Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Rusiyada plastiksiz yaşamaq neçəyə başa gəlir?


Plastik torbalar
Plastik torbalar

-

Rusiyanın iri şəhərlərində ətraf mühit fəalları iş başındadırlar: onlar supermarketlərdə polietilen paketlərdən istifadə etmirlər, şəhər parklarını təmizləyirlər, zibili isə növlərinə ayıraraq emal edirlər.

Krasnoyarskdan olan uğurlu sahibkar Dmitry Sukhanov hər həftəsonu oğlu ilə birlikdə Yenisey çayının sahilinə gedib şəhər sakinlərinin tökdüyü zibili yığışdırır. Ailə cəmi 10 dəqiqə ərzində üç iri kisə plastik tullantı toplayır. İş adamı etiraf edir ki, o, sırf təmiz şəhərdə yaşamaq arzusundan süpürgəçilik edir. O, özünün ekoloji vərdişlərini oğluna da aşılamaq istəyir.

Krasnoyarsk şəhərinin başqa bir sakini Natalia Pavlenko mağazadan evə plastik torbalarla yox, parçadan tikilmiş çanta ilə qayıdır. Natalia qərara gəlib ki, eksperiment aparsın və bir ay plastiksiz yaşasın. O, plastik bağlamada olan ərzaqları da almır. Nəticədə o, özü də gözləmədən pəhrizə başlayıb.

«Plastiksiz yaşamaq mümkün deyil. Hər şey plastiklə qablaşdırılır. Eksperimentin bir məqsədi də elə budur: insanlar bizim plastikdən nə dərədə çox istifadə etdiyimiz barədə düşünsünlər», - Natalia Pavlenko deyir.

Bir neçə ay bundan əvvəl Krasnoyarsk şəhərinin ərzaq dükanları şəbəkələrindən biri oxşar eksperiment apararaq bio-plastikdən və kağızdan hazırlanmış paketlər buraxıb. Ancaq belə paketlər adi plastik paketlərdən baha olduğuna görə müştərilər bu təşəbbüsü dəstəkləməyiblər.

ZİBİLXANALARI GÖRSƏYDİLƏR...

Şəbəkənin marketinq üzrə direktoru Viktor Makhov deyir ki, Rusiyada, hələ ki, ekoloji təmiz materiallardan istifadə mədəniyyəti yoxdur. Onun sözlərinə görə, alıcı bağlamaya ekoloji yanaşmanın vacibliyini görmür.

Ekoloqların fikrincə, problem ondadır ki, insanlar zibilxanalarda olmurlar və gün ərzində nə qədər plastik tullantının atıldığını görmürlər. Görsəydilər, bəlkə də zibil yaratmaqdan əl çəkib onu emal etməyə başlayardılar.

Ətraf mühit fəalı Sergei Kirillov iki il əvvəl plastik zibili toplayaraq yenidən emal müəssisələrinə aparmaq qərarına gəlib. Onun bu təşəbbüsünə həmkarları da qoşulub. Hazırda onun bu ekoloji layihəsində 300-dən çox adam iştirak edir. Bir aya bir konteyner plastik toplanır. Bu, bir standart «xruşovka»dan toplanan tullantının həcmidir.

S.Kirillov deyir ki, vacib olan plastikə zibil kimi yox, ikinci emal üçün xammal kimi yanaşmaqdır. Onun sözlərinə görə, hələlik, zibil biznes sahəsi ola bilməz. Belə ki, onun emalı həddindən çox xərc aparır.

Rusiyada təbiəti çirkləndirmədən yaşamaq baha başa gəlir. Belə yaşamağa çalışanlar deyirlər ki, onların xərcləri 20-30% artıb. Bura zibilin emal zavodlarına daşınması və ekoloji qablaşdırmada məhsulların seçilməsi də daxildir.

Statistik göstəricilərə görə, hər bir Rusiya sakini ildə təxminən 1 ton tullantı istehsal edir.

XS
SM
MD
LG