Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

Rauf Mirqədirovun anası: “Nəinki onu, anasını, atasını da sındırdılar”


Rəfiqə İsayeva
Rəfiqə İsayeva

►“Dövlətdən, hakimiyyətdən, hüquq-mühafizə orqanlarından xahiş edirəm, onu artıq azadlığa buraxsınlar. İki il artıq kifayətdir”

Martın 16-da Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası "Zerkalo" qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun şikayətinə baxıb.

Qapalı keçirilən məhkəmə iclasında baş verənlər barədə jurnalistin vəkili Fuad Ağayev məlumat verib.

“BƏRAƏT VERİLSİN”

Vəkil bildirib ki, məhkəmə iclasında həm özü, həm də Rauf Mirqədirov çıxış edib.

Apellyasiya şikayətinin dəlillərini müdafiə edən vəkil Rauf Mirqədirov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını, ona baraət verilməsini istəyib.

"Rauf Mirqədirov da mənim mövqeyimi müdafiə etdi, günahsız olduğunu bildirdi və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Prokuror isə, birinci instansiya məhkəməsində ittiham tərəfi hansı mövqedə idisə, o da həmin mövqedən çıxış edərək, hökmün dəyişdirilmədən saxlanılmasını təklif elədi", - deyə Fuad Ağayev bildirib.

Fuad Ağayev
Fuad Ağayev

Məhkəmədən gözləntilərə gəlincə, vəkil hələlik bu barədə danışmaq istəmir: "Məhkəmənin gedişini qiymətləndirmək istəmirəm. Sabah qərardan sonra bu barədə fikirlərimi bildirəcəm".

Bakı Apellyasiya Məhkəməsinin Rauf Mirqədirov barədə qərarı isə martın 17-də elan olunacaq.

“ÜMİD EDİRƏM, MÜSBƏT NƏTİCƏ OLACAQ”

Rauf Mirqədirovun anası Rəfiqə İsayeva isə oğlunun azadlığa buraxılması üçün bir daha media vasitəsilə hakimiyyətə müraciət edib:

"Ümid edirəm ki, sabah müsbət nəticə olacaq. Mən dövlətdən, hakimiyyətdən, hüquq-mühafizə orqanlarından xahiş edirəm, onu artıq azadlığa buraxsınlar. İki il artıq kifayətdir... Əgər onu sındırmaq istəyirdilərsə, bilsinlər ki, nəinki onun özünü, hətta anasını, atasını da sındırdılar. Haqq-ədalət naminə onun artıq azadlığa buraxılmasını xahiş edirəm".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Oğlunun əfv fərmanı ilə azadlığa buraxılmasından ötrü müraciət etdiyini, üstəlik, martın 4-də prezidentə və xanımına yenidən teleqram vurduğunu deyən Rəfiqə İsayevanın sözlərinə görə, hələlik heç bir cavab yoxdur.

“QAN TƏZYİQİ AŞAĞIDIR”

Rəfiqə İsayeva həmçinin jurnalistlərə minnətdarlıq edib: "Ən əsas sözüm mediaya, Azərbaycan jurnalistlərinədir. Fəxr edirəm ki, arxamda dayanan yeganə qüvvə jurnalistlər oldu. Mən onlara həm də təşəkkür edirəm".

Anası Rauf Mirqədirovun səhhətindəki problemlərdən də danışıb: "Sonuncu dəfə onunla fevralın 25-də görüşmüşəm. Yenə başında ağrıları var, spazmaları olur, qan təzyizi aşağıdır. Bunların müalicəsi üçün mütəmadi dərmanlar alıb göndərirəm".

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Buna da bax:

Həbsdə olan jurnalist Rauf Mirqədirov atasının dəfn mərasiminə gətirilib
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG