Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Rusiyalılara Şengen vizalarının verilməməsi müzakirə olunacaq


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqını və Böyük yeddilərin G7 qrupunu Rusiya vətəndaşlarına viza verilməsinin dayandırlmasına çağırıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba avqustun 10-da Avropa İttifaqını və Böyük yeddilərin G7 qrupunu Rusiya vətəndaşlarına viza verilməsinin dayandırlmasına çağırıb.

Bundan bir gün əvvəl eyni çağırışla Ukrayna prezidenti Volodimir Zelenski çıxış etmişdi.

O The Washington Post qəzetinə müsahibəsində rusiyalılara Avropaya səfərlər üçün viza verilməsinin dayandırılmasını, artıq Avropada olan rusiyalıların isə məskunlaşmaq hüququnu ləğv etməyə çağırmışdı.

Zelenski demişdi ki, Rusiya Ukraynaya qarşı təcavüzünü dayandıranadək bütün rusiyalılar Rusiyaya deportasiya edilməlidirlər.

Moskva Zelenskinin bu çağırışına hiddətli reaksiya vermişdi. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyanın və rusiyalıların təcrid edilməsi cəhdlərini “perspektivsiz” adlandırmış və ümid etdiyini bildirmişdi ki, "sağlam düşüncə” üstün gələcək.

“Rusiya turizminə son” qoyulması?

Avqustun 9-da Finlandiyanın baş naziri Sanna Marin rusiyalılara Finlandiya vizalarının verilməsinin məhdudlaşdırılmasına tərəfdar olduğunu bildirib.

Marinin sözlərinə görə Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi bir vaxtda rusiyalıların Avropaya səfər hüququndan istifadə etməsi ədalətli deyil.

O vurğulamışdı ki, bir çox rusiyalılar Finlandiyadan başqa Avropa ölkələrinə keçmək üçün tranzit kimi istifadə edirlər. Beləki bir çox ölkələr Rusiya ilə birbaşa hava nəqliyyatı əlaqəsini dayandırıb.

Sanna Marin deyib ki, Rusiya turizminə məhdudiyyət qoyulması qərarı ümum-Avropa səviyyəsində qəbul olunmalıdır.

Estoniyanın baş naziri Kaya Kallas da “Rusiya turizminə son qoyulmasına” çağırıb.

Estoniya iyulun 28-dən Belarus və Rusiya vətəndaşlarına təhsil məqsədilə qısamüddətli vizaların verilməsini dayandırıb.

Latviyada isə avqustun 5-dən rusiyalılara milli və Şengen vizaları verilmir.

Xəbər verilir ki, Avropa İttifaqının xarici işlər nazirləri Rusiya Federasiyası vətəndaşlarına Şengen vizalarının verilməsini məhdudlaşdırmaq məsələsini bu ayın sonunda Praqada keçiriləcək iclasda müzakirə edəcəklər.

Belə bir qadağan Rusiyaya qarşı sanksiyaların növbəti paketinə daxil edilə bilər.

Bununla belə, hələki Avropa İttifaqında rusiyalılara viza verilməsinin tam qadağanını istisna edirlər, çünki bu, İttifaqın normalarına zidd olardı.

Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bu barədə deyib:

"Həmişə bir qrup adam var ki, onlara viza verilməsi zəruridir. Söhbət humanitar hallardan, Aİ üzvü ölkələri vətəndaşlarının ailə üzvlərindən, jurnalist və dissidentlərdən gedir”.

Avropa İttifaqının əksər ölkələri Rusiya vətəndaşlarına turist vizaları verilməsini davam etdirsələr də, Rusiyadan səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Hazırda Avropa İttifaqına üzv ölkələrlə Rusiya arasında birbaşa hava nəqliyyatı yoxdur.

XS
SM
MD
LG