Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Quru sərhədlər açılsa: 'Ölkəyə 100 minlərlə qaçqın axını...". 'İndiyədək bu 100 min niyə gəlməyib?'


Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?

Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib.

Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.

Əslində bu ilin aprelində bu məsələyə toxunun prezident İlham Əliyev də oxşar fikirlər dilə gətirmişdi. "Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb", - prezident demişdi.

Azərbaycanda quru sərhədlərdə gediş-gəliş 2020-ci ilin martından məhdudlaşdırılıb.

Zahid Oruc
Zahid Oruc

"500 kilometr məsafədə savaş varsa..."

Milli Məclisin deputatı Zahid Oruc "Turan"a parlamentdəki çıxışını şərh edərkən bildirib ki, dünyanın hər yerində dövlət büdcəsi müzakirələri zamanı müxtəlif ssenarilər nəzərdən keçirilir: "Kritik situasiyaların hər biri düşünülür, hökumət tərəfindən ona adekvat tənzimləyici addımlar nəzərə alınır".

Z.Oruc qeyd edib ki, hazırda beynəlxalq iqtisadi, siyasi şərait, təhlükəsizlik durumu günbəgün dəyişir. Onun fikrincə, Qərb ölkələrinin noyabrın 19-dan ATACMS, "Storm Shadow" raketləri ilə Ukraynaya Rusiyanin dərinliklərindəki hədəfləri vurmağa icazə verməsi və onun ardınca Rusiyanın "Oreşnik" silahını işə salması artıq onu deməyə əsas verir ki, müharibə yeni fazaya keçib: "Yaxın Şərqdə də vəziyyət hələ mürəkkəbdir. Geosiyasi düstur var: əgər 500 kilometr məsafədə savaş varsa, bu o deməkdir ki, sənin iqtisadi, siyasi, ticarət əlaqələrin böyük dərəcədə təhlükəyə düşə bilər".

Deputatın sözlərinə görə, bu əsnada o, belə bir fikir irəli sürüb ki, daha təhlükəsiz ölkələrlə alternativ əlaqələri də gücləndirmək gərəkdir: "Lakin məsələnin başqa tərəfi də ondan ibarətdir ki, müharibənin miqyası və şiddəti artırsa, humanitar böhran dərinləşə bilər. Bu əsnada mən hökumətə yalnız neft qiymətləri yox, ərzaq təhlükəsizliyi məsələsini nəzərə almasını təklif etmişəm. Bildirmişəm ki, xalqımızla açıq danışmalıyıq, deməliyik ki, Rusiya-Ukrayna savaşı fonunda 100 minlərlə qeyri-azərbaycanlı qaçqın kütləsi daxil ola bilər".

Cəmil Həsənli
Cəmil Həsənli

"Onların öz vətənlərinə gəlmək haqqı yoxdur?"

Parlamentdə belə fikirlər səslənəndən sonra müxalif düşərgədən buna etirazlar gecikməyib. Məsələn, Milli Şuranin sədri Cəmil Həsənli sual edib: "Rusiya-Ukrayna müharibəsinin artıq üçüncü ili gedir, İran isə on illər boyudur sanksiyalar altında yaşayır. İndiyə qədər bu 100 minlərlə qaçqın niyə gəlməyib Azərbaycana? Əksinə, iş-çörək tapmaq üçün Rusiyaya gedən azərbaycanlıların sayı artıb. Digər tərəfdən, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Bunların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onların öz vətənlərinə gəlmək haqqı yoxdur?".

O, suallarına davam edib: "Bu bölgədə Rusiyadan qaçqın yalnız Azərbaycana gələ bilər? Niyə Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkiyə, Finlandiya, Çin bu yüz minlərlə qaçqın təhlükəsi altında öz sərhədlərini bağlamır, yalnız Azərbaycan bağlayır?.. Yaxşı deyək ki, Rusiyadan, İrandan qaçqın təhlükəsi var. Bəs Gürcüstanla, Türkiyə ilə quru sərhədləri niyə beş ilə yaxındır qapalı saxlayırsınız?".

C.Həsənli bu məsələ ilə bağlı rəsmilərin dilə gətirdiyi arqumentləri bəhanə sayır.

Natiq Cəfərli
Natiq Cəfərli

"Hər məsələdə aləti qadağalardır"

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli isə sərhədlərin bağlı qalması ilə bağlı öz təxminlərini dilə gətirib: "Quru sərhədlərin bağlı saxlanılmasının bircə səbəbi var – hökumət qeyri-qanuni və antikonstitusion yolla ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırır. Primitiv və inhisarlaşmış iqtisadi modeldə bu hökumət iqtisadi qaydalarla, məntiqlə, rəqabətlə davrana bilmir, hər məsələdə aləti qadağalardır".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Gerçək səbəblər bunun heç biri deyil"

Siyasi şərhçi Nəsimi Məmmədli də AzadlıqRadiosuna xatırladıb ki, hökumətin məsələ ilə bağlı iki rəsmi mövqeyi var: "Birincisi pandemiya, indi isə təhlükəsizlik, regionda olan müharibələrlə əlaqələndirilir. Belə görünür ki, gerçək səbəblər bunun heç biri deyil. Burada tamamilə başqa səbəblər var".

N.Məmmədli də bəzi ehtimallardan bəhs edir: "Bu ehtimallar ondan ibarətdir ki, azərbaycanlıların kompakt və xüsusilə qeydiyyatsız yaşadığı ölkələrdən biri Rusiyadır. Bu şəxslərin Azərbaycana dönüşü ilə bağlı problem, yəqin ki, nəzərdən keçirilir".

Onun fikrincə, burda sərhəd ticarəti də önəm daşıya bilər: "Azərbaycanın sərhəd bölgələrində yaşayan vətəndaşlar daha çox ticarətlə məşğul olurdu. Onların da sayı az deyildi. Görünür, hakimiyyət bunların qarşısını alır ki, ölkə vətəndaşlarının daha ucuz şəkildə xarici ölkələrə gedib ərzaq və məişət mallarının alması müəyyən qədər məhdudlaşdırılsın".

XS
SM
MD
LG