Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Marqarita Simonyan 'peşə etikasızlığında' günahlandırılır


Rusiya prezidenti Vladimir Putin (solda) 2019-cu ildə Marqarita Simonyanı Aleksandr Nevski ordeni ilə təltif edib
Rusiya prezidenti Vladimir Putin (solda) 2019-cu ildə Marqarita Simonyanı Aleksandr Nevski ordeni ilə təltif edib

Sərhədsiz Reportyorlar (Reporters Without Borders - RSF) Rusiyada dövlətin maliyyələşdirdiyi bir sıra media qurumlarının rəhbəri olan Marqarita Simonyanı Belarusda müstəqil mediaya divan tutulmasına açıq dəstək verdiyinə görə sərt tənqid edib.

Mayın 23-də Belarus hökuməti Ryanair hava şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsini “saxta bomba təhlükəsi iddiası” ilə məcburi qaydada Minskə endirib.

Təyyarə endikdən sonra sərnişinlərin arasında olan müxalif Belarus blogeri Raman Prataseviç və onun rusiyalı qız yoldaşı həbs olunublar.

Təyyarədə bomba tapılmayıb.

Belarusun bu hərəkəti beynəlxalq hiddətə səbəb olub. Avropa İttifaqı və insan haqları təşkilatları Prataseviçin dərhal azad olunmasını tələb ediblər.

Avropa İttifaqı və ABŞ Belarusun və onun avtoritar lideri Alyaksandr Lukaşenkanın üzərinə yeni sanksiyaların qoyulacağı ilə hədələyiblər.

“Batya əla hərəkət edib”

Bütün bunlara rəğmən Simonyan Belarus hökumətinə heyranlığını bildirib və avtokrat lider Lukaşenkaya minnətdarlıq edib:

“Heç ağlıma da gəlməzdi ki, nəvaxtsa hər hansı səbəbdən Belarusa qibtə edə bilərəm. Amma indi qibtə edirəm. Batya əla hərəkət edib”.

Parisdə mənzillənmiş RSF-in “Rusiya təbliğatının sütunu” adlandırdığı Simonyan 2005-ci ildən RT kanalının başçısıdır.

O habelə dövlət tərəfindən maliyyələşdirilən Rossiya Seqodnya (Rusiya Bugün) media qrupunun rəhbəridir. Sputnik şəbəkəsi də bu qrupa daxildir.

RSF-in baş katibi Kristof Deluarın iyunun 2-də verdiyi bəyantda deyilir ki, Simonyanın bu şərhi onun Belarusdakı həmkarlarına divan tutulmasını alqışlaması anlamına gəlir, halbuki o, söhbət özünün rəhbərlik etdiyi qurumlardan gedərkən media azadlığının qızğın tərəfdarı kimi danışmağa çalışır.

Cənab Deluar habelə Simonyanın yadına jurnalist etikasına dair Münhen Xartiyasının 2-ci maddəsini salır.

Həmin maddədə deyilir ki, “jurnalistlər informasiya, şərh və tənqid azadlığını müdafiə etməlidirlər”.

Deluar bildirir ki, Marqarita Simonyan bunun tam əksini edib.

Belarus 2021-ci il Dünya Media Azadlığı İndeksinə görə 180 ölkə arasında 5 pillə geriləyərək 158-ci yerə enib.

XS
SM
MD
LG