların Liviyadan çıxarıldığı xəbər verilib


General Haftarın qüvvələri
General Haftarın qüvvələri

Rusiyalı muzdluların Liviyadakı döyüş əməliyyatları zonasını tərk etdikləri xəbər verilir.

Bu barədə məlumatı Liviya hökumət qoşunları komandanlıq qərargahının nümayəndəsi Muhammed Kununuya istinadən Anadolu xəbər agentliyi verib.

Onun sözlərinə görə hökumət qoşunlarına qarşı döyüşən Khalifa Haftarın hərbi birləşmələri ilə çiyin-çiyinə vuruşan Rusiya muzdlularını Liviya paytaxtı Tripolinin cənub-şərqində yerləşən Bəni-Valid aeroportundan iki hərbi nəqliyyat təyyarəsi ilə aparıblar.

Muzdlu döyüşçülərin yeni dislokasiya yeri barədə heç bir məlumat yoxdur.

Anadolu agentliyinin məlumatında deyilir ki, ümumilikdə Tripoli ətrafından 1600 muzdlu çıxarılıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu rəqəmlər şübhə doğurur, beləki An-32 təyyarəsi maksimum 40-50 sərnişin tutur.

Bundan başqa Liviyadan alınan xəbərlərdə bu döyüşçülərin ön xətdə olmasına dair məlumat verilmirdi.

Liviyanın BMT-dəki daimi nümayəndəsi Taher al-Sonny xarici muzdluların Bəni-Valid hava limanından evakuasiyasını görüntüləyən video dərc edib.

Diplomatın sözlərinə görə bu muzdlular Haftarın tərəfində döyüşürdülər. O bunu da bildirir ki, bunlar Rusiyanın Vagner özəl hərbi şirkətinin müqaviləli döyüşçüləri olub.

Son günlərdə Haftarın qoşunları Liviyanın qərbində Türkiyənin dəstəklədiyi hökumət qüvvələri tərəfindən ağır məğlubiyyətlərə uğradılıb.

Bu döyüşlərdə rusiyalı muzdluların iştirak edib-etmədikləri məlum deyil.

Münaqişənin qısa tarixçəsi

2011-ci ildə Liviyada diktator Muammar Gaddafi devrilib. Onun ikinci oglu Saif al-Islam Liviyanın keçid hökumətinə qarşı müqavimətə rəhbərlik edib.

O bundan az sonra Nigerə qaçmaq istəyərkən ələ keçib və ölkənin şimal-qərbindəki qüvvələr tərəfindən həbsxanada saxlanıb.

O 2015-ci ildə ölüm cəzasına məhkum edilsə də, hökm indiyədək icra edilməyib.

Gaddafi devrildikdən sonra ölkədə vahid hökumətin təşkili mümküm olmayıb. 2011-2014-cü illər arasında yeni hökumətlə keçmiş rejimin tərəfdarları arasında müntəzəm olaraq toqquşmalar baş verib.

2014-cü ilin mayında toqquşmalar tammiqyaslı vətəndaş münaqişəsinə çevrilib. Hazırda ölkənin qərbində paytaxt Tripoli də daxil, Milli Barışıq Hökuməti bərqərar olub.

Bu hökumət BMT tərəfindən tanınıb. Hökumətə baş nazir Faiz Sarraj başçılıq edir. Onun hökuməti Qərb ölkələri və Türkiyə tərəfindən dəstəklənir.

Ölkənin şərqi və cənubu Liviya Nümayəndələr Palatasının nəzarətindədir. Bu hökuməti sözü gedən hərbçi Khalifa Haftarın qoşunları dəstəkləyir.

Öz növbəsində bu hökumətə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstək verir.

Haftar bundan əvvəl bir neçə dəfə Moskvada Rusiyanın siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparıb.

Rusiya Haftarı rəsmi olaraq dəstəklədiyini inkar edir.

Putinin etirafı

Bundan başqa Liviyada bəzi ərazilərə müxtəlif islamçı qruplaşmalar, o cümlədən İslam Dövləti ekstremist təşkilatının cihadçıları nəzarət edir.

2020-ci ilin əvvəllərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan Liviyada atəşkəsə çağırmışdılar.

Haftar atəşkəs təklifini rədd etmişdi. Erdoğan bəyan etmişdi ki, Haftarın tərəfində 2000-dək Rusiya muzdlusu döyüşür.

Putin bunu dəfələrlə inkar etsə də, bu yaxınlarda etiraf edib ki, Liviyada Rusiya vətəndaşları var, lakin onları bu ölkəyə Moskva göndərməyib.

Moskva Vagner özəl hərbi şirkətinin növcudluğunu inkar etsə də, onun döyüşçülərinin Suriyadakı hərbi əməliyyatlarda iştirak etdiyinə dair mötəbər xəbərlər var.

XS
SM
MD
LG