Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

‘Rusiya bu məsələdə ikili oynayır’


Azərbaycan-Ermənistan sərhəddinin bir hissəsi üzrə xəritə
Azərbaycan-Ermənistan sərhəddinin bir hissəsi üzrə xəritə

Artıq iki aya yaxındır ki, regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) İşçi qrupunun fəaliyyəti müşahidə olunmur.

Açıqlamalara görə, bu il yanvarın 11-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirin görüşündən sonra yaradılan bu İşçi qrup nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı detalları müəyyən etməli idi.

Lakin iyunun 1-də Ermənistan üçtərəfli İşçi qrupda iştirakını dayandırdığını bəyan edib.

Ermənistanın izahı...

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib ki, bu qərar erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın təcavüzü ilə bağlıdır.

«Sərhəddə hazırki vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib»,deyə o vurğulayıb.

Hərçənd, sərhəddə son aylarda baş verən gərginliklə bağlı Azərbaycan öz növbəsində Ermənistanı təxribatda günahlandırır. Üstəlik,Azərbaycan bütün hərbi əsirləri qaytardığını bəyan edib.

Bakı, hazırda Azərbaycanda mühakimə edilən Ermənistan hərbi qulluqçularının isə, 10 noyar sazişindən sonra saxlandığını və onların da hərbi əsir yox, təxribat qruplarının üzvləri olduğunu bildirir. Ermənistan isə bu yanaşma ilə razilaşmır

Azərbaycandakı bəzi ekspertlər hesab edirlər ki, üçtərəfli İşçi qrupunun fəaliyyət göstərməməsi bölgədə kommunikasiyaların açılması məsələsini faktiki olaraq sıfıra endirir.
Bəs görək, Azərbaycanda necə hesab edirlər, platforma niyə işləmir, onun işləməməsi hansı nəticələrə gətirib çıxara bilər?

«Altıdan çox görüş keçirildi və ümidverici nəticələr var idi»

XİN
XİN

Azərbaycan Xarici İşlər Nazirliyi-ndən (XİN) «Turan» İnformasiya Agentliyinə bildirilib ki, cari ilin yanvar-fevral aylarında məsələ ilə bağlı aktiv fəaliyyət başlanıb :

«Üç ölkənin Baş nazir müavinləri səviyyəsində birgə İşçi qrupu, ekspertlər qrupu yaradıldı, altıdan çox görüş keçirildi və ümidverici nəticələr var idi».

Lakin nazirlikdən qeyd olunub ki, sonradan Ermənistanda seçki öncəsi (Ermənistanda iyunda parlament seçkiləri keçirilib) ritorikanın tərkib hissəsi olaraq bu proseslə bağlı ziddiyyətli, bir -birini inkar edən yanaşmalar müşahidə olunmağa başlayıb :

«Yəni, biz bu prosesə konstruktiv yanaşmanı görmürük»

«Seçkilərdən bir neçə gün öncə Ermənistan tərəfi üçtərəfli İşçi qrupunda fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat verdi. Seçkilər başa çatıb, amma indi yenə də biz hansısa ziddiyyətli fikirlər eşidirik ki, Ermənistan tərəfi üçtərəfli İşçi qrupuna qayıdır, ancaq burada da hansısa istiqamətləri ilk prioritet hesab edirlər, hansılarısa ikinci prioritet. Yəni, biz bu prosesə konstruktiv yanaşmanı görmürük».

XİN-dən vurğulanıb ki, proses ətrafında hansısa fikir ayrılığı varsa belə, bunun üçün İşçi qrupu var :

«Orada bu məsələlər müzakirə olunmalıdır, orada razılığa gəlinməlidir. Burada bir- birini inkar edən, prosesə zərbə vuran bəyanatların verilməsi daha çox prosesə xələl gətirmək mənasını daşıyır».

«Ermənistan hakimiyyəti buna hazır deyil»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu-nun isə AzadlıqRadiosuna deməsinə görə, Ermənistanın İşçi qrupunda fəaliyyətinin dayandırılmasının səbəbi ondan ibarətdir ki, o, 10 noyabr və 11 yanvar bəyanatlarını icra etmək istəmir :

«Bu bəyanatların əsas bəndlərindən biri də kommunikasiya xəttlərinin açılmasıdır. Düzdür, Ermənistan tərəfi iddia edir ki, orada Zəngəzur dəhlizi (Ermənistanın Sünik rayonu) ifadəsi yazılmayıb, amma yazılmasa belə söhbət nəqliyyat dəhlizinin açılmasından gedir. Ermənistan hakimiyyəti buna hazır deyil».

Ekspert hesab edir ki, bu vəziyyət Azərbaycan üçün əlavə şans deməkdir :

«Biz diplomatik fəallığını artıra bilərik və hamıya göstərə bilərik ki, Ermənistan üçtərəfli İşçi qrupunun fəaliyyətində maraqlı deyil, qaçır və məsələyə artıq ABŞ-ı, Fransanı, Avropa Birliyini qatmağa çalışır».


Politoloqun fikrincə, Ermənistan sərhədlərin müəyyələşməsində də marağlı görünmür :

«Azərbaycan təklif edir ki, gəlin delimitasiya və demarkasiya işlərini aparaq, bir -birimizin ərazi bütövlüyünü tanıyaq, sülh sazişini imzalayaq, Ermənistan isə bütün bunlardan qaçır. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması o demək olacaq ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Buna daxilən hazır deyillər. N.Paşinyan da qorxur ki, belə bir addım atsa ona qarşı müqavimət daha da güclənəcək».

«Biz Moskvadan tələb etməliyik ki,... »

E.Şahinoğlu sonra da deyib:

«Biz fəallığımızı artırmalıyıq, sərhədlərimizi müəyyənləşdirməliyik. Biz Moskvadan tələb etməliyik ki, Ermənistana təzyiq edib üçtərəfli İşçi qrupunun fəaliyyətini sürətləndirsin. Çünki məsələ uzanır, sərhəddə gərginlik artır və həll olunmadıqca vəziyyət daha da gərginləşəcək».

Elxan Şahinoğlu, arxiv foto
Elxan Şahinoğlu, arxiv foto

Ekspertin fikrincə Rusiya bu məsələdə ikili oynayır: «Bir tərəfdən bizə deyir ki, kommunikasiya xəttləri açılmalıdır, bəyanat yerinə yetirilməlidir, amma ikinci tərəfdən Ermənistanda hərbi bazaları genişləndirir, ona heç bir təzyiq və təsir etmir ki, anlaşmaları yerinə yetirsin».

Onun sözlərinə görə, görünür ki, Moskva münaqişənin davamında maraqlıdır :

«Çünki münaqişə vasitəsilə həm Ermənistana, həm Azərbaycana təsir etməyə imkanı var. Sülh sazişi imzalansa məsələ bitmiş olacaq. Görünür ki, Moskvada müəyyən dairələr məsələnin bitməsini istəmirlər».

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzalayıblar.Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG