Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Prezident: '...Təbii ki, bizim gəlirlərimiz azalır'


Prezident İlham Əliyev (sağda) və iqtisadiyyat naziri Mikayıl Cabbarov
Prezident İlham Əliyev (sağda) və iqtisadiyyat naziri Mikayıl Cabbarov

“...Bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər”.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, martın 31-də Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən söyləyib.

Prezident vurğulayıb ki, koronavirus pandemiyası bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub:

“Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır”.

Dövlət başçısı qeyd edib ki, yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artıb.Onun qeyd etməsinə görə, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artım olub:

“...İndi mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir. Adətən Dövlət Statistika Komitəsi birinci rübün başa çatmasından təqribən bir həftə sonra rəqəmləri təqdim edir. Ona görə biz bu rəqəmləri, əlbəttə ki, təhlil edəcəyik. Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək”.

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24, 134 milyard manat, xərcləri isə 26, 894 milyard manat təsdiqlənib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 38 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi açıqlamaya görə, Azərbaycanda indiyə kimi ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Son bir ayda dünyada neftin də qiyməti iki dəfədən çox azalıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

Son həftələr isə dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib.

XS
SM
MD
LG