Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Qadınların çəkdiyi 100 film


Jane Campion
Jane Campion

BBC 368 kino eksperti arasında qadın rejissorların çəkdiyi filmlər haqda sorğu keçirib. Bu ekspertlərin arasında jurnalistlər, kino tənqidçiləri, kino proqramçıları və alimlər var. Bəyənilən filmlər arasında Jane Campion-un Oskara layiq görülmüş «Piano» (The Piano) filmi birinci yeri tutub. Siyahının bir qədər aşağısında mərhum Agnes Varda-nın «5-dən 7-yə Kleo» (Cléo from 5 to 7) dramı yer alıb. Siyahıda kult rejissor Chantal Akerman, ziddiyyətli fransız rejissoru Claire Denis, Britaniya işçi sinfinin qəhrəmanı Andrea Arnold və Hollivudun böyük simalarından Sofia Coppola və Kathryn Bigelow-nun filmləri də var.

Qadınların yaşantıları qadın rejissorların gözüylə

Burada söhbət kassa gəlirləri yüksək olan deyil, tənqidçilərin diqqətini cəlb edən filmlərdən gedir. Bu səbəbdən siyahıda «Möcüzə qadın» (Wonder Woman) (Patty Jenkins), «Alatoran» (Twilight) (Catherine Hardwicke) və «Qadınlar nə istəyir» (What Women Want) (Nancy Meyers) kimi filmlərin adı yoxdur.

Siyahıda «Qız gecə evə tək gedir» (A Girl Walks Home Alone At Night) (Ana Lily Amirpour) adlı İran filmini, Maren Aden-in sürreal «Toni Erdmann» əsərini görmək olar.

Siyahının ilk onluğunda fərqli, cəmiyyətdən təcrid olunan, ancaq insanlarla bağ qurmağa çalışan qadınlar, bəzən də kişilər haqda filmlər yer alıb. 100-lükdə isə yoxsul məhəllələrdə yaşayan uşaqlar (Salaam Bombay), qadın səyyar satıcı (Vagabond), gəzən cibgir (Desperately Seeking Susan) haqda filmlər də var. Bir neçə film qadınların ilk baxışdan tamamilə «normal» görünən həyatının, adətən, ekranda görmədiyimiz maraqlı məqamları haqdadır. Bunlardan ikisi - Agnes Varda-nın «5-dən 7-yə Kleo» və Chantal Akerman-ın «Janna Dilman» (Jeanne Dielman) filmləri real vaxtda çəkilib. Çox uzun olan «Janna Dilman» filmi adi evdar qadının həyatının detalları haqdadır. Filmin qəhrəmanı real vaxtda kartof soyur.

Qadın rejissorların çəkdiyi filmləri nümayiş etdirən Mia Bays deyir ki, qadınların yaşadıqları qadın rejissorlar tərəfindən çəkiləndə daha çox əks-səda doğurur. Bu baxımdan Andrea Arnold-un «Akvarium» (Fish Tank) «Amerika balı» (American Honey), Céline Sciamma-nın «Qızlıq» (Girlhood), Greta Gerwig-in «Ladi Börd» (Lady Bird), Debra Garnik-in «Qış sümüyü» (Winter Bone)«İz buraxma» (Leave No Trace) filmləri bu baxımdan diqqətəlayiqdir. Lynne Ramsay «Morvern Kallar» (Morvern Callar) filmində, Andrea Arnold-sa «Qırmızı yol» (Red Road) filmində işçi sinfindən olan qadınların yaşadıqları çətinlikləri göstərməyə çalışır.

«Qadın gözü»

İranlı Forough Farrokhzad-ın «Ev qaradır» (The House is Black) və afrikalı-amerikalı Ava DuVernay-in «Selma» (Selma, 13th) filmləri, uyğun olaraq, siyahının 24 və 26-cı sırasında yer alıb. Mira Nair-in daha komik «Musson toyu» (Monsoon Wedding) filmi isə 29-cu yerdədir.

Feminist kino nəzəriyyəçisi Laura Mulvey «kişi gözü» terminini ortaya qoyub. Bu məfhum hadisələrə kişi personaj və kişi rejissorun timsalında heteroseksual kişinin baxışını nəzərdə tutur. İndi isə «kişi gözü» termininə cavab olaraq «qadın gözü» (female gaze) ifadəsi meydana çıxıb.

Kathryn Bigelow ən yaxşı rejissor nominasiyasında Oskara layiq görülmüş «Ölümcül tələ» (The Hurth Locker) filminə görə ilk və, hələlik, yeganə qadın rejissordur. Onun bu filmi siyahının 7-ci yerində bərqərar olub. Rejissorun «Qırılma nöqtəsi» (Point Break) filmi (15-ci yer) kişilərin mental sağlamlığı, «Qaranlıq düşəndə» (Near Dark) filmi (41-ci yer) vampirlər, «Qəribə günlər» (Strange Days) (59-cu yer) filmi cinayətkarlar haqdadır.

Celine Sciamma-nın «Yanan qadın portreti» (Portrait of a Lady on Fire) filmi başqa bir qadının portretini çəkməli olan qadın rəssam haqdadır.

Jane Campion-un «Piano» filminin qəhrəmanı isə lal pianoçudur. Əvvəlcə onu bir kişiyə satırlar. Daha sonra o, öz musiqisi və seksuallığı ilə ətrafındakı kişilərə nəzarət etməyə başlayır. Film, eyni zamanda, ünsiyyət və çətinliklər haqdadır.

XS
SM
MD
LG