Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:39

Psixiatriya xəstəxanasının keçmiş baş həkimi ilə bağlı etiraf: 'Mən elə söz deməmişəm...'


İllüstrativ foto
İllüstrativ foto

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov 4 ay öncə vəzifəsindən azad edilmişdi. O avqustun 9-da məhkəmədə dindirilib. Rəsulov avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətlə bağlı cinayət işinə baxışda dindirilib.

İddia edilir ki…

Bu məhkəmədə bir müddətdir sözügedən xəstəxananın keçmiş şöbə müdiri, xəstələrdən rüşvət almaqda ittiham olunan Hüseyn Seyidovun işinə baxılır.

Cinayət işinin materiallarında iddia edilir ki, o, bəzən aldığı pulu baş həkim A. Rəsulovla da paylaşırmış. Bu üzdən, keçmiş baş həkim də məhkəməyə ifadə verib və Hüseyn Seyidov haqqında danışıb: “Yaxşı həkim idi. Ondan heç kimin narazılığı olmayıb. Xəstələrin özlərinin də, yaxınlarının da onunla münasibətləri yaxşı olub. Onunla kiminsə arasında problem olduğunu eşitməmişəm. Heç vaxt deyilməyib ki, “Hüseyn kimdənsə pul istədi, pul aldı...”. Yəni onunla bağlı heç vaxt problem olmayıb...”.

Keçmiş baş həkim qəfildən şöbə müdirinin rüşvət ittihamıyla həbs olunduğunu eşidəndə təəccübləndiyini də diqqətə çatdırıb. Digəl, istintaqa ifadəsində o, şöbə müdirinin xəstələrdən rüşvət aldığını söyləmişdi. “Hətta bir dəfə aldığı rüşvətdən 150 manat mənə də vermişdi...”, - keçmiş baş həkimin istintaqa ifadəsində belə yazılıb.

“İmza mənimdir, amma…”

Cinayət işinin materiallarında yer alan bu ifadə məhkəmədə açıqlanıb. A. Rəsulov yazılan fikirlərin heç bir aidiyyəti olmadığını deyib, amma ifadənin sonundakı imzanın özünün olduğunu təsdiqləyib:

“Mənə müstəntiq bir kağıza qol çəkdirdi. Mənə nə ifadə oxunub, nə də elə bir söz demişəm...”.

Keçmiş şöbə müdiri Hüseyn Seyidov da haqsız cəzalandırıldığını deyir. Onun sözlərinə görə, kimdənsə pul tələb etməyib.

İddia olunur ki, H. Seyidov bir sıra hallarda psixiatriya xəstəxanasında müalicə olunmadan tibbi sənədlərdən çıxarış almaq istəyənlərə rüşvətlə sənəd verib. Amma o bu barədə yazılanların böhtan olduğunu deyir.

Hüseyn Seyidov 2023-cü ilin fevralında həbs olunub. Onun ittiham olunduğu CM-in 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Ağahəsən Rəsulov 2023-cü ilin aprelində vəzifəsindən çıxarılıb. Bu, uşaq evindən şikayətçi olan yeniyetmənin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsiylə bağlı qalmaqaldan sonraya təsadüf edib. O zaman baş həkim olan A. Rəsulov mediaya müsahibəsində bildirmişdi ki, yeniyetmənin psixi problemi yoxdur və o internata qaytarılmalıdır.

Keçmiş baş həkimin işdən azad edilməsi onun bu açıqlamasıyla əlaqələndirilsə də, Səhiyyə Nazirliyindən bildirilmişdi ki, o, yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

XS
SM
MD
LG