Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

"Neft kəndi"nin sakinləri: "Biz xeyrini görmədik"


Ramana
Ramana

►"O vaxt da kasıb idik, dünənə qədər – neftin qiyməti 100 dollar olanda da, indi – neft ucuzlaşanda da."

Neft mədənləri arasında yerləşən Ramana kəndi tarixən Bakının neft sənayesi mərkəzlərindən sayılıb. Kəndə aparan yollardan neft buruqları görünür. Burada havadan da neft iyi gəlir.

“Bəlkə də başqa ölkədə neft çıxaran belə bir kənd, onun sakinləri firavan yaşayır. Ancaq bunu bizə aid eləmək olmaz. Həmişə atamı, babamı səhərin gözü açılmamış mədənə tələsən görmüşəm. Atam işdən o qədər yorğun gəlirdi ki, bizimlə kəlmə kəsməyə həvəsi qalmırdı. Tez yeməyini yeyib yatırdı. Səhər yenə mədənə tələsirdi. Ancaq o vaxt da kasıb idik, dünənə qədər – neftin qiyməti 100 dollar olanda da, indi – neft ucuzlaşanda da. Yəni, biz bu neftin firavanlığını görmədik, əksinə, həmişə kasıbçılıq, zillət içində olduq. Deyəsən, biz sadə camaata düşən neftin elə qara rəngi oldu”.

Bomboz mədənlərə sarı baxıb danışan kənd sakini Rafiq belə deyir.

“Biz kimik ki, neftin xeyrini görək...”

Kəndin çala-çuxur yolları, kasıb məhəllələri, günün günorta çağı məhəllədə, qapı ağzında dayanıb söhbət eləyən yaşlılar, cavanlar... Bakı kəndlərinin çoxuna məxsus bu görüntülər Ramanaya da “doğmadır”.

“Neftin bu kəndə heç bir faydası olmayıb. Nə bahalaşanda, nə də qiyməti düşəndə. Hamı işsizdir. Camaat nə tapdı, onunla dolanır. Hambalçılıqla, başqa işlərlə... Baxın bu yollara. Bərbad gündədir. Həmişə belə olub, onda da, indi də”.

Kənd sakini Rufiz Mirağayev başını bulayıb əlavə edir: “Qara qızılın xeyrini yuxarıdakılar görüb, biz kimik ki...”

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Palçıqlı yollar, odunla qızdırılan evlər

Əsrin əvvəllərində neft milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpaqlarına kapital qoyubmuş. Milyonçuya aid fəhlə yataqxanaları indi də qalır. Kənd camaatı buraya indi də “Əsədullayevin evləri” deyir. Milyonçunun “evi”nin qarşısı da palçıqlıdır.

“Elə bu yollardan aydın görünür. Kim düzəltməlidir, niyə düzəltmirlər, bir deyən yoxdur,” sakinlər gileylənirlər.

Yağmasa da, kənd yollarının bir hissəsi palçıqlıdır. Kənddə abad evlər var, amma çoxu kasıb görkəmdədir. Bəzi evlərin bacasından tüstü çıxır. Adını çəkmək istəməyən, kəndin mərkəzindəki ağaclıqdan odun yığan kənd sakini deyir, o və onun kimilərin qaz pulunu ödəməyə imkanı yoxdur. Ona görə evlərini odunla qızdırırlar:

“Yandırdığımız ağac-uğacdır. İşığın pulunu zorla ödəyirəm. Qaza gücüm çatmır. Ancaq belə getsə, deyəsən, işığı da kəsib “nöyüt” lampası yandıracağam. Bu da neftin bizə xeyri, daha nə istəyirik ki?” kinayəylə gülür.

İşıq-qaz var, bəs pulunu ödəməyə iş?

Kənd sakinləri danışır ki, işıq-qaz problemləri olmasa da, işlətdikləri işığın-qazın pulunu ödəməyə imkanları, işləri yoxdur:

“Neftin ramanalılara heç bir xeyri dəymir. Həmişə zəhərini udmuşuq. Bizə kompensasiya verməlidirlər. Kompensasiya verməkdənsə, heç işə də götürmürlər”.

İşsizlikdən ən çox əziyyət çəkən gənclərdir. Məktəbi bitirənin də, ordudan qayıdanın da bir dərdi var – işsizlik.

– Mən nə qədər iş axtarmışam, tapmıram. Yalandan deyirlər ki, “məşğulluq mərkəzləri iş verir”. Getmişdim, 120 manat maaş verirdi. Onu ancaq yol puluna vermək olar.

– Camaat işləyib yorular, biz işsizlikdən yoruluruq.

– Camaat hamısı işsizdir.

– Yazırlar ki, guya iş yeri açırlar, ancaq kağızın üstündə olur o iş yerləri.

“Az qal, həftəyə bir nisyə dəftəri dolur”.

Bunu isə kənddəki kiçik mağazalardan birinin satıcısı deyir:

“Ət, meyvə, tərəvəz qalsın bir yana. Adamların aldıqları nədir – çörək, kartof, soğan. Bunu da nisyə yazdırırlar”.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

“Əksinə, vəziyyət indi daha yaxşıdır”

Sabunçu rayonunun Ramana qəsəbəsi üzrə icra nümayəndəsi Şamil Alıyev isə bildirir ki, nəinki neft baha olanda, əksinə, kəndin sosial-iqtisadi durumu indi daha yaxşıdır. İcra nümayəndəsi işsizlik probleminin də böyük olmadığını söyləyir:

“Əksinə, sosial infrastruktur, yollarımız indi yaxşıdır. Bir az xarab yolumuz var. Bu ayın ortasına onun da əsaslı təmiri nəzərdə tutulub. İşsizlik də bizdə nə əvvəl çox olmayıb, nə də indi. Əksinə, bu yaxınlarda 200 nəfərə yaxın adamı neft sənayesində işə götürüblər”.

İşsizliyin bir göstəricisi – dayanacaq və kənd avtobusu

Ramanada kənd camaatnın razı olduğu iki şeydən biri şəhərə işləyən kənd avtobuslarıdır. 204 saylı avtobus Ramanadan metronun Koroğlu stansiyasına 15-20 dəqiqədən bir işləyir. Kəndin mərkəzində yerləşən avtobus dayanacağı adamla dolu olsa da, avtobusdan düşən, yaxud avtobusla əyləşib gedən azdır.

“Avtobusumuz yaxşı işləyir. Ancaq görürsüz, dayanacaqdakı bu qədər adamdan bir-ikisi avtobusa minib harasa gedir, elə düşən də azdır. İşsizlik elə bu avtobusdan görünür, dayanacaqdakıların çoxu işsizlərdir”, deyən kənd ağsaqqalı əlini yellədir.

Buna da bax...

Bakıda avtobus qəzalarının səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

XS
SM
MD
LG