Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Rusiyada demokratiya niyə alınmadı


Masha Gessen
Masha Gessen

Rus əsilli Amerika yazıçısı Masha Gessen «Gələcək tarixdir: totalitarizm Rusiyanı necə yenidən ələ keçirdi» (The Future Is History: How Totalitarianism Reclaimed Russia) kitabına görə 2019-cu il Leypsiq Kitab Yarmarkasının mükafatına layiq görülüb. 2017-ci ildə yazılmış kitab Rusiyada kommunizmin süqutundan sonra demokratiyanın baş tutmamasının səbəbləri haqdadır. Kitabın əsas arqumenti isə budur: Putin yeni totalitar dövlət qurmaqdadır.

Bəzi adamlar Trump-ın hakimiyyətə gəlməsinə Rusiyanın kömək etdiyini düşünür. Tanınmış jurnalist, «The New Yorker» jurnalının yazarı M.Gessen belə düşünmür. Gessen-in bu mövqeyi onu tənqid hədəfinə çevirib. Onu hətta «Putinin pullu təbliğatçısı» da adlandırıblar.

Üzsüz adam

İşin ironik tərəfi budur ki, Gessen Rusiya prezidenti Vladimir Putin-in ən sərt amerikalı tənqidçilərindən biri hesab edilir.

Gessen həyatı boyunca dəfələrlə mühacirət edib. O, 1967-ci ildə Moskvada ziyalı yəhudi ailəsində doğulub. 1981-ci ildə ailəsi ilə birlikdə ABŞ-a mühacirət edib. 80-ci illərin sonlarında gənc jurnalist kimi Rusiyanın azadlıq və demokratiyaya qovuşmasından yazıb. 1994-cü ildə Rusiyaya qayıdaraq, burada bir sıra Rusiya və Amerika nəşrləri üçün yazmağa başlayıb.

Orada hazırkı həyat yoldaşı ilə tanış olub və övladlığa uşaq götürüb. Eyni zamanda, demokratiya, insan hüquqları, LGBT hüquqları fəalı olan Gessen burada kitablar yazmağa başlayıb.

2011-ci ildə Putin-in «Üzsüz adam: Vladimir Putin-in gözlənilməyən yüksəlişi» (The Man Without a Face: The Unlikely Rise of Vladimir Putin) adlı bioqrafiyasını nəşr etdirir. Gessen Rusiya prezidenti ilə birbaşa görüşmüş az sayda rusiyalı jurnalistlərdən biridir. O, bugünədək Putin-in ağzından çıxan hər sözü diqqətlə izləyir.

Gessen həm ABŞ, həm də Rusiya vətəndaşıdır. 2013-cü ildə Rusiyada xarici gey cütlüklərin övladlığa uşaq götürməsinin yasaqlanması səbəbindən oğlunu itirmək təhlükəsi ilə üzləşən Gessen yenidən ailəsi ilə birlikdə mühacirət etməli olub.

Yeddi şəxs

«Mən 30 və 40 yaşlarımı Rusiyada heç vaxt baş tutmamış demokratiyanın ölümünü qeydə almaqla keçirdim», – Gessen «Gələcək tarixdir» kitabının proloqunda yazır. Nə üçün azadlıq möhkəm anlaşılmayıb? Nə üçün Rusiyada demokratiya heç vaxt ciddi arzulanmayıb? Bu suallar kitabın başlanğıc nöqtələridir.

Onları cavablandırmaq üçün Gessen 500-səhifəlik kitabda yeddi şəxs haqda yazır. Onlardan dördü - Zhanna, Masha, Seryozha Lyosha 1980-ci illərin əvvəllərində doğulublar. SSRİ-nin dağılması onların uşaq yaşlarına düşüb. Digər üçü isə sosial elmlərlə məşğul olan alimlərdir. Marina Arutyunyan psixoanalitik, Lev Gudkov sosioloq, Alexander Dugin isə filosof və ifrat sağçı siyasi fəaldır. Onların hər biri sovet və postsovet dövrləri ilə bağlı təcrübələrini bölüşür.

Gessen kitabdakı insanların həyatını onların öz subyektiv nəzər nöqtəsindən təqdim edir. Onlarla tarixin təhlili, siyasət və intellektual düşüncə mövzularında söhbət edir. Kitabın bəzi yerləri, Gessen-in özünün təbirincə desək, uzun rus publisistik romanından çox elmi iş təsiri bağışlayır.

Kitabdakı gənclərdən heç birinin həyatı rahat keçməyib. Janna Nemtsova-nın atası, tanınmış liberal siyasətçi, Putin-i sərt tənqid edən Boris Nemtsov 2015-ci ildə Moskvada, Kreml yaxınlığında körpüdə gəzərkən qətlə yetirilib. Elə həmin il onun qızı Almaniyaya gedərək, DW-nin (Alman dalğası) Rusiya TV proqramında işə başlayıb.

«Homo sovieticus» hələ sağdır

Kitabda haqqında yazılan Masha «Pussy Riot» və digər müxalif qrupların üzvüdür.

Seryozha isə imtiyaz divarı arxasında böyüyüb. Onun babası Aleksandr Yakovlev yüksəkvəzifəli sovet siyasətçisi olub və 80-ci illərdə islahat tərəfdarı olub. Seryozha-nın özü Putin hökumətini tənqid edir və müxalif siyasətçi Alexei Navalny-nın küçə etirazlarına qoşulur.

Lyosha isə geydir və bunu cəsarətlə, açıq ifadə edir. O, bir əyalət universitetində LGBT mövzularının tədris proqramına salınmasına çalışır. O, Uralda, Permdə universitetdə dosent vəzifəsindən kənarlaşdırılır.

Gessen Rusiyanı mafiya dövləti istiqamətində sürətlə diyirlənən ölkə adlandırır. Putin-sə bu mafiyanın xaç atasıdır. Millətçi dəyərlərin qayıtması, rejimin kəşfiyyat agentliyinin və mütəşəkkil cinayətin güclənməsi 90-cı illərin postkommunist boşluğunu doldurmaqdadır. Gessen-in kitabında deyilir ki, «homo sovieticus» əslində heç vaxt məğlub olmayıb və daim azadlığın bərqərar olmasını əngəlləyib.

XS
SM
MD
LG